“Ermənistan özünü daha çox terrorçu təşkilat kimi aparır” ÖZƏL-MÜNASİBƏT

Son döyüşlər bir daha onu göstərir ki, ordumuz düşmənə layiqli cavab verməyə də sərhədlərini qorumağa da qadirdir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Yusif Bağırzadə Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və Tovuz istiqamətində törətdiyi son təxribatları ilə əlaqədar yaranmış vəziyyəti şərh edərkən deyib.

Politoloq vurğulayıb ki, Ermənistan özünü daha çox terrorçu təşkilat kimi aparır. “Mülki əhalini ağır silahlardan atəşə tutmaq erməni vandalizminin ən aşkar və bariz nümunəsidir. Təəssüf ki, ağır döyüşlər zamanı ordumuzda da itkilər olmuşdur. General-mayor Polad Həşimov, onunla bərabər bir neçə zabit və əsgər şəhid olmuşlar. General Həşimovun döyüş əməliyyatları zamanı şəhid olması Azərbaycan generallarının əsgərlərlə birgə ön cəbhədə birbaşa döyüşlərdə vətəni qoruduqlarını göstərir. Allah hərbçilərimizə rəhmət eləsin. Şəhidlərimizin qanı yerdə qalmayıb və bundan sonra da yerdə qalmayacaq.
Döyüşlər zamanı düşmənin ağır hərbi texnikaları, istehkamları, müdafiə qurğuları ordumuz tərəfindən darmadağın edilmiş və qarşı tərəf 100 nəfərdən çox itki verərək geri çəkilməyə məcbur olmuşdur. Ermənistan tərəfi bilərəkdən artilleriya qurğularını mülki insanların yaşadığı kəndlərin yaxınlığına yerləşdirib ki, Azərbaycan ordusu cavab atəşi açdıqda bunu mülki obyektlərin hədəf götürülməsi kimi təqdim etsin. Lakin bütün bunlara baxmayaraq ordumuzun peşakarlığının nəticəsində həmin hərbi arteleriyaları da məhv etmək mümkün olmuşdu.
Bu günlər ərzində istər ayrı-ayrı mətbuat səhifələrində istərsə də sosial şəbəkələrdə ermənilərin hərbi hissələrdən və döyüş mövqelərdən necə qaçdıqlarını hər birimiz izləmişik. Tam məsuliyyəti ilə demək olar ki, Ermənistan ordusu ruh düşkünlüyü içərisindədir və elə bu səbəbdən də zabitlər və əsgərlər döyüşməkdən imtina edib, qaçmaq istəyirlər.

Erməistanda sosial-iqtisadi vəziyyətin ağırlığı, insanların inamsızlığı ən yüksək həddə çatıb. Elə dünən erməni vətəndaşının öz ölkəsindən qaçaraq Naxçıvandan sığınacaq istəməsi dediklərimi bir daha sübut edir”, deyə Yusif Bağırzadə bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə