“İnsan və Biosfer” jurnalının növbəti sayı təqdim edilib

“İnsan və Biosfer” jurnalının növbəti sayı təqdim edilib

AMEA Rəyasət Heyətində YUNESKO-nun Azərbaycan Milli MaB (İnsan və Biosfer) Komitəsinin illik nəşri olan "İnsan və Biosfer" jurnalının 6-cı sayı təqdim edilib.


SİA-nın xəbərinə görə, öncə çıxış edən AMEA prezidenti, akademik Mahmud Kərimov Azərbaycanda insan və biosfer probleminin öyrənilməsinin tarixini xatırladaraq bildirib ki, bu, mərhum akademik Həsən Əliyevin adı ilə bağlıdır: "Azərbaycan təbiətinin, torpağının və suyunun mühafızəsi sahəsində onun xidmətləri əvəzsizdir".


Azərbaycan dövlətinin qeyd edilən problemin həllinə yönələn siyasətindən danışan M.Kərimov son illərdə həmin siyasətin nəticəsi olaraq ekoloji problemlərin həllinə ayrılan investisiyanın həcmində əsaslı dəyişikliyin baş verdiyini, 2000-ci illə müqayisədə bu vəsaitin həcminin 50 dəfə artdığını qeyd edib.


Akademik M.Kərimov dövlət qurumları ilə yanaşı ictimai təşkilatların da ölkənin ekoloji problemlərinə geniş diqqət yetirdiklərini, xüsusilə, Heydər Əliyev Fondu və fondun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın rolunun danılmaz olduğunu bidirib. Nəşrin sonuncu sayının ekoloji sivilizasiya, davamlı inkişaf və ətraf mühitə həsr olunduğunu qeyd edən AMEA prezidenti ölkəmizin ekoloji sivilizasiya anlayışının yaranmasında iştirak edən ölkələrdən biri olduğunu diqqətə çatdırıb.


YUNESKO-nun Azərbaycan Milli MaB Komitəsinin birinci katibi Günay Əfəndiyeva qurumun ekoloji problemlərin həllinə böyük önəm verdiyini bildirib.

Ekoloji sivilizasiya anlayışının əsas aspektlərinin demoqrafik vəziyyət və istehlak mədəniyyəti ilə bağlı olduğunu bildirən jurnalın baş redaktoru, akademik Urxan Ələkbərovun fikrincə, bu anlayışın formalaşması ilk növbədə təhsillə bağlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə