Sarukyan faktoru Paşinyan hakimiyyətini devirmək üzrədir ANALİTİK

Sarukyan faktoru Paşinyan hakimiyyətini devirmək üzrədir ANALİTİK

Arman Abovyan: “Bu siyasi repressiyadır”

“Çiçəklənən Ermənistan” partiyasının deputatları ölkə parlamentini boykot edirlər. SİA erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə siyasi təşkilatın parlament fraksiyasının üzvü Arman Abovyan deyib. Belə ki, onun sözlərinə görə, bu addım partiyanın rəhbəri Qagik Sarukyanın deputatlıq mandatının əlindən alınması, toxunulmazlığının aradan qaldırılması və həbsi ilə bağlı atılıb. Onlar bu hadisəni siyasi repressiya kimi qiymətləndiriblər.

Deputat əmin edib ki, artıq Avropa Şurasında Ermənistanda baş verən hadisələr diqqətlə izlənilir, xüsusilə Sarukyana qarşı siyasi təqiblər gündəmdədir.

Hüquq müdafiəçisi Averik İşxanyan: “Belə çıxır ki, hakimiyyət həbs edə bilər, nə istəsə edə bilər, ancaq sizin hiddətlənməyə hüququnuz yoxdur”

“İnsan hüquqları əhəmiyyətlidir, lakin beynəlxalq sənədlərdə fövqəladə hallar və müharibə zamanı onların məhdudlaşdırılması nəzərdə tutulub”. Bu barədə isə Ermənistanın Helsinki komitəsinin rəhbəri, hüquq müdafiəçisi Avetik İşxanyan “Politekonomiya” institunun təşkilatçılığı ilə keçirilmiş müzakirədə bildirib.
Erməni hüquq müdafiəçisinin sözlərinə görə, Ermənistanda maska gəzdirməkdən başqa bütün məhdudlaşmaları aradan qaldırıblar. Qalır ən əsası – dinc yığıncaqlara qoyulan məhdudlaşdırma: “Bu hüquq ümumiyyətlə insan haqları baxımından ən əsasıdır. Lakin bizdə vəziyyət repressiyalara gedib-çıxıb. Belə çıxır ki, hakimiyyət həbs edə bilər, nə istəsə edə bilər, ancaq sizin hiddətlənməyə hüququnuz yoxdur”.

İşxanyan hesab edir ki, bir nəfərdən artıq insan olursa, bu yığıncaq hesab olunur, bir nəfər isə belə hesab edilə bilməz. “Bizdə isə müvafiq aksiyaları “qanunsuz yığıncaq” adlandırdılar və ona qarşı çıxdılar. Mənə ən azı 3 belə hal məlumdur. Parklardakı sevgililəri saxlayıb polisə aparırlar. Belə gedərsə, bizi də həbs edib-aparacaqlar”, deyən İşxanyan BMT komissarının azad toplaşmaq haqqındakı məruzəsini oxuyaraq, Ermənistanla paralellər aparıb: “Mənim görüşümcə, polis keçirilən mitinqlərə qarışırsa, vəziyyəti daha da gərginləşdirir, habelə koronavirusun da yayılmasına səbəb olur, polisin müdaxiləsi situasiyanı pisləşdirir”.

Hüquq müdafiəçisi eyni zamanda qeyd edib ki, xoşbəxtlikdən hakimiyyətin qanunsuz referendumun keçirilməsi planı baş tutmadı: “Əgər vaxtını dəyişməsəydilər, onu saxtalaşdıracaqdılar”.

İşxanyan hakimiyyətin əhaliyə karantin rejimində tətbiq edilən cərimələrin də çox yüksək olduğunu bildirib.

Dünəndən isə, hüquq-mühafizə orqanları “Çiçəklənən Ermənistan” partiyasının ərazilərdəki ofislərinə basqınlar edərək, axtarışlar aparmağa başlayıblar. Bu barədə “Hraparak” qəzeti yazır.

Qəzet öz mənbələrinə istinadən yazır ki, Sarukyana qarşı açılmış cinayət işi üçün istənilən detalların yığılması polisə tapşırılıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə