Azərbaycan Respublikası Daxili Qoşunlarının yaranmasından 19 il ötür

Azərbaycan Respublikası Daxili Qoşunlarının yaranmasından 19 il ötür

Bu gün Azərbaycan Respublikası Daxili Qoşunlarının yaranmasından 19 il ötür. SİA-nın xəbərinə görə, Daxili Qoşunlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tərkibində struktur kimi 1991-ci ilin sonunda formalaşıb, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünə qarşı ilk döyüşdə 1992-ci il martın 12-də iştirak edib. Ümummilli lider Heydər Əliyevin 1995-ci il martın 9-da imzaladığı Fərmanla Azərbaycan Respublikası Daxili Qoşunlarının ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşə başladıqları gün - martın 12-si Daxili Qoşunlar günü elan olunub.

 

Müstəqilliyimizlə yaşıd olan Daxili Qoşunlar ölkəmizin ictimai-siyasi həyatında baş verən bütün proseslərin bilavasitə iştirakçısı olub, ciddi sınaq və çətinliklərdən dəyanətlə çıxıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə Daxili Qoşunların əsgərləri qəhrəmanlıq nümunələri göstəriblər.

 

Ümumiyyətlə, döyüş əməliyyatları aparılan müddətdə Daxili Qoşunların şəxsi heyətindən 496 nəfər həlak olub, 1166 nəfər yaralanıb, 268 nəfər itkin düşüb. Həlak olan igid oğulların bir çoxunun adı əbədiləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə