"Azərbaycan jurnalistlərinə ikiqat bayram sevinci yaşada bilərik” ÖZƏL-MÜNASİBƏT

“Dünyanın hər yerində yaradıcı adamlar, o cümlədən jurnalistlər həssas təbəqə sayılırlar. Buna görə də jurnalistlər üçün ən müxtəlif güzəştlər mövcuddur. Azərbaycanda da jurnalistlərə həmişə qayğı göstərilib”. Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Mətbuatın 145 illiyinin keçirilməsi barədə dünən imzaladığı sərəncamı yüksək qiymətləndirən jurnalist bu sənədin bütövlükdə mətbuatın inkişafına töhfə verəcəyini bildirib: “Hesab edirəm ki, Azərbaycan Milli Mətbuatının 145 illiyinin dövlət səviyyəsində qeyd olunması bütövülkdə mətbuatın inkişafına töhfə verərək, yeni perspektivlər açacaq”.

JAM sədri deyib ki, sözügedən sərəncamda jurnalistlərin mükafatlandırılması ilə bağlı mühüm bir bənd var. Onun sözlərinə görə, milli mətbuatın inkişafında xidmətləri olan şəxslərin bayram ərəfəsində mükafatlandırılmasının şahidi olacağıq: “Ümid edirəm ki, jurnalist təşkilatlarının rəhbərləri, redaksiyalar ən layiqli namizədlərin mükafatlandırılması təşəbbüsü ilə çıxış edəcəklər. Təcrübəli, istedadlı və zəhmətkeş jurnalistlərin mükafatlandırılması gənc qələm sahibləri üçün vacib motivasiya rolunu oynayır. Ədalət prinsipi qorunanda, gənc jurnalistlər də sabaha daha ümidlə baxır, öz perspektivlərinə inanırlar. Biz ədalətli davranmaqla Azərbaycan jurnalistlərinə ikiqat bayram sevinci yaşada bilərik”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə