"AİB Azərbaycanın atdığı addımları tam şəkildə dəstəkləyir" MÖVQE-ÖZƏL

"Azərbaycanla Asiya İnkişaf Bankı arasında əməkdaşlıq 1999-cu ildən bəri dərinləşməkdədir. Ötən dövr ərzində bir sıra layihələr icra edilmiş, həmçinin birgə regional əməkdaşlıq genişlənib. Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısının 2015-ci ildə Bakıda uğurla keçirilməsi qarşılıqlı etimad və hörmət üzərində qurulmuş tərəfdaşlığımızın bariz nümunəsi olub". Bu fikirləri SİA-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, digər önəmli bir məqam ondan ibarətdir ki, Asiya İnkişaf Bankı etibarlı tərəfdaşı olaraq COVID-19 pandemiyasının yayıldığı və neftin qiymətinin kəskin aşağı düşdüyü bir vaxtda Azərbaycanın atdığı addımları tam şəkildə dəstəkləyir: "Hazırda Asiya İnkişaf Bankının Azərbaycana ayırdığı kredit və zəmanətlərin ümumi məbləği 3 milyard ABŞ dollarını ötür. Bu vəsait Azərbaycana infrastruktur sahələrinə investisiya yatırmağa kömək edib. Elektrik enerjisinin istehsalı, dəmir yolu tikintisi, yol tikintisi, su və kanalizasiya ilə bağlı çoxsaylı infrastruktur layihələrinin Asiya İnkişaf Bankı tərəfindən dəstəklənməsi ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir".

Politoloq qeyd edib ki, Asiya İnkişaf Bankı Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsinə maliyyə dəstəyi də göstərib: "Asiya İnkişaf Bankı bu layihəyə kredit verən ilk böyük beynəlxalq banklar arasında birinci olub. Cənub Qaz Dəhlizi çox vacib bir layihədir. Bildiyiniz kimi, Cənub Qaz Dəhlizi tamamlanmağa çox yaxındır, 3 layihə artıq tamamlanıb. Dördüncüsü - Trans-Adriatik boru kəməri 95 faizdən çox tamamlanıb. Asiya İnkişaf Bankı ilə Azərbaycan arasında perspektiv əməkdaşlıq imkanları da vardır. Buraya suvarma və təhsillə bağlı icra olunacaq bəzi layihələri aid edə bilərik. Digər tərəfdən, özəl sektor, infrastrukturun inkişafı, kiçik və orta müəssisələrə dəstək məsələləri də prioritet təşkil edir".

Videokonfrans zamanı Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakavanın COVİD-19 koronavirus pandemiyası ilə mübarizə və onun Azərbaycana təsiri ilə bağlı ölkəmizdə həyata keçirilən nəhəng islahat paketini yüksək qiymətləndirdiyini deyən İ. Hüseynov söyləyib ki, bu dövrdə Azərbaycanın beynəlxalq əməkdaşlıq platformalarında iştirakı və digər önəmli təşəbbüslər də videokonfrans zamanı vurğulanıb: "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Qoşulmama Hərəkatı çərçivəsində pandemiyaya qarşı səylərin əlaqələndirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsləri sayəsində mümkün olub. Bütün dünya üçün bu önəmli vaxtda liderlik göstərmək və çox mühüm əməkdaşlıq formatını yaratmaq mühüm nailiyyət kimi dəyərləndirilir. Qeyd edək ki, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına COVID-19-la mübarizə fonduna toplam 10 milyon ABŞ dolları, o cümlədən bu sahədə ehtiyacı olan Qoşulmama Hərəkatına üzv dövlətlərə 5 milyon ABŞ dolları həcmində ianə ayırması da təqdirəlayiq haldır. Həmçinin, pandemiyadan əziyyət çəkən 13 ölkəyə, o cümlədən Çin Xalq Respublikası, Pakistan, Qırğızıstan, Tacikistan və Özbəkistana da Azərbaycan tərəfindən yardım göstərilib".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə