Eldəniz Quliyev “Milli Şura”ya alternativ yaradır?

Onun yanında qurumdan istefa verənlərin də toplaşması bunu təsdiq edir

“Milli Şura”dan istefa verərək, istefasını oradakı şəxslərin milli və əxlaqi dəyərlərə cavab verməmələri ilə əsaslandıran qurumun koordinasiya mərkəzinin keçmiş təmsilçisi Eldəniz Quliyev “Facebook” hesabında “Vətən – Dəyərlər Platforması” (“VDP”) adlı təşkilat yaratdığını bəyan edib.

“VDP” “Milli Şura”ya müharibə elan edir – dindarlar çoxluqdadır

SİA xəbər verir ki, “Platformanın” fəaliyyət göstərməyə hazırlaşdığını qeyd edən E.Quliyev “VDP”ya qoşulanların sayının artdığını da yazmaqla, çox yəqin ki, “Milli Şura”ya müəyyən eyhamını çatdırıb. Daha dəqiq desək, onunla birgə istefa verənlərin də “VDP”də olduqlarını bildirən E.Quliyev bir sıra müxalifətyönlü insanlarla yanaşı, dindarların da orada təmsil olunacaqlarını bildirib. Əgər xatırladarsaq ki, hazırda həbsdə olan “Müsəlman Birliyi Hərəkatı”nın sədri Taleh Bağırzadə və digərləri də “Milli Şura”dan istefa verib, onda məsələnin nə yerdə olduğunu anlamaq elə də çətin deyil. Məsələn, biz bir daha T.Bağırzadənin istefa bəyanatını xatırlada bilərik. “Bildirmək istəyirəm ki, “cinsi azlıqlar” dinimizdə birmənalı olaraq qəbul edilmir və İslam dəyərlərinə tamamilə ziddir. Lakin iclasdan yayılmış görüntülərdən sonra “Milli Şura”nın üzvləri, başda Cəmil Həsənli və Əli Kərimli olmaqla “cinsi azlıqların” müdafiəsinə qalxmış, onlarla həmrəylik nümayiş etdirərək müsəlman xalqımızın dini inancını təhqir etmişdir... İslam dini və mənəvi dəyərlərimizin təbliğatçıları, hörmətli ziyalımız Eldəniz Quliyev, din xadimlərimiz Rövşən Əhmədli, Hacı İlqar İbrahimoğlu və Məşədi Natiq Kərimov haqlı olaraq etiraz səsini ucaltmış və qurumda olanlar oradan istefa vermişlər.

Mən “Milli Şura” üzvü olaraq bir daha bildirirəm ki, dırnaqarası cinsi azlıqlar dinimizdə birmənalı olaraq qəbul edilmir və onların müdafiəsi birbaşa dinimizə və mənəvi dəyərlərimizə həqarətdir! “Milli Şura” üzvlərinin belə şəxsləri müdafiəsi şəxsim və “Müsəlman Birliyi Hərəkatı” tərəfindən qəbul edilməzdir. Mən də yaranmış rüsvayçı vəziyyəti bağışlanmaz hesab edərək “Milli Şura”nı tərk etdiyimi bəyan edirəm”.

“Milli Şura” hücuma keçib: “Yerindən qalxan beş-altı nəfər quhum əqrabasını və yerlilərini başına toplayıb bir partiya yaradır, göbələkdi?”

Göründüyü kimi, “VDP”nin yaradılmas prosesində əsasən, “Milli Şura”dan istefa verənlərin iştirakı, xüsusilə, inanclı şəxslərin E.Quiyevi dəstəkləməsi bu qurumun “Milli Şura”ya alternativliyinə şübhə yaratmır.

Lakin bu arada daha bir məqam da nəzərdən yayınmayıb. Məsələn, E.Quiyevin “Vətən – Dəyərlər Platforması” adlı qurum yaradacağını bəyan etməsinin ardınca, “Milli Şura” tərəfdarlarının bir qismi ona qarşı hücuma start veriblər. Hətta onu dəstəkləyənlərlə “Milli Şura” tərəfdarları arasında kəskin söz atışmaları da müşahidə olunub.

Misal üçün, Yamin Ahadov adlı istifadəçi yazıb ki, istefa verəndə adını düz qoymaq lazım idi: “Düz əyrini həmişə kəsib axı. Ağsaqqal və ziyalı bilirdim. Elə bu səbəbdəndir ki, heç kəsin, kimsəyə inamı qalmayıb. Yerindən qalxan beş-altı nəfər quhum əqrabasını və yerlilərini başına toplayıb bir partiya yaradır. Göbələkdi ?”

Eldəniz Quliyev: “Öz arşınınızla ölçmüsüzsə, - günah məndə deyil...”

Eldəniz Quliyevun bu ittihama cavabı maraqlı olub: “Mən istefa verəndə də, sonra da adını düzgün və dəqiq qoymuşam. Sadəcə, siz öz istədiyiniz kimi başa düşmüsünüzsə, öz arşınınızla ölçmüsüzsə, - günah məndə deyil... Göbələk məsələsində isə...bir qədər etikanı pozmusunuz...”.

Beləliklə, vəziyyətin nə dərəcədə kəskinləşəcəyini, xüsusilə, Əli Kərimli-Cəmil Həsənli cütlüyünün və koordinasiya mərkəzinin sonrakı addımlarını indidən proqnozlaşdırmaq olar. Daha dəqiq desək, baş verənləri “Milli Şura” - “VDP” qarşıdurmasının anonsu kimi də qiymətəndirmək olar...

Rövşən RƏSULOV

P.S. Söz atışmalarında daha bir maraqlı məqam, E.Quliyevi hədəfə alanların onun tərəfdarları tərəfindən qarşı tərəfi “bığına həna qoyanın dalınca” göndərilmələridir. Çox yəqin ki, burada “Milli Şura”nın sədri Cəmil Həsənli nəzərdə tutulub....

Bütün xəbərlər Facebook səhifəmizdə