Videokonfrans partiyalararası əlaqələrin qurulmasına yeni imkanlar yaradacaq RƏY-ÖZƏL

Tahir Kərimli: “Partiyaların yeni konfiqurasiyası şəraitində əməkdaşlıq münasibətlərinin genişləndirilməsi çox mühümdür”

Məlum oldu kimi, iyulun 7-də Milli Məclisdə təmsil olunan siyasi partiyaların sədrləri və nümayəndələrinin iştirakı ilə videokonfrans formatında görüş keçirildi. “Azərbaycanda yeni siyasi konfiqurasiya: Pandemiya dövrü və yeni çağırışlar” mövzusunda keçirilən görüşdə çıxış edən Milli Məclisin Sədri Sahibə Qafarova Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən siyasi islahatların gətirdiyi şərtlərin bütövlükdə ölkədə yeni dialoq və əməkdaşlıq mühiti yaratdığını, bu mühitin başlıca komponentlərinin isə dövlət başçısının VI çağırış Milli Məclisin ilk iclasındakı nitqində aydın şəkildə göstərildiyini diqqətə çatdırıb.

Görüşdə Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev çıxış edərək pandemiya dövründə ölkədəki siyasi partiyaların mütləq əksəriyyətinin dövlət başçısının siyasətini yaxından dəstəklədiyini, Azərbaycanda iqtidar ilə müxalifət arasında milli maraqlar naminə indiyədək müşahidə edilməyən yaxınlaşmanın və ölkənin siyasi mühitində sağlam əməkdaşlıq şəraitinin meydana gəldiyini vurğulayıb. Ə.Vəliyev siyasi partiyaları dövlətçiliyin möhkəmləndirilməsi üçün birgə əməkdaşlıqda səylərini artırmağa çağırıb.

Videokonfrans formatında keçirilən görüşdə müzakirə olunan məsələlərdən danışan Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimli “Səs” qəzetinə açıqlamasında bildirdi ki, Milli Məclisdə təmsil olunan siyasi partiya sədrləri ilə Milli Məclis sədrinin və Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevin iştirakı ilə Milli Məclisdə onlayn qaydasında siyasi partiyaların müşavirəsinin keçirilməsi müsbət haldır: “Əvvəla hər kəs çıxış etdi və öz fikirlərini bildirdi. Bu çıxışlar əlbəttə ki, ümmumilli mənafelərə toxunurdu və ikincisi, pandemiya şəraitində qarşılıqlı münasibətləri, vəzifələri müəyyən edirdi. Təsadüfü deyildi ki, müşavirənin sonunda yekdilliklə qətnamə qəbul etdik və bu qətnamədə biz Azərbaycan dövlətinin başçısının siyasətini və pandemiyaya qarşı mübarizədə Azərbaycan hökumətinin gördüyü tədbirləri təqdir etdik. Birmənalı şəkildə, Azərbaycan Prezidentinin xarici və daxili siyasətini müdafiə etdik, qərara gəldik ki, iqtidar-müxalifət görüşləri davamlı olsun. Bu dialoq şəraitində müzakirələr davam etdirilsin və digər partiyaların da əlbəttə ki, yəqin ki, görüşləri olacaq. Biz burada pandemiya şəraitində qarşıda duran vəzifələri müəyyən etdik, siyasi partiyalar, QHT-lərin, fondların fəaliyyətinə toxunduq”.

T. Kərimli onu da bildirdi ki, görüş zamanı müzakirələrdə Milli Məclisin işinin daha effektiv qurulması üçün öz təkliflərimizi irəli sürdük: “Azərbaycan cəmiyyətinə olan mesajlarımızı bir daha dilə gətirib çox yaxşı müzakirələr və fikir mübadiləsi apardıq. Hesab edirəm ki, partiyaların yeni konfiqurasiyası şəraitində əməkdaşlıq münasibətlərinin genişləndirilməsi çox mühümdür. Siz bilirsiniz ki, artıq Milli Məclisdə müxalifət partiyaları, Milli Məclis sədrinin müavini, komitə sədri və komitə sədrinin müavinləri səviyyəsində təmsil olunurlar. Bu Azərbaycan iqtidarının müxalifətə verdiyi dəyərdir və demək olar ki, Azərbaycan Prezidentinin başladığı islahatlar sisteminə böyük bir töhfədir. Çünki Cənab Prezident təkcə iqtisadi sahədə deyil, eyni zamanda, siyasi sahədə də islahatlar aparır. İslahatlar qanunvericilik, məhkəmə, icra hakimiyyəti və digər sahələri əhatə edir. Hesab edirəm ki, görüş çox faydalı oldu və qarşılıqlı hörmət şəraitində keçdi”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...