Dəlil yox, sübut yox..."qətnamə" var ŞƏRH

Dəlil yox, sübut yox..."qətnamə" var ŞƏRH

AŞPA-nın mətbuatımızla bağlı yanlış və qərəzli mövqeyi

Yenə də hədəf Azərbaycandır. Guya ki, başqa bir müzakirə ediləsi məsələ yoxdur. Yenə də eyni oyun, eyni hücum. Azərbaycanda hər hansı bir mötəbər tədbirin və yaxud da seçkilərin keçirilməsi ərəfəsi, nəyin bahasına olursa-olsun, Cors Soros adlı qoca tülkünün havadarlığı ilə bir qrup ermənipərəst deputatlar başlayırlar Azərbaycana qarşı dişlərini qıcıtmağa. Bu da, səbəbsiz deyil. Çünki ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun gündən-günə artması, regionda söz sahibinə çevrilməsi hər zaman onları narahat edib. Xüsusilə də, son illər Azərbaycanda aparılan siyasi və sosial-iqtisadi islahatlar, xalqın rifahının günü-gündən yüksəlidilməsi istiqamətində dövlət başçısının verdiyi sərəncamlar, dövlət idarəçiliyində yeni standartların tətbiqi, əfv fərmanı və amnistiyalar həmin qüvvələrin özlərini məhv edəcək. Çünki Azərbacan geriyə yox, irəliyə doğru getməkdədir. Qara yaxmaq, heç bir sübut olmadığı halda qətnamə qəbul etmək? Bunu Azərbaycan xalqı heç vaxt qəbul etmir və etməyəcək də. Çünki xalq 16 ildir ki, uğurlu inkişafın şahidi olmaqla, nailiyyətlərinin nəticəsini də görür.

Azərbaycan mediası azad söz və ifadə reallığı əsasında fəaliyyət göstərir

Yanvarın 29-da AŞPA-nın KİV-in azadlığına və jurnalistlərin təhlükəsizliyinə dair qəbul etdiyi 2317 saylı Qətnamədə Azərbaycana qarşı əsassız tənqidlərin səsləndirilməsi, əslində, yenə də köhnə bayatılarıdır. Əvvəlkilərə kimi, heç bir sübutu olmayan bir daha bu qurumun ölkəmizə qarşı növbəti qərəzi olduğunu təsdiqləyir. C.Soros kimi məkrli adamın əsas məqsədi müstəqil siyasət yürüdən dövlətlərdə iğtişaşlar, qiyamlar yaratmaq, həmin ölkələri müti köləyə çevirmək və dünya ictimaiyyətində Azərbaycan haqda mənfi obraz yaratmaqdır. Azərbaycan kimi müstəqil dövlətlərin varlığı bu tip adamları həmişə narahat edir.

Əli Əhmədov: "AŞPA-nın Azərbaycana qarşı qərəzli mövqedən çıxış etməsi yenilik deyil"

Sözügedən məsələ ilə bağlı Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının İcra katibi Əli Əhmədov özünün "Facebook" səhifəsində yazıb ki, AŞPA zaman-zaman Azərbaycana qarşı qərəzli maövqedən çıxış edib: ""Avropa Şurası Parlament Assambleyasının zaman-zaman Azərbaycana qarşı qərəzli mövqedən çıxış etməsi yenilik deyil. Bu barədə dəfələrlə deyilib, səbəbləri göstərilib. Lakin AŞPA-nın dünən Avropada KİV-in azadlığına və jurnalistlərin təhlükəsizliyinə dair qəbul etdiyi 2317 saylı Qətnamədə Azərbaycana qarşı əsassız tənqidlərin səsləndirilməsi, onu söyləməyə əsas verir ki, qurumun ölkəmizə qarşı qərəzi xroniki hal alıb".

Bütün bunların fonunda AŞPA-nın yuxarıda qeyd olunan qətnaməsində Azərbaycan hakimiyyətini jurnalistlərə qarşı "repressiyalara" son qoymağa çağırması təəccüb doğurmaya bilməz. Təkcə onu demək kifayətdir ki, Avropanın nüfuzlu beynəlxalq qurumlarından biri olan AŞPA özünün uydurduğu "repressiyaların" nədən ibarət olmasını aydın şəkildə izah edə bilmir. Azərbaycana qarşı "ittihamları" əsaslandırmaq üçün bu mötəbər qurumun istifadə etdiyi 2 "arqumenti" nümunə olaraq gətirmək istəyirəm. Birinci arqumentin mahiyyəti ondan ibarətdir ki, jurnalistlərə qarşı istənilən sanksiyaların tətbiq edilməsi dayandırılsın. Belə bir təklifin (yaxud tələbin) səsləndirilməsinin insan hüquqları və qanunun aliliyi prinsipləri baxımından nə dərəcədə doğru və ədalətli olmasını buraxaq vətəndaşların öz mühakiməsinə. Belə çıxır ki, AŞPA Azərbaycanı hansısa niyyətlər xatirinə tənqid etmək naminə jurnalistləri ayrıca bir kastaya ayırmaq dərəcəsinə qədər qeyri-demokratik yanaşma nümunəsi ortaya qoymaqdan belə çəkinmir. Əgər jurnalist qanunları pozursa, cinayət törədirsə, digərlərinə qarşı böhtan atır, günahsız insanları ən ağır şəkildə təhqir edirsə, deməli, onlara qarşı heç bir hüquqi tədbir görülə bilməz və görülməməlidir. Bəs belə olan halda, jurnalistin əməlləri nəticəsində, təhqir olunan və mənəvi terrora məruz qalan insanların hüquqları necə qorunmalıdır?".

YAP sədrinin müavini Əli Əhmədov onu da bildirib ki, AŞPA-nın məlum qətnaməsində Azərbaycana qarşı "iddia" həm də jurnalistlərin dövlət tərəfindən mənzillə təmin olunması kimi absurd arqumentə əsaslanır: "Guya hakimiyyət bu yolla jurnalistləri ələ alır. Azərbaycanda mənzilə ehtiyacı olan bir çox kateqoriyadan olan insanlar dövlət tərəfindən mənzillə təmin olunur. Bunların ən çoxsaylısı məcburi köçkünlərdir. Hər il Azərbaycan dövləti məcburi köçkünlərin evlə təmin olunması üçün yüz milyon manatlarla vəsait ayırır. Xatırlatmaq yerinə düşərdi ki, əhalinin bu kateqoriyasının məskunlaşdığı şəhərciklərin sayı, artıq 100-ü keçib. Yaxşı olardı ki, AŞPA, üzvü olduğu Azərbaycanın əhalisinin 10 faizinin, 1 milyon insanın Ermənistanın təcavüzü səbəbindən məcburi köçkün vəziyyətinə düşməsinə diqqəti çəkəydi, təcavüzkarın geri oturdulması, ədalətin bərpa edilməsinə azacıq töhfə verəydi. Lakin bunu etmək əvəzinə, Azərbaycanı tənqid etmək üçün bəhanələr axtarır və olmayanda isə uydurur".

"AŞPA-nın jurnalistlərin mənzillərlə təmin olunmasına siyasi don geydirməyə çalışır"

Əli Əhmədov, onu da bildirib ki, AŞPA əsaslanmamış faktlar olmadan hər şeyə siyasi don geydirməyə adət edib: "Onu da, deməliyəm ki, Azərbaycana qarşı təcavüzün qurbanları olan Qarabağ müharibəsi şəhidlərinin ailələri və əlilləri də dövlət tərəfindən mənzillərlə təmin olunur. Digər kateqoriyadan olan əhali də var ki, onlar da dövlətin güzəştli mənzillər proqramından faydalana bilirlər. Bütün bunlar Azərbaycan dövlətinin sosial siyasətinin ayrı-ayrı istiqamətləridir və AŞPA-nın jurnalistlərin mənzillərlə təmin olunmasına siyasi don geydirməyə çalışması, yumşaq desək, təəccüb doğurur. Ən azından, obyektiv yanaşma onu tələb edir ki, jurnalistlərə qayğı göstərməyə çalışan Avropa qurumu Azərbaycan hakimiyyətinin bu addımını təqdir etməli idi. Lakin AŞPA-nın Azərbaycana qarşı məlum mövqeyi əvvəlcədən proqramlaşdığından, onun alqoritmində hər hansı müsbət yanaşmaya yer yoxdur və jurnalistlərin mənzilə olan ehtiyaclarının ödənilməsinə dövlət yardımı mahiyyətcə, sosial ədalət baxımından, təqdirəlayiq hadisə olmasına rəğmən, sözügedən qurumun tənqidinə tuş gəlib. Görünür, AŞPA-nın qərar qəbuletmə mexanizmində anti-Azərbaycan alqoritmi var. Belə olmasaydı, qurum Azərbaycanda jurnalistlərə və onların fəaliyyətinə münasibəti qiymətləndirərkən, dövlət tərəfindən mövqeyindən asılı olmayaraq, bütün KİV-lərin borclarının dəfələrlə silinməsi ilə əlaqədar qəbul etdiyi qərarlar sözügedən qətnamənin qəbul olunmasına səs verənlərin yadına düşərdi. Lakin AŞPA qərarverənləri bu barədə susurlar, çünki onlara, nəyin xatirinə olur-olsun, ölkəmizi və hakimiyyəti tənqid etmək üçün "arqument" lazımdır".

"Hər cür qərəz, ilk növbədə, AŞPA-nın nüfuzuna zərbə vurur"

Əli Əhmədov Avropanın sözügedən mötəbər qurumunun belə qərəzli olmasını həmin qurumun nüfuzuna böyük zərbə vurduğunu da söyləyib: "Lakin hər cür qərəz ilk, növbədə, AŞPA-nın nüfuzuna zərbə vurur, onun səviyyəsini aşağı salır və obyektivliyinə şübhə yaradır. Arzu edərdik ki, Azərbaycanın da üzv olduğu beynəlxalq təşkilat daşımalı olduğu missiyanı ləyaqətlə yerinə yetirsin, konyukturaya uymasın, ədalətsiz və qərəzli olmasın. Demək istədiyim başqa bir şey də var. AŞPA-nın qərəzli qətnaməsi radikal müxalifəti, deyəsən, yaman sevindirib. Az qala toy-bayram edirlər. Nədənsə, Azərbaycana qarşı haradasa problem yaradılırsa, ölkəmizə kimlər tərəfindənsə iftiralar uydurulursa, radikallar sevinir. Görünür, vaxtilə bolşeviklərin tətbiq etdiyi taktikanı yaxşı mənimsəyiblər, ona görə də, hər vəchlə çalışırlar ki, müxtəlif hesabatlarda Azərbaycan haqqında tənqidlər səsləndirilsin. Ancaq başa düşə bilmirlər ki, bizim üçün ən vacibi xalqın rəyidir. Xalq isə, öz dövlətini sevir, Prezident İlham Əliyevə inanır və Onun siyasətini qətiyyətlə dəstəkləyir".

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə