“Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 51 illiyi”

YAP Yasamal rayon təşkilatı bu mövzuda vidiokonfrans keçirib

14 iyul tarixində YAP Yasamal rayon təşkilatının təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 51 illiyinə” həsr olunmuş videokonfrans keçirilib. Konfransı giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov ilk növbədə Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olmuş hərbçilərimizin əziz xatirəsini yad edib, erməni təcavüzkarlarının təxribatları barədə məlumat verib.

Daha sonra Ulu Öndər Heydər Əliyevin ölkəmiz üçün misilsiz xidmətlərindən danışan T.Əhmədov ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatının bütün sahələrində yeni inkişaf dövrünün başlandığını diqqətə çatdırıb.

YAP Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, müstəqil dövlət kimi formalaşan Azərbaycan Respublikasının və xalqımızın taleyi Heydər Əliyev kimi dahi şəxsiyyətin adı, onun müdrik dövlətçilik siyasəti ilə bağlı olmuşdur.

V.Rəhimzadə qeyd edib ki, sovet dönəmində Heydər Əliyev ölkəmizin gələcək müstəqilliyinin möhkəm iqtisadi əsaslarını yaratmaqla xalqımızı öz suverenliyi uğrunda mübarizəyə hazırlamağı bacarmış, dövlət müstəqilliyimizin itirilməsi və ölkəmizin parçalanması təhlükəsi yarandığı bir dövrdə xarici və daxili qüvvələrin məkrli cinayətkar hərəkətlərinin qarşısını almaqla sabitlik və əmin-amanlıq şəraiti yaratmış, daha sonra Azərbaycanın inkişaf etmiş bir ölkəyə çevirilməsini şərtləndirən misli görünməmiş quruculuq işləri həyata keçirmişdir.

Milli Məclisin deputatı Elnur Allahverdiyev qeyd edib ki, bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlişinin 51-ci ildönümüdür. Bu tarixdən etibarən Azərbaycan ittifaqın sadəcə olaraq bir subyekti satusunu dəf edərək sayılıb-seçilən respublikasına çevrilmişdi. Ölkəmizdə sürətli və genişmiqyaslı sənayeləşmə prosesinə start verildi. Azərbaycan tezliklə inkişaf etmiş kənd təsərrüfatı ilə SSRİ miqyasında yüksək nəticələr göstərməyə başladı. Zavod və fabriklərimizdə istehsal olunan məhsullar dünyanın 60-dan çox ölkəsinə ixrac olunurdu. Elnur Allahverdiyev azadlığımızın əldə olunmasından sonra müstəqil dövlət kimi fəaliyyətimiz üçün tələb olunan iqtisadi infrastruktur, elmi-intellektual və kadr potensialına məhz ötən əsrin 70 və 80-ci illərində nail olduğumuzu diqqətə çatdırıb.

YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Əsmər Nəbiyeva bildirib ki, Ümummilli Lider zəngin həyatını Azərbaycan dövləti və xalqına həsr edib. İstər Sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Ulu Öndərin respublikaya rəhbərlik etdiyi zaman kəsiyi Azərbaycan tarixinə inkişaf mərhələsi kimi daxil olduğu qeyd edilib. Ə.Nəbiyeva, eyni zamanda Azərbaycanın yüksəlişi yolunda böyük tarixi xidmətlər göstərən, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr verən Heydər Əliyevin Vətənə sədaqətindən, xalqa fədakarlıqla xidmət nümunələrindən söz açıb.

YAP Yasamal rayon təşkilatının şura üzvü Rəşadət Xalıqov qeyd edib ki, Heydər Əliyev siyasi hakimiyyətə gəldikdən sonra ölkəmizdə bütün sahələrdə müsbət dəyişikliklər baş vermişdi. O, Heydər Əliyevin gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların yüksək ixtisaslı kadrlar olması üçün atdığı mühüm addımlardan söz açıb. Həmçinin bu gün ölkəmizdə hər bir sahədə-hərbi, təhsil, siyasi, iqtisadi və digər bütün sahələrdə təmsil olunan gənclərin, onların qazandığı uğurların, nailiyyətlərin hamısı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib.

“Zoom” platforması üzərindən təşkil olunmuş tədbiri 150-dən çox iştirakçı dinləyib.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...