"Vətəndaşların sosial durumunun yaxşılaşması üçün bütün zəruri addımlar atılır" MÖVQE-ÖZƏL

"Vətəndaşların sosial durumunun yaxşılaşması üçün bütün zəruri addımlar atılır" MÖVQE-ÖZƏL

“Bütün dünyanı təhdid edən koronavirus pandemiyasına qarşı mübarizədə, onun sosial-iqtisadi sahəyə mənfi təsirinin qarşısının alınması istiqamətində Azərbaycan dövləti tərəfindən atılan zəruri addımlar dövlətin vətəndaşlarının sosial rifahının qorunması üçün ardıcıl və məqsədyönlü addımlar atmasının növbəti bariz təzahürüdür”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda pandemiyaya qarşı təxirəsalınmaz tədbirlərin görüldüyünü, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparıldığını deyən deputat söyləyib ki, dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında vətəndaşların məşğulluğu və sosial vəziyyətinin yaxşılaşdırılması üzrə mühüm istiqamətlərin yer alması buna bariz nümunədir.

Deputat söyləyib ki, Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb: “Bunların sırasında dövlət sektoru və qeyri-dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılmaması, haqqı ödənilən ictimai iş yerinin yaradılması vasitəsilə işsiz şəxslərin müvəqqəti məşğulluğunun təmin edilməsi, Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi və digər mühüm tədbirlər yer alıb. Elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah tədbirlərinə 600 milyon manat vəsait ayrılıb. Bununla yanaşı, Azərbaycan Prezidentinin qərarı ilə aprel-may aylarını əhatə edəcək birdəfəlik ödəmənin 600 min şəxsə şamil olunması nəzərdə tutulub”.

E. Səlimov qeyd edib ki, Azərbaycanda pandemiya dövründə həyata keçirilən dəstək tədbirləri dövlətin vətəndaşlarının sosial durumunun yaxşılaşması üçün bütün zəruri addımları atdığını göstərir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə