AXP sədi Pənah Hüseyn: “Ölkə Prezidentinin və Ali Baş Komandanın yanında olmağa hazırıq” DƏSTƏK

"Allah şəhidlərimizə rəhmət eləsin, onların yaxınlarına, valideynlərinə, silahdaşlarına, əsgər yoldaşlarına, uca millətimizə baş sağlıqlarımı çatdırıram. Bu, açıq-aydın bir müharibədir və növbəti dəfə təcavüz qarşısındayıq. Həm düşmən olaraq Ermənistan, həm də onun arxasında duran güclər ölkəmizə, Vətənimizə, xalqımıza təcavüz edirlər. Ona görə də bir millət olaraq, siyasi mənsubiyyətindən, yaşından, cinsindən, dinindən, etiqadından asılı olmayaraq hamımız bir sırada dayanıb, canımızla-qanımızla Vətənimizi, torpağımızı qorumalıyıq". SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn təcavüzkar və işğalçı Ermənistanın Tovuz rayonu ərazisində törətdiyi silahlı təxribatını və Silahlı Qüvvələrimizin düşmənə layiqli cavab verməsini, eləcə də Ordumuza ümumxalq dəstəyi göstərməsini şərh edərkən deyib.

"Bu dönəmdə bütün siyasi, ictimai-siyasi, sosial fikir ayrılıqlarını bir tərəfə qoyub, düşmənin burnunu əzmək lazımdır", deyən Pənah Hüseyn bildirib ki, Azərbaycan Xalq Partiyasının sədri olaraq indiki məqamda dövlətin, hakimiyyətin yanında olmağa dair qərarımız var. İnşallah bu ağır məqamdan millətimiz üzüağ çıxacaqdır: "Artıq dözmək mümkün deyil. Bu baxımdan, ölkə Prezidentinin və Ali Baş Komandanın yanında olmağa hazırıq. Ona qarşı bu məsələdə kimlər qarşı çıxacaqsa, onlara da qarşı çıxmağa hazırıq. Bir partiya sədri olaraq mən bu fikirlərimi bəyan edirəm. Bütün siyasi məsələləri bir kənara qoyuruq və öncə Vətən, öncə Vətən və yenə də öncə Vətən deyirəm".

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə