“Müxalifət destruktiv fəaliyyətini sifarişlə həyata keçirir” RƏY-ÖZƏL

"Əlbəttə, müxalifətin bütün destruktiv fəaliyyəti sifarişlə həyata keçirilir". Bunu SİA-ya açıqlamasında “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov deyib.

Onun sözlərinə görə, müxalifətə sifariş verənlər də Azərbaycan cəmiyyətinə yaxşı məlumdur: "Məsələ burasındadır ki, həmin anti-Azərbaycan qüvvələr ölkə rəhbərliyinin, indiki iqtidarın cəmiyyətdə nüfuzdan düşməsi, xalqın dəstəyindən məhrum olması üçün bütün vasitələrdən istifadə edir. Baxın, “COVİD-19” virusu ilə bağlı Azərbaycan hakimiyyəti vaxtında qabaqlayıcı tədbirlərə əl atır, nəticədə virusun tüğyan etdiyi İranla həmsərhəd olan Azərbaycanda bu günə kimi onun geniş yayılmasının qarşısı alınıb və yəqin ki, bundan sonra da alınacaq. Halbuki, Azərbaycan xalqının ən çox gediş-gəliş etdiyi ölkə məhz İran İslam Respublikasıdır. Amma özünü müxalifət adlandıran həmin siyasət dəllalları bu tədbirləri, hakimiyyətin gördüyü işləri gözdən salmaq üçün dəridən-qabıqdan çıxır. Müxtəlif sahələrdəki itkiləri qarşılamaq, eyni zamanda ehtiyaclı təbəqəyə maddi dəstək verilməsi üçün dövlət büdcəsindən milyardlarla manat vəsait ayrılır, Burda da çalışırlar əhalini başqa səmtə yönəltsinlər. Yəni, iqtidarın xalqın mənafeyi və dövlətin inkişafı naminə atdığı bütün addımlar həmin qüvvələr tərəfindən yanlış istiqamətdə izah edilir. Biz hər zaman bunun şahidi olmuşuq, təəssüf ki, dünyanın taunla savaşdığı indiki vaxtda da şahidi oluruq. Hesab edirəm ki, onlar bununla özləri haqqında elə mənfi imicin formalaşmasına şərait yaradırlar ki, post-koronovirus dövründə də xalq onlara nifrətini gizlətməyəcək. Çünki dost çətin məqamda sınanar deyiblər. Azərbaycan hakimiyyəti bu çətin sınaq dövründə həqiqətən xalqın dostu olduğunu bir daha əməli olaraq sübut etdi. Eyni zamanda da, insanlar özünü siyasi müxalifət kimi qələmə verməyə çalışan həmin qüvvələrin xalqa heç bir dəstək verməməsini, əksinə iyrənc çıxışları ilə xalqı çaşdırmaq cəhdlərinin şahidi oldu. Bu da gələcək illər üçün indiki hakimiyyətə inamı artırmış oldu".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə