"Təhlükəsiz əmək-sağlam gələcəyin təminatıdır" adlı tədbir keçirilib

"Təhlükəsiz əmək-sağlam gələcəyin təminatıdır" adlı tədbir keçirilib
Bu gün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Əməyin mühafizəsi ilə bağlı tədbir keçirib. SİA-nın xəbərinə görə, 28 Aprel - Ümumdünya əməyin mühafizəsi gününə həsr olunan tədbir "Təhlükəsiz əmək-sağlam gələcəyin təminatıdır!" devizi altında baş tutub. İlk olaraq çıxışı zamanı Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Rauf Tağıyev tədbirin mahiyyəti haqqında iştirakçılara məlumat verib və bildirib ki, tədbirin mahiyyəti Azərbaycan Respublikasında işçilərin əmək hüquqlarının qorunması, onların təhlükəsiz şəraitdə daha yaxşı işləməsini təmin etməkdir. Bu gün ölkəmizdə bu sahədə müəyyən nöqsanların olduğunu deyən xidmət rəisi qeyd edib ki, məhz buna görə, Prezident İlham Əliyevin göstərişi əsasında bu sahəyə diqqət gün-gündən artır: "Buna görə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yaradılıb. Bu məqsədlə də biz ölkəmizə bəzi əcnəbi ekspertləri dəvət etmişik ki, bu sahədə Azərbaycana kömək etsinlər. Bu sahədə Azərbaycan Almaniya modelinə istinad etmək istəyir və bu işdə qonaqlarımız bizə yardımçı olacaqlar. Bu gün əməyin mühafizəsi sahəsində Azərbaycanda bəzi şirkətlər işlərinə səhlənkar yanaşırlar. Bu da təəssüf ki, bir çox hallarda ölüm və ya ömürlük şikəstliklə nəticələnir. Buna görə DƏMX-in nəzdində bu sahəylə bağlı şura yaradılacaq".

İstehsalatda baş vermiş bədbəxt hadisələrlə bağlı məlumat verən Rauf Tağıyev hadisələrin siyahısını təqdim edərək bunun qeydə alınanların sadəcə bir hissəsi olduğunu bildirib: "2007-ci ildə 259 istehsalat hadisəsi baş verib, 128 nəfər dünyasını dəyişib, 202 nəfər müxtəlif növ xəsarət alıb. 2008-ci ildə 255 hadisə baş verib, 72 nəfər dünyasını dəyişib, 212 nəfər müxtəlif xəsarət alıb. 2009-cu ildə isə 250 hadisə baş verib, 69 nəfər dünyasını dəyişib, 218 nəfər müxtəlif xəsarət alıb. 2010-cu ildə rəqəm bir qədər azalaraq 239 hadisə baş verib, 69 nəfər dünyasını dəyişib, 197 nəfər müxtəlif xəsarət alıb. 2011-in birinci rübündə 61 hadisə baş verib, 24 nəfər dünyasını dəyişib, 48 nəfər müxtəlif xəsarət alıb. Təəssüflə qeyd edim ki, biz bunların sadəcə az qismini bilirik. Bu rəqəmlər qeydə aldıqlarımız, ya da hadisə baş verəndən sonra həkimə müraciət edənlərin sayıdır".

Tədbir mövzu ətrafında fikir mübadilələri əsasında davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə