Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi son təxribat və onun yaradacağı nəticələr dünyanın nüfuzlu mətbuat orqanlarında işıqlandırılır.
SİA Azərbaycanın ABŞ-dakı səfirliyinə istinadən bildirir ki, ABŞ-ın nüfuzlu "John Batchelor Show" radio proqramında səfir Elin Süleymanov və Corctaun Universitetinin professoru Brenda Şefferlə Azərbaycan-Ermənistan sərhədində yaranmış gərginliklə bağlı növbəti müsahibə baş tutub.
B.Şeffer bildirib ki, təxribatın baş verdiyi ərazi regionun əsas infrastruktur xətlərinin keçdiyi əraziyə olduqca yaxındır. Belə ki, buradan Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, regionun vacib dəmir yolu xətləri və yaxınlarda açılacaq Cənub Qaz Dəhlizi keçir.
Səfir E.Süleymanov Ermənistanın son hücumunun əsas məqsədinin münaqişənin miqyasını böyütmək və daha çox ölkəni cəlb etmək olduğunu bildirib. Ermənistan son təxribatı işğal olunmuş ərazilərdə və ya təmas xəttində deyil, Azərbaycan-Ermənistan sərhədində - iki dövlətin beynəlxalq tanınmış sərhədində törədir. Səfir Avropa və Asiyanı birləşdirən əsas infrastruktur xətlərinin buradan keçdiyini xatırladaraq, son gərginləşmənin regionun təhlükəsizliyinə böyük təhdid olduğunu qeyd edib. Gözlənilmədiyi anda əsas münaqişə zonasından kənarda törədilən bu təxribatda Ermənistanın məqsədi regionda vəziyyəti Azərbaycan üçün mümkün qədər qəlizləşdirmək və öz daxili problemlərindən erməni xalqının diqqətini yayındırmaq olub. Səfir münaqişənin kiçik görünsə də, regional və beynəlxalq sülhə və təhlükəsizliyə böyük təhdid olduğunu, Azərbaycanın 30 ilə yaxındır ki, bununla bağlı dünya ictimaiyyətinə müraciətlər etdiyini bildirib. Səfir, Ermənistan tərəfindən pozulan hazırkı status-kvonun davamlı olmadığını, münaqişənin tezliklə öz həllini tapmalı olduğunu qeyd edib.
C.Batçelor Azərbaycanın yeni təyin olunmuş Xarici İşlər naziri Ceyhun Bayramovun xarici siyasət planları ilə maraqlanıb. Öz növbəsində, E.Süleymanov daha öncə Təhsil naziri olmuş C.Bayramovun ölkənin təhsil sistemində müsbət dönüşə nail olduğunu və müəllimlər üçün olduqca şəffaf və açıq attestasiya sistemi yaratdığını diqqətə çatdırıb. Diplomatik sferada geniş islahatlar aparılması və xarici siyasətimizdə böyük göztəntilərin olduğunu vurğulayıb. C.Batçelor Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevi yaxından tanıdığını, onun Ermənistan nümayəndələri ilə hal-hazırda debatlar keçirməsi, xarici siyasət məsələləri ilə peşəkarcasına məşğul olması, Azərbaycan səsini layiqincə xaricə çatdırmasının canlı şahidi olduğunu bildirib və H.Hacıyevin sosial şəbəkələrdən paylaşımlarının maraqlı olduğunu deyərək, öz auditoriyasını onu izləməyə çağırıb. Aparıcı həm C.Bayramova, həm də H.Hacıyevə işlərində uğurlar arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB