Azərbaycan dünyanın siyasi və iqtisadi arenasında çox ciddi dövlətə çevrilib

"Düşünürəm ki, TANAP layihəsinin həyata keçirilməsi, Azərbaycanın bir daha Avropanın enerji təhlükəsizliyinə təhdidin qarşısını alan dövlətə çevrilməsi üçün böyük bir şansdır". Bunu SİA-ya açıqlamasında politoloq Arzu Nağıyev deyib.

Politoloq bildirib ki, doğrudan da Azərbaycan bu gün artıq bu layihədə iştirak edir və bu çox mühüm əhəmiyyət kəsb edən bir məsələdir: “Yəni, əsas məsələ ondan ibarətdir ki, Azərbaycan dünyanın siyasi və iqtisadi arenasında çox ciddi bir dövlətə çevrilib və bunu artıq dünya ölkələri də hiss edir. Bu layihə təbii ki, həm Türkiyə, həm Azərbaycan, həm də Avropa üçün çox önəmlidir və bu xarici siyasətdə ən müsbət qəbul edilə biləcək layihələrdən biridir”.

A.Nağıyev qeyd edib ki, bu layihə Avropa, Türkiyə və Azərbaycanın birgə diplomatik, iqtisadi və siyasi qələbəsidir: “Məhz buna görə də, həm Azərbaycana, həm regional dövlətlərə, həm qlobal şəkildə dünya dövlətlərinə bu mühüm layihə çox böyük perspektivlər vəd edir. Məlumdur ki, TANAP vasitəsilə Azərbaycanın təbii qazı Avropaya ixrac olunur. Azərbaycanın son vaxtlar belə qlobal layihələrdə iştirakı onun çəkisinin nədən ibarət olduğunu da göstərir ki, Azərbaycan bu gün meqalayihələrin həm icraçısı, həm də iştirakçısıdır”.

Sonda isə politoloq vurğulayıb ki, bu layihə bütün region üçün çox əhəmiyyətlidir: “Cənab İlham Əliyevin çıxışından da bir daha görünür ki, Azərbaycan və Türkiyə vasitəsilə, daha doğrusu onların birbaşa iştirakı və razılığı ilə həyata keçirilən layihə tək regional deyil, həm də beynəlxalq əhəmiyyətli bir layihədir. Düşünürəm ki, bütün belə layihələr Azərbaycanın müstəqilliyinə, təhlükəsizliyimizin qorunmasına, eyni zamanda hər bir azərbaycanlının yüksək rifahına gətirib çıxarır. Əsas məqsədimiz də təbii ki, bundan ibarətdir. Ona görə də belə layihələrin həyata keçirilməsi Azərbaycan üçün çox mühüm məsələdir və dünya bizi enerji sisteminə qarşı təhdidlərin qarşısını alan bir dövlət kimi qəbul edir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə