"Prezidentin səfəri İtaliya ilə münasibətləri daha da dərinləşdirəcək" ŞƏRH - ÖZƏL

“Artıq neçə ildir ki, Azərbaycan İtaliya münasibətlərinin yüksələn xətt üzrə inkişafını müşahidə edirik. Düşünürəm ki, həm rəsmi Bakı, həm də rəsmi Roma iki ölkə arasında münasibətlərin məhz bu kontekstdə inkişafında maraqlı olmasının mahiyyətini gözəl anlayır”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Sahil İsgəndərov deyib.

O bildirib ki, Azərbaycan konkret olaraq enerji ixracatçısı olaraq Avropanın enerji təhlükəsizliyində mühüm aktora çevrilib və ölkəmiz bu baxımdan da İtaliya üçün maraqlıdır: “Bildiyiniz kimi TANAP və TAP layihələri vasitəsilə Azərbaycan qazının bir hissəsi İtaliya ərazisindən keçir. Bu kontekstdə Azərbaycan İtaliya üçün önəmli olmaqla yanaşı, sözügedən ölkənin investisiya şirkətləri də Azərbaycan iqtisadiyyatında iştiraka xüsusi önəm verirlər”.

Azərbaycanla Avropa İittifaqı (Aİ) arasında əməkdaşlıq, tərəfdaşlıqla bağlı ikitərəfli sazişin hazırlandığını xatırladan politoloq söyləyib ki, Azərbaycan artıq Aİ-nin 9 ölkəsi ilə konkret olaraq bu kontekstdə ikitərəfli münasibətlər qurub, sazişlər imzalayıb.

S.İsgəndərov qeyd edib ki, dövlət başçısının səfəri ümumilikdə Azərbaycan-Avropa münasibətlərinin inkişafına təkandır: “Bu baxımdan da Prezident İlham Əliyevin İtaliyaya səfəri təsadüfi deyil”.

Politoloq qeyd edib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə İtaliyada bir sıra humanitar tədbirlər keçirilib: “Bunun öz Azərbaycan mədəniyyətinin İtaliyada tanınması kontekstindən çox önəmlidir. Hər kəsə məlumdur ki, dünya xristianlığının əsas mərkəzi, qərargahı olan Vatikan Romada yerləşir. Bu o deməkdir ki, Azərbaycan konfesiyalararası, multikultural dövlət kimi Şərq və Qərb arasında körpü kimi İtaliya üçün maraqlıdır. Katolik kilsənin Azərbaycanda təmsilçiliyinin olması da iki ölkə arasında münasibətlərin müsbət səviyyədə olduğunun növbəti göstəricilərindən biridir. Bu baxımdan hesab edirəm ki, Prezident İlham Əliyevin də İtaliyaya səfəri iki ölkə arasında ikitərəfli münasibətlərin daha da genişlənməsi və dərinləşməsinə mühüm töhfə verəcək”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə