Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Gəncə Regional Mərkəzinin əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında olmuş, burada saxlanılan Gəncə şəhər sakinləri Azər Arif oğlu Cəbiyev və Fəxri Həsən oğlu İlyasovla görüşüblər.
Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, həmin şəxslər istintaq təcridxanasında saxlanma şəraitindən və müəssisə əməkdaşlarının onlara qarşı rəftarından şikayət etməyiblər.
Təkbətək söhbət zamanı onlar barələrində açılmış cinayət işinə məhkəmədə ədalətlə baxılmadığını, vəkilləri tərəfindən verilmiş vəsatətlərin təmin edilmədiyini bildiriblər. A.Cəbiyev 26 aprel 2011-ci il tarixdən, F.İlyasov isə 28 aprel 2011-ci il tarixdən buna etiraz əlaməti olaraq aclıq aksiyasına başladıqlarını, işlərinə obyektiv baxılana qədər aclığı davam etdirəcəklərini söyləyiblər.
Ombudsmanın nümayəndələri hər iki şəxsə aclıq aksiyasını dayandırmağı tövsiyə etmiş, təqsirləndirilən şəxslərin hüquqları, eyni zamanda işlərinin məhkəmə icraatında olması ilə bağlı Müvəkkilin səlahiyyətləri barədə onlara ətraflı məlumat veriblər.
Gəncə Regional Mərkəzinin əməkdaşları aclıq aksiyası keçirən həmin şəxslərin səhhətinin mütəmadi olaraq nəzarətdə saxlanmasını istintaq təcridxanasının rəhbərliyinə tövsiyə ediblər.
Qeyd olunmalıdır ki, bundan əvvəl həmin şəxslərin vəkili Elçin Namazovun Ombudsmana ünvanladığı müraciət araşdırılması üçün Baş Prokurorluğa göndərilmiş və alınmış cavab vəkilə bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB