"Bütün dövlət orqanlarımız ayaqdadır" ÖZƏL-MÜNASİBƏT

"Dünyada fəlakət halı yaradan koronovirus sürətlə yayılmaqda və can almaqda davam edir. Vaxtında bu təhlükəni görməyən, qabaqlayıcı tədbirlər ələ almayan bir çox dövlətlərdə xaotik durum hökm sürür. Şükürlər olsun ki, Azərbaycanımızda bu qorxulu xəstəliklə mübarizədə hökumətin atdığı addımlar təhlükənin səviyyəsinə adekvatdır və vəziyyət tam nəzarətdədir". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.

"Qeyd etmək istəyirəm ki, bu günlərdə Ümumdünya Səhiyyə Təşkilatı da ölkəmizdə koronovirusla mübarizənin təşkilini müsbət qiymətləndirib. Göz önündədir ki, bu gün biz bu təhlükəli xəstəliyə qarşı milli həmrəyliklə mübarizəyə qalxmışıq. Prezidentimiz başda olmaqla bütün dövlət orqanlarımız ayaqdadırlar. Səhiyyə işçilərimiz böyük fədakarlıq göstərirlər. Lakin təəssüflər olsun ki, bəzi sosial şəbəkələr, profillər insanlar arasında panika toxumu səpməyə cəmiyyətdə çaqınlıq yaratmağa çalışırlar. Yalan, qeyri-obyektiv məlumatlar yayırlar. Hər kəs bilməlidir ki, bu profillərin çoxu xaricdən antiazərbaycan dairələri tərəfindən idarə olunurlar. ABŞ-dan, Avropanın bəzi ölkələrindən “youtube”, “facebook” və digər sosial platformalar vasitəsilə yayımlanan internet televiziyaları vətəndaşlarımızda ruh düşkünlüyü yaratmaq üçün dəridən-qabıqdan çıxırlar. Düşmən dəyirmanına su tökən bu üzdən-iraq televiziyaların qonaqları isə bir qayda olaraq ölkəmizdəki radikal müxalifətin nümayəndələridir. Koronovirusla mübarizədə ölkəmizdə görülən böyük işlərə kölgə salan, həmvətənlərimizdə psixoloji travma yaratmaq istəyən radikallar göründüyü kimi faciə və təbii fəlakətlərdən də siyasi məqsədlər üçün istifadə edirlər. Söz yox ki, cəmiyyətimiz onları qəbul etmir. Xalqımız bütün seçkilərdə radikallara layiq olduğu yeri göstərib”-deyə, M.Səfərli fikirlərini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə