Mübariz Mənsimov- Fətullah Gülənin “sağ əllərindən” biri DETALLAR

Mübariz Mənsimov- Fətullah Gülənin “sağ əllərindən” biri DETALLAR

O, FETÖ-PDY-nin aparıcı şəxslərindən biri kimi terrora dəstək göstərib, Türkiyədəki uğursuz dövlət çevrilişi cəhdində bulunub

Hər bir ölkənin müqəddəratı, xalqının, dövlətçilik maraqlarının qorunması faktoru ilk növbədə onun təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. O da əbəs deyil ki, müasir dövrümüzdə bir sıra ölkələr terrorlardan, müxtəlif silahlı təşkilatların terror küləyi əsdirmələrindən zaman-zaman əziyyətlər çəkiblər. Əgər bu gün Azərbaycan xalqı Ermənistanın işğalçılıq və təcavüzkar siyasətindən kifayət qədər zərər görübsə, doğma yurd-yuvalarından didərgin düşübsə, uşaqlar, qocalar, qadınlar erməni silahlılarının hədəflərinə tuş gəlibsə, qardaş Türkiyə dövləti və xalqı da PKK, PJK və s. kimi terrorçu təşkilatların xain hücumlarına məruz qalıb, dinc insanlar qanlı aksiyaların qurbanlarına çevriliblər.

Lakin bununla yanaşı, bir neçə il əvvəl Türkiyə dövlətinin daxilində məqsədli və planlı şəkildə xainlik edən, lakin türk xalqın, türk əsgərinin və zabitinin şücaəti nəticəsində daha bir terror qanadı – FETÖ və PDY-nin qarşısının alınması faktorunu da xatırlatmaq olar. Məhz həmin zamanlarda Azərbaycan dövləti dərhal terror şəbəkəsinin dövlət çevrilişi cəhdini pisləməklə yanaşı, həm də qardaş dövlətin yanında olduğunu dəstəyi ilə ifadə və bəyan etdi. Terrorbaşı - hazırda ABŞ-da, Pensilvaniyada gizlənən Fətullah Gülənin dövlət və hərbi strukturları daxilinə yerləşdirdiyi xəyanətkar-satqın qrupların arzuları reallaşmamış qaldı. Beləliklə, xalq-hakimiyyət birliyi iyrənc planın qarşısını almağa müvəffəq oldu. Kifayət qədər FETÖ üzvəri həbs olundu, layiqli cəzalarını aldı. Bu gün də silahlı qrupun bir sıra üzvləri həm beynəlxalq axtarışa verilib, eyni zamanda müəyyən olunaraq qanun qarşısına çıxarılmaqdadırar.

Etimada xəyanət bağışlanmır və ya “Jammer” siqnalkəsici alət Mübariz Mənsimovun nəyinə lazım idi?

Belələrinin içində azərbaycanlı iş adamı və biznesmen kimi tanınan Mübariz Mənsimovun da yer alması istər-istəməz hiddət və acı təəssüf hissi doğurmaqdadır. Çünki onun da FETÖ-çülər arasında aparıcı fiqurlardan biri kimi ifşa olunması Türkiyə dövlətinin bir iş adamı olaraq ona edilmiş etimada xəyanət edilmiş kimi göstərilə bilər. Etimada xəyanət isə əlbəttə ki, bağışlanılmır, xüsusilə türkçülük, dövlətçilik düşüncəsində olanlar tərəfindən ələlxüsus!

SİA xəbər verir ki, artıq qardaş Türkiyə mediasından da bildiyimiz kimi, M.Mənsimov FETÖ-nün ən yüksək idarəçiləri ilə sıx təmaslarda olub və onun saxlanılaraq istintaqa cəlb edilməsi, haqqında araşdırmaların aparılması, üzə çıxan sübutlar da qeyd edilənləri kifayət qədər təsdiq etməkdədir. Misal üçün o, FETÖ-nün aparıcı üzvləri - Akın İpek, Suat Yıldırım, Sülyman Uysal kimi terrorçularla dəfələrlə telefon danışıqları aparıb, hətta təşkilatın Rusiya imamı (rəhbəri) Ahmet Hamdi Vuralla da iş yerində görüşdüyü təsbit edilib. Məlum olub ki, Mənsimov bu adamla keçirdiyi görüşündə tədbir məqsədli olaraq, müxtəlif dinləyici siqnalları kəsən “Jammer” adı alətdən də istifadə edib. Yəni o aparılan danışıqların ətrafa çıxmaması üçün əvvəlcədən tədbir planlayıb. Bu amil isə əlbəttə ki, məhkəmə tərəfindən diqqətdə saxlanılıb, bir sıra suallar yaranıb.

Bu arada onu da qeyd edək ki, İstanbuldakı Respublika Baş Prokurorluğunun apardığı FETÖ istintaqı çərçivəsində Palmali Group-un təsisçisi M.Mənsimov saxlanılıb, qanun aliliyini təmin edən qurum onun terror təşkilatına üzv olduğunu isbatlayıb və o həbs edilib.

İddianamədə həyata keçirilən aksiyalar bir-bir sadalanıb

Artıq Mənsimovla bağlı istintaq başa çatdırılıb. Şübhəli iş adamı haqqında İstanbul Respublika Baş Prokurorluğu Terror və Təşkilati Cinayətlər İstintaq Bürosuna 26 səhifəlik bir iddianamə də göndərilib. Bu iddianamə isə 3 hissəlidir. M.Mənsimovun aksiyalarının bir-bir anladıldığı iddianamədə onu tanıyanların da ifadələri qeydə alınıb.

İdidanamədə Mənsimovun 17-25 dekabr tarixləri arasında FETÖ və PDY silahlı terror təşkilatı ilə olan sıx təmaslarının həmin tarixlərdən sonrakı dövrlərdə də davam etməsi, təşkilatın bir çox sahələrindəki aparıcı şəxsləri ilə 2016-cı ilə qədər əlaqələr saxlaması qeydə alınıb. Belə ki, təşkilatın xarici əlaqələr üzrə cavabdeh şəxsi Ahmed Hami Vural ilə gizli görüşlərinin olduğunu sübut edən faktlar da bu sıradandır.

Fətullah Gülən muzeyi ?!

FETÖ-nün başçısı Fətullah Gülən ilə üz-üzə görüşərək, hətta ona aid əşyalarından muzey də düzəldən M.Mənsimovun bu faktlar qarşılığında terror təşkilatına üzvlünə əslində heç bir şübhə də qalmır. Daha dəqiq desək, Mənsimov təşkilatla iş birliyi çərçivəsində yüksək nüfuza malik olub. Çünki o şəxsinə aid maddi vəsaitləri ilə istər xarici ölkələrdə, istərsə də Türkiyədə məktəb və dərnəklər açıb, maliyyə donorluğu edib. Bunlarla yanaşı, M.Mənsimov FETÖ-nin idarəçiliyinin davamlı olması üçün bir sıra digər aksiyaların təşkilatçılığını edib.

Mənsimovun FETÖ-nün təlimatları üzrə fəaliyyəti və davranışı faktları

Sözügedən iddianamədə M.Mənsomovun FETÖ-nün təlimatları üzə fəaliyyət göstərməsi, həmçinin FETÖ və PDY təşkilatının mənsubları ilə bənzər şəkildə müdafiədən imtina etməsi hərəkətləri də diqqətdən yayınmayıb. Yəni bu kimi addımlar daha əvvəlcədən planlaşdırılmış şəkildə hazırlanıb və təşkilatın necə deyərlər, prinsiplərindən hesab olunur.

Beləliklə, bütün bunlar rəsmi şəkildə qeydə alınıb və prokurorluq şübhəlinin (M.Mənsiovun) “Silahlı Terror Təşkilatına Üz Olma” ittihamı üzrə cəzalandırılmasını tələb edib. Onun qarşıdakı günlərdə İstanbul Ağır Cəza Məhkəməsində mühakimə olunacağı bildirilməkdədir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə