Deputatlığa namizəd Eldar İbrahimovun Naxçıvan şəhərində seçicilərlə görüşü keçirilib

Fevralın 9-da keçiriləcək VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 4 saylı Naxçıvan şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Eldar Rza oğlu İbrahimovun Naxçıvan şəhərində seçicilərlə görüşü keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşü giriş sözü ilə açan YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli ölkəmizdə həyata keçirilən islahatlardan və bu islahatların tərkib hissəsi kimi yeni parlamentin formalaşmasından bəhs edib. YAP Naxçıvan şəhər təşkilatının sədr müavini, Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev görüşdə çıxış edərək seçiciləri Eldar İbrahimovun həyat və fəaliyyəti ilə yaxından tanış edib.

Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimi Çapay Quliyev isə çıxışında müasir hüquqi, demokratik dövlətlərdə parlamentin siyasi idarəçilikdəki mühüm rolunu vurğulayıb.

Görüşdə çıxış edən deputatlığa namizəd Eldar İbrahimov bundan əvvəlki seçkilərdə ona etimad göstərib ölkə parlamentinə üzv seçdiklərinə görə seçicilərə dərin minnətdarlığını bildirib. O, Milli Məclisin üzvü kimi fəaliyyəti barədə seçicilərə hesabat verərək, parlamentin işində, onun beynəlxalq əlaqələrinin möhkəmləndirilməsində, aqrar qanunvericiliyin təkmilləşdirilməsindəki iştirakından ətraflı danışıb.

Son 16 ildə ölkəmizdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilmiş uğurlu dövlət quruculuğu siyasətinin bəhrələrindən söz açan namizəd həyata keçirilən siyasəti ifadə edən statistik rəqəmləri müqayisəli şəkildə seçicilərin diqqətinə çatdırıb. Xüsusən kənd təsərrüfatı, eləcə də qeyri-neft sektorunda yüksək nailiyyətlər əldə edildiyini vurğulayan Eldar İbrahimov əmin olduğunu bildirib ki, əsaslı qanunvericilik bazasının yaradıldığı bu sahənin uğurları artan dinamika ilə davam edəcək. Eldar İbrahimov seçicilərin ona növbəti dəfə etimad göstərib Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçəcəyi təqdirdə bu günə qədər olduğu kimi, bundan sonra da, parlamentin üzvü olaraq, ölkəmizin inkişafı naminə bilik, bacarıq və təcrübəsini əsirgəməyəcəyini bildirib.

Seçicilər də öz növbələrində Eldar İbrahimovu əmin ediblər ki, əvvəlki seçkilərdə olduğu kimi, builki parlament seçkisində də müstəqil Azərbaycan dövlətinin inkişafının qarantı olan Yeni Azərbaycan Partiyasının namizədini qətiyyətlə dəstəkləyəcəklər.

Yüksək fəallıq şəraitində keçən görüşə yekun vuran YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli bir daha Naxçıvan şəhər seçicilərini 9 fevralda keçiriləcək parlament seçkilərində fəal olmağa və partiyamızın namizədi Eldar İbrahimova səs veməyə çağırıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...