Pandemiya Ermənistanda fəlakət həddindədir TƏHLIL

Rusiya xüsusi xidmət orqanları Çində olduğu kimi Ermənistana təhlükəli bir yoluxucu virus gətirsə bu ölkə nə edə bilər, deyə ermənilər narahat olmağa başlayıblar və yenə də günahkar axtarmağa çalışırlar. Bir sözlə, ermənilər özlərindən və illərlə ətəyindən yapışdığı böyük qardaşlarından da şübhələnməyə başlayıblar. Əslində, xəstəlik qarşısında aciz qalan və pandemiyanın bu ölkənin sonunu gətirəcəyini düşünən ermənilər hər zaman olduğu kimi yenə də günahkar axtarışındadırlar və bu dəfə düşdükləri acınacaqlı vəziyyətlə bağlı günahı Rusiyanın üstünə atmaq, yenə də hansısa yolla vəziyyətdən çıxmaq arzusunadırlar. Vəziyyət isə Ermənistanda onların düşündüklərindən də daha acınacaqlı və daha ağırdır.

Ermənistan Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin yaydığı məlumatlar ölkədə hökm sürən acınacaqlı vəziyyətin olması barədə nəticə çıxarmağa əsas verir. Çünki, hər gün durmadan və sürətlə artan yoluxma halları, bununla yanaşı xəstəliklərlə mübarizə üçün ən adi şəraitin belə olmaması özü belə bir nəticəyə gəlmək üçün yetərlidir. Üstəlik dərman preparatları sarıdan qıtlıq, qida çatışmazlığı, əhalinin alıcılıq qabiliyyətinin aşağı, yoxsulluq səviyyəsinin isə yuxarı olması da ölkə üçün çox böyük risk proqnozlaşdırır. Nəzərə almaq lazımdır ki, belə yoxsulluq vəziyyətində, aclıq şəraitində yaşayan insanların immun sistemindən, yəni onların orqanizmlərinin xəstəliklərlə mübarizəyə hazırlığından söhbət belə gedə bilməz və bu da öz növbəsində ən yaxın zamanda ermənilərin daha böyük itgilər verəcəyinə şübhə yeri belə qoymur.
Ermənistanda problemlər təkcə sadalananlarla bitmir. Bütün bu qeyd olunanlarla yanaşı bu ölkədə antisanitariya şəraitinin hökm sürdüyü də sirr deyil. Ayrı-ayrı bölgələr bir yana, bu ölkənin paytaxtında belə zibil tullantılarının nəhəng təpələrə çevrildiyi ölkə mətbuatında öz əksini tapır. Məişət tullantılarının, zibilin daşınmasında uzun zamandan bəri mövcud olan problemlərin, narazılıqların fonunda hər tərəf antisanitariya vəziyyətindədir. Bir sözlə, Ermənistan bütövlükdə virus, bakteriya yığınıdır və bu baxımdan burada insanların bir-birini yoluxdurmasına ehtiyac yoxdur, elə mövcud vəziyyət yoluxma mənbəyidir.
İndi erməniləri daha çox narahat edən odur ki, Ermənistanda karonavirus infeksiyası halları qonşu dövlətlərlə müqaisədə daha çox sayda qeydə alınır. Bu mənada, yəni narahat olmaqda onlar hardasa haqlıdırlar da. Hətta əhalisi onların əhalisindən üç dəfə çox olan Azərbaycanda virusa yoluxanların sayının daha az olması erməniləri daha çox qıcıqlandırır. Çünki, başa düşürlər ki, əgər onların əhalisinin sayı Azərbaycandakı qədər olsaydı indi koronavirus xəstəliyi barədə ortaya çıxan statistik göstərici təbii ki, ən azından üç dəfə artıq olacaqdı. Ermənistanın Gürcüstandan da geri qaldığı utancla qarşılanır və ermənilər açıq şəkildə etiraf edirlər ki, onlar koronavirus infeksiyasına yoluxma statistikasından və real riskdən başqa hər sahədə qonşularından geridə qalırlar.
Ermənistanın sözügedən xəstəliklə uzun müddət mübarizəyə hazır olmadığını ermənilər özləri hamıdan yaxşı başa düşürlər. Bilirlər ki, indi bu ölkədə hər şey çökür, iqtisadiyyat yox dərəcəsindədir, dram səssizcə devalvasiya edir, pul köçürmələri azalır, işsizlik artır. Ancaq daha dəhşətlisi odur ki, bütün bu səfalətlər xəstəliklə mübarizəyə birbaşa mənfi təsir edir. İndi bu ölkənin vətəndaşları başa düşürlər ki, yoxsulluq içərisində boğulan, əhalisini ərzaqla təmin edə bilməyən, Ermənistan bu qədər insanı xəstəxanalara qəbul etməyə hazır deyil.
Bəli, Ermənistanda yayılan bütün son hesabatlar göstərir ki, mövcud hökumət artan karonavirus infeksiyası ilə nə edəcəyini bilmir. Ölkədə həkimlər, xüsusən tibb bacıları, xəstəxanalarda yerlər, çarpayılar, havalandırıcılar, maskalar və həyati vacib olan heç nə yoxdur. Belə olan halda ölkəni nə gözlədiyini hər bir Ermənistan vətəndaşı, eləcə də hamı çox yaxşı başa düşür. Başa düşür ki, pandemiya Ermənistanın mövcudluğunun sonu ola bilər.
Əslində, koronavirus kimi belə bir xəstəliyin fonunda ermənilər bir tərəfdən də müharibə, hücuma məruz qalmaq qorxusu yaşayırlar. Düşünürlər ki, birdən Azərbaycan tərəfi hərbi əməliyyat, hücum barədə qərar verərsə nə olacaq? Üstəlik, qısamüddətli deyil, bu dəfə əksinə, Azərbaycan çox güclü hücuma keçsə ermənilərin, ümumilikdə Ermənistanın vəziyyəti necə olacaq?
Azərbaycanda da xəstəliyə yoluxma hallarının mövcudluğu fonunda ermənilər bilirlər ki, ölkəmizdə olan vəziyyət onlarla müqaisəyə gəlməzdir. Yəni, Ermənistan tərəfi çox yaxşı başa düşür ki, ölkəmizdə pandemiya ilə bağlı problemlər varsa da, bunun arxasında dayanmağa qüdrətimiz də var. Bəllidir ki, Azərbaycan hər zaman olduğu kimi indi daha artıq dərəcədə ermənilərlə də, virusla da mübarizə aparmaq əzmindədir. Həm də ermənilər yaxşı bilirlər ki, ölkəmiz yayılan bu koronavirusa da, dünya böhranına da əvvəlcədən hazırlıqlı olub. Ölkəmizin qızıl ehtiyatları, valyuta ehtiyatları, neft ehtiyatlarının varlığına əmin olan Ermənistanın qorxuya düşməsi heç də təsadüfi deyil və qarşımızda bir anda diz çökəcəklərini bildiklərinə görədir. Bu narahatlıq, bu qorxu ona görədir ki, Azərbaycanın eyni zamanda bu qədər təbii ehtiyatları, iqtisadi qüdrəti fonunda Ermənistan təbii qaza görə belə Rusiya qarşısında dilənçiyə çevrilib. Təbii qaz bu ölkədə problemə çevrilib və uzun müddətdir ki, Ermənistan tərəfi qazın qiymətlərinin tənzimlənməsi, eləcə də ölkənin qazla təminatı üçün Rusiyaya yalvarmaq məcburiyyətində qalıb. Bəlkə də elə buna görə onlar koronavirusla bağlı günahı Rusiyanın üstünə atmaq, rusları günahlandırmaq istəyirlər ki, əvəzində nə isə qopara bilsinlər. Ən azından bəlkə də şübhə toxumu səpirlər ki, böyük qardaşlarına təsir edə bilsinlər. Amma dərk etməlidirlər ki, bunun heç bir faydası yoxdur və belə olsa da hətta bu onlar üçün çıxış yolu ola bilməz.
Bütün qeyd olunan faktlar onu deməyə əsas verir ki, onsuz da marginallaşmış vəziyyətdə qalan, dalana dirənən Ermənistanı bu virus, yəni koronavirus tamamilə çıxışmaz və acınacaqlı vəziyyətə salıb. Bu ölkənin əhalisi ölüm-qalım mübarizəsi ilə üz-üzə olduğunu çox yaxşı başa düşür. Başa düşür ki, Ermənistan üçün bu pandemiya son hesab oluna bilər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə