Məğlubiyyət alnınıza yazılıb - ŞƏRH

Məğlubiyyət alnınıza yazılıb - ŞƏRH

Separatçıların və işğalçıların arzuları ürəklərində qalacaq

Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altındakı bölgəsində qanunsuz prezident seçkisi keçirmək məqsədi ilə işğal olunan Dağlıq Qarabağa gedərək separatçılarla birgə olduğunu nümayiş etdirib. Ermənistan KİV-lərinin yaydığı xəbərə görə, Paşinyan Qarabağ separatçılarının lideri ilə işğal etdikləri Dağlıq Qarabağ bölgəsindəki hərbi hissələrə gedərək, mövcud vəziyyətlə tanış olublar. Paşinyan və Saakyanı Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Artak Davtyan və qondarma "DQR-in müdafiə naziri" Karen Abramyan müşayiət ediblər. Onlara cəbhədəki ümumi vəziyyət, postların durumu və texniki təchizat sahəsində məlumat veriblər. Hərbçilərlə görüşdə Paşinyan səngər postlarına baş çəkməyin məqsədini açıqlayaraq, hərbçilər arasındakı münasibətlərdən danışıb.

Analitiklərin sözlərinə görə, əslində, Paşinyanın separatçıların rəhbəri B.Saakyanla görüşü tamam başqa məqsədlərə xidmət edir. Məlum olduğu kimi, fevral ayına planlaşdırdığı Qarabağdakı qondarma rejim "prezident seçkisi" keçirəcək. Paşinyan səfər çərçivəsində "prezidentliyə namizədlər"lə də görüşüb. Erməni baş nazir qondarma rejimin "rəhbərliyinə" öz adamını gətirmək üçün Qarabağdakı prosesləri nəzarətdə saxlamağa çalışır.

Paşinyanın Qarabağa gəlişi ilə bağlı məsələyə aydınlıq gətirən politoloq Tofiq Abbasov bildirib ki, Ermənistanda narahatedici təlatümlər yaşanır: "Siyasilər Qarabağ avantürasının tələsindən çıxa bilmirlər. Fevral ayında Qarabağdakı qondarma rejim "seçki" şousu təşkil edəcək və separatçılar özlərinə yeni "lider" seçəcəklər: "Bir də düşmən tərəf qəti şəkildə dərk etməlidir ki, işğal olunmuş Azərbaycan torpaqları hər metrinə qədər ermənilərdən geri alınacaq. Bunun alternativi yoxdur. Paşinyan KTMT üzvlərinə çağırış edərək, Azərbaycana silah satılmamasını istədi. Buna reaksiyalar çox sərt oldu. Çünki qurumda təmsil olunan dövlətlərin siyasi elitaları yaxşı başa düşürlər ki, Azərbaycan anlaşılan siyasi xətt yürüdür. Ermənistan isə ərazi iddiaları ilə regionda ciddi qarşıdurma yaradır və öz müttəfiqlərini də bezdidirir. Ona görə də, Moskva və Minsk, o cümlədən, digər ölkələr erməni baş nazirin çağırışına istehzalı cavablar verdilər. İstənilən zaman anti-terror əməliyyatına başlaya bilərik və buna qadirik"

Digər əsas məsələ isə, separatçıların narahatlığıdır. Çünki ermənimlər yaxşı bilirlir ki, Azərbaycan Ordusu ən yaxın zamanlarda onların ağalıq elədikləri torpaqları milli və dövlətçilik mənsubiyyətinə qaytaracaqdır.

Qondarma "Dağlıq Qarabağ"da seçkilər - Nələr ola bilər?

Politoloq Zaur Məmmədovun sözlərinə görə, Azərbaycan yaxın bir neçə il ərzində artıq digər yollarla öz ərazi bütövlüyünü bərpa edəcək: "Azərbaycanın işğal olunmuş ərazilərində qondarma "Dağlıq Qarabağ"da keçiriləcək qondarma seçkilər Ermənistanın daxili siyasətində gərginlik yaradacaq. Yəni düşünülür ki, əgər Paşinyan Qarabağda qondarma seçkilərdə öz adamını qondarma Dağlıq Qarabağ rəhbərliyinə gətirə bilməsə, Ermənistanda Qarabağ klanı daha da güclənəcək və Ermənistan daxilində Paşinyana qarşı siyasi cəbhəni inkişaf etdirəcək, onun devrilməsi istiqamətində işlər aparacaq".

"Qondarma xuntanın saxta "rəhbərləri" olan Bako Saakyan, Aşot Qulyan və onların ətrafındakı digər demokratiya "əzabkeşləri"nə bildiririk ki, onların demokratiya pərdəsi altında gizlənmək niyyətləri istehza doğurur və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyi və etnik təmziləmənin həyata keçirildiyi bir şəraitdə bu "seçkilər"in nəticəsi beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan və təcavüzkarı növbəti dəfə ifşa edən bir şou olacaq. Əslində, işğalçı Ermənistan və qanlı xunta belə "seçkilər" keçirməklə, beynəlxalq ictimaiyyəti deyil, yalnız özlərini aldatmaqla məşğul olur.

Erməni politoloqları da bildirirlər ki, ölkədə yaranmış kritik vəziyyətə səbəb Paşinyanı sərsəm danışmağa sövq edir. Ümumiyyətlə, real vəziyyəti təhlil edən ekspertlərin, demək olar, hamısının mövqeyi bundan ibarətdir ki, Ermənistanın bir dövlət olaraq, mövcudluğu və gələcəyi Dağlıq Qarabağ amilindən asılıdır. Azərbaycan torpaqlarını işğal altında saxlayıb, qonşu dövlətlərə ərazi iddiası irəli sürmək isə erməni dövlətinin gələcəyini təhlükəyə salır. Bu baxımdan, Ermənistanda vəziyyətin düzəlməsinin əsas şərtlərindən biri və ən başlıcası, Yerevanın öz qoşunlarını Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarmasıdır. Çünki bu dövlətin gələcəyi Azərbaycanla qonşuluq prinsiplərinə əməl etməkdən keçir.

"Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq"

Azərbaycan Prezidenti çıxışlarında dəfələrlə bildirib ki, xarici siyasətimizdə ərazi bütövlüyümüzün təmin edilməsi prioritet istiqamətdir. Münaqişəsinin yalnız beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şərti ilə nizama salınmasının vacibliyini bildirib və beynəlxalq təşkilatların bu sahədə səylərini gücləndirməsinin zəruriliyini bəyan edib: "Heç vaxt Azərbaycan xalqı və dövləti imkan verməyəcək ki, onun əzəli, tarixi, hüquqi torpağı ondan ayrılsın. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir. Azərbaycan bütün dünya tərəfindən tanınan öz ərazi bütövlüyünü bərpa edəcək".

Bir sözlə, bir məqamı dönə-dönə vurğulamaq lazımdır ki, tarixi aprel qələbələrindən sonra Ermənistan hökumətindən fərqli olaraq, bu ölkənin cəmiyyəti hadisələrin qeyd olunan səpkidə inkişafından ciddi narahatdır. Xüsusilə, əsgər analarının narahatlığı və növbəti dəfə aprel döyüşlərinin təkrarlanması qorxusu erməni cəmiyyətində Paşinyana qarşı yeni etirazlara rəvac verir. Çünki bütün erməni ictimaiyyəti Azərbaycan Ordusunun qüdrətinə yaxından bələddir. Və nə qədər ki, Ermənistan Azərbayanın işağal altındakı torpaqlarını azad etməyəcək və o torpaqlarda qanunsuz seçki oyunu keçirəcək, bir o qədər ağır iqtisadi, siyasi mərhumiyyətlərə, məşəqqətlərə düçar olacaq və istəkləri də ürəklərində qalacaqdar.

A.SƏMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə