“İnsanlar dözümlü olmalı, özlərini qorumalıdırlar” ÖZƏL-MÜNASİBƏT

“İnsanlar dözümlü olmalı, özlərini qorumalıdırlar” ÖZƏL-MÜNASİBƏT

“Koronavirus elə bir xəstəlikdir ki, onun nə vaxt sovuşacağını, yox olacağını heç kim müəyyən edə bilmir. Ona görə də, bir çox xarici ölkələrdə olan mütəxəssislər də, elə bu sahə ilə məşğul olanlar da tərəddüd içərisindədirlər. Bəzilərində vaxt müəyyən qaydada uzadılıb, bəziləri hələ bir ay uzatmağı nəzərdə tuturlar və ona görə də onun vaxtını hələ dəqiq söyləmək mümkün deyil.” Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev deyib. Millət vəkili vurğulayıb ki, əgər rejim yüngülləşdirilirsə, bu o demək deyil ki, artıq tamamilə təhlükə sovuşub.

“Əslində, təhlükə var və biz bunu görürük. Çünki, bu gün də koronavirusa yoluxanların sayı məlumdur. Ola bilər ki, bunun ikinci dalğası olsun və bunu Ümumdünya Səhiyyə Təşkilatı, eləcə də dünyanın bir çox ölkələri də qeyd edirlər. Ona görə də, bu vəziyyətdən heç də arxayın olmaq olmaz. Biz arzu edək ki, bu tez bir vaxtda sovuşsun. Çünki, yeni dalğanın başlamasını heç kim istəməz və ölkəyə də külli miqdarda iqtisadi ziyan dəyir, insanların müəyyən psixoloji sarsıntıları da baş verir. Digər tərəfdən insanlar özləri də narahatdırlar. Çünki, onlar işləməlidirlər, onlar təmiz havada olmalıdırlar, onlar müəyyən münasibətlərdə olmalıdırlar və onların xeyri-şəri var. Ona görə də, əlbəttə ki, heç kəs bunun uzanmasını istəməz. Ancaq insanlar yenə də səbr, təmkin dözüm nümayiş etdirməlidirlər. Çünki, yenə də deyirəm heç kim proqnoz vermir ki, bu nə vaxt tam sovuşub gedə bilər. Ölkə rəhbəri mütəmadi, ardıcıl olaraq tədbirlər həyata keçirir. Lazım olan bütün məsələlər nəzarətdədir. Operativ Qərargah vaxtaşırı olaraq insanları məlumatlandırır. Ancaq, yenə qeyd edirəm, rejimin yüngülləşdirilməsi bizim üçün faydalıdır. Ona görə ki, artıq müəyyən qaydada hərəkətlərə, müəyyən sahələrin fəaliyyətinə başlanmasına göstəriş verilib. Ancaq, insanlar dözümlü olmalıdırlar, “evdə qal” prinsipinə əməl etməlidirlər, əvvəlki kimi lazım olan o vasitələrdən istifadə edərək özlərini bu xəstəlikdən qorumalıdırlar”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə