Azərbaycan və Ermənistan XİN başçıları yenidən görüşəcəklər XİN
"Cenevrə görüşü son illər ərzində iki ölkə arasında aparılmış danışıqların ən intensividir". Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva SİA-ya verdiyi məlumatda bildirib.
Qeyd edib ki, görüşdən sonra Azərbaycan və Ermənistanın Xarici İşlər Nazirləri və üç həmsədr ölkənin birgə bəyanatı yayılıb: "Sənədləri müqayisə etdikdə fikirlərin üst-üstə düşdüyünü görürük. Çünki əvvəlki görüşlərdən fərqli olaraq nazirlərin və həmsədrlərin iştirakı ilə danışıqlar iki gün davam edib və 3 istiqamət üzrə aparılıb. Danışıqlar birinci gün 7 saat, ikinci gün isə 5 saata yaxın davam edib və gündəlik üzrə çox ətraflı müzakirələr aparılıb. Ötən illər ərzində irəli sürülmüş təkliflər, əldə olunmuş razılaşmaların həyata keçirilməsi, xüsusilə də iki ölkə əhalisinin sülhə hazırlanması üçün humanitar mübadilənin baş tutması müzakirə olunub. Eyni zamanda münaqişənin Helsinki Yekun Aktı əsasında həll olunmasından danışılıb. Ən sonra prosesin intensivliyi məsələsinə toxunulub və onun irəli aparılması nəzərdə tutulub. Bu cəhətdən nazirlər yaxın gələcəkdə də görüşmək haqda razılaşıblar".
"Bu görüşdə konkret nəticə əldə edilə bilərmi" sualımıza isə L.Abdullayeva belə cavab verib: “Əgər sual verirsinizsə ki, görüşün nəticəsi olaraq Azərbaycan əraziləri işğaldan azad olunacaqmı? Cavab olaraq bildirirəm ki, əgər belə bir addım atılsa, xəbəri hamıdan birinci ictimaiyyətlə biz bölüşəcəyik”.
Leyla Abdullayeva əlavə edib ki, Azərbaycan həmişə danışıqları məhz, danışıqlar aparmaq naminə yox, nəticə əldə olunması naminə istəyir: "Mövqeyimizdə hər zaman qəti, birmənalı və dəyişməzik. Həmçinin, Cenevrə danışıqlarında da eyni mövqedən çıxış edilib və bundan sonrakı danışıqlarda da mövqeyimiz dəyişməz olaraq qalacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB