"Şayiələrin qarşısının alınması üçün hər birimiz əlimizdən gələni etməliyik" ÖZƏL-MÜNASİBƏT

"Pandemiya ilə əlaqədar tətbiq olunan karantin rejiminin yumşaldılması fonunda istər sosial şəbəkələrdə, istərsə də ictimaiyyətdə koronavirus barədə şayiə xarakterli fikirlərin artması müşahidə olunur. Bu xəstəliyin təhlükəli olmasına, yoluxmaların, itkilərin rəsmi statistikasına şübhə ilə yana-şanlar bir yana, infeksiyanın mövcudluğunu inkar edənlərin sayı belə artmaqdadır. Hətta bəzi siyasət adamlarının şayiələrin qarşısının alınması məqsədilə sözügedən xəstəliyə yoluxmuş vətəndaşlarımızın kimliyinin, ünvanının açıqlanması təklifi əks effekt verərək, skeptiklətin sayını bir az da artıŕdı". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.

Onun sözlərinə görə, belə informasiyaların ictimailəşdirilməsi qeyri etikdir, insan hüquqlarına ziddir, bizim müvafiq qanunlarımızla da uzlaşmır: "İkincisi, belə çıxır ki, epidemiyanın 6 ay ərzində bəşəriyyətə vurduğu bu boyda ziyanlar bir zarafat, yaxud oyundur. İnamsız insanların verdiyi sual təxminən eynidir: "Axı mənim qohum-əqrəbamda, yaxın çevrəmdə virus tutan bir nəfər də yoxdur?". Onlara cavab sadə, çox sadədir. Dövlətimizin, rəhbərlərimizin böyük zəhməti və səyi nəticəsində Azərbaycanda vəziyyət tez bir zamanda nəzarətə götürüldü. Böyük itkilərdən xilas olduq. Əks təqdirdə, bu gün bəlkə də hər evdə, hər ailədə qorxulu infeksiyanın izlərini görərdik - bir çox Avropa ölkələrində, ABŞ-da, İranda olduğu kimi.

Düşünürəm ki, belə şayiələrin ayaq tutub yeriməsi heç də səbəbsiz deyil. Mən bunda düşmən, xüsusi ilə də erməni barmağının olduğunu istisna etmirəm. Bu antiazərbaycan qüvvələr çalışırlar ki, insanlar koronovirusun yalan olduğuna inansınlar, təmaslar, kütləvi tədbirlər bərpa olunsun və nəticədə yoluxmalar genişlənsin, genefondumuza, sağlamlığımıza, iqtisadiyyatımıza dəyən ziyanların miqyası çoxalsın.

Belə cəfəng söz - söhbətlərin yayılmasında qazanc dalınca qaçmağı hər cür dəyərlərdən, hətta, insan həyatı və sağlamlığından üstün tutan işbazların da rolu ola bilər. Pandemiya ilə mübarizəyə kölgə salan, qeyri - obyektiv mülahizələrin, şayiələrin qarşısının alınması üçün hər birimiz əlimizdən gələni etməliyik. Koronovirusun real təhlükə olduğunu hamı bilməli, öz şəxsi həyatı və toplum qarşısında məsuliyyətini dərk etməlidir. Çoxsaylı televiziya kanallarımız çal - çağır, ucuz şou əvəzinə insanların maariflənməsi, gerçək informasiyaların, məlumatların cəmiyyətə çatdırılması işində öz töhvəsini verməlidir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə