"Bu "seçkilər" Ermənistan hakimiyyətinin özünüifşasıdır" - AÇIQLAMA

“Dağlıq Qarabağda qondarma rejimin keçirdiyi seçkilərin heç bir hüquqi əsası yoxdur və heç bir beynəlxalq qurum tərəfindən tanınmır, "seçkilər" beynəlxalq müstəvidə qəbul olunmayıb. Bu "seçkilər"in keçirilməsində Paşinyanın əsas məqsədi qondarma rejimi yenidən təqdim etmək və Qarabağ klanı olan köhnə Sarkisyanın tərəfdarlarını uzaqlaşdıraraq öz tərəfdarlarını hakimiyyətə gətirməkdən ibarət olub”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, dünyada koronavirus kimi təhlükənin yayıldığı bir vaxtda bütün ölkələrdə kütləvi tədbirlərin ləğv edilməsi, cəmiyyətin izolyasiyasi, karantin və hətta bəzi ölkələrdə fövqəladə hal elan olunması ilə öz ölkə vətəndaşlarını bu virusdan qorumağa çalışmasına baxmayaraq, ermənilərin işğal etdiyi Dağlıq Qarabağda bu "seçkilər"in keçirilməsi onu göstərir ki, Ermənistan üçün Dağlıq Qarabağda yaşayan ermənilərin taleyi heç də maraqlı deyil: “Erməni hakimiyyəti üçün əsas məsələ özlərinin siyasi maraqlarını ifadə etməkdən ibarət olub. Dünyada baş verən hadisələri müşahidə edirik və bütün beynəlxalq yarışlar, kütləvi tədbirlər ləğv olunur. Belə bir zamanda heç bir hüquqi əsası olmayan "seçkilər"in keçirilməsi əslində elə erməni hakimiyyətinin özünüifşasıdır”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə