"Türk dövlətlərinin birliyə və əməkdaşlığa böyük ehtiyacı var" ÖZƏL-MÜNASİBƏT

"Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dünya ölkələri, eləcə də region ölkələri ilə müxtəlif formatlarda əlaqələrin gücləndirilməsi üçün səylə çalışır. Bu qurumlar arasında Türk Şurasının özünə məxsus yeri vardır. Çünki, bu əlaqələrin tarixi kökləri var, dostluq və qardaşlıq təməlləri üzərində qurulub". Bunu SİA-ya millət vəkili Ceyhun Məmmədov deyib.

Deputatın sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə koronavirus pandemiyası ilə mübarizə ilə əlaqədar Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsi türk respublikaları arasında qardaşlığın, birliyin, eyni zamanda, Azərbaycanın bu qurumda və bölgədə aktiv rolunun göstəricisidir: "Zirvə görüşünə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun qoşulması ölkəmiz və Prezident İlham Əliyev haqqında yüksək fikirlər söyləməsi çox qürurverici idi. Görüşdə Prezident İlham Əliyev əhatəli çıxış etdi və ölkəmizdə koronavirus pandemiyasına qarşı həyata keçirilən tədbirlər haqqında geniış məlumat verdi, ölkəmizin təcrübəsini bölüşdü. Bu gün dünyanın, eləcə də, türk respublikalarının pandemiyanın kəskin xarakter aldığı bir dövrdə birliyə, həmrəyliyə və əməkdaşlığa böyük ehtiyacı var. Azərbaycan bu məsələyə öz töhfəsini verməkdə davam edir. Bildiyiniz kimi, Azərbaycan virusla mübarizədə ilk adekvat və operativ qərar qəbul edən ölkələrdən biri oldu. Bu gün Azərbaycan bu sahədə bir çox dünya ölkələri üçün nümunədir. Zirvə görüşündə çıxış edən dövlət və hökumət başçılarının Azərbaycan Prezidentinin təşəbbüsünü və ölkəmizin təcrübəsini yüksək qiymətləndirməsi və hazırkı şəraitdə əməkdaşlığın genişləndirilməsi üçün bir sıra vacib təkliflər irəli sürməsi bu fikir bir daha təsdiqləyir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə