Dövlət Gömrük Komitəsinin Sədri Aydın Əliyev Argentinaya səfəri çərçivəsində bir sıra görüşlər keçirib
Azərbaycanının Argentinadakı Səfirliyindən SIA-ya verilmiş məlumata əsasən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Argentinaya səfəri çərçivəsində bir sıra görüşlər keçirib.
İlk olaraq A.Əliyev Argentina sənaye naziri xanım Debora Giorgi ilə görüşüb. Görüşdə iki ölkə arasında ticarət dövriyyəsinin hazırkı vəziyyəti və iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Xanım D.Giorgi cari il ərzində Argentina iş adamlarının müşayiəti ilə Azərbaycana səfərinin planlaşdırıldığını bildirib. Səfər çərçivəsində A.Əliyevlə Argentinanın ən iri biznes strukturları olan Argentina Sənayeçilər İttifaqının prezidenti Miguel Asebedo və Buenos-Ayres Ticarət Birjasının prezidenti Adelma Gabbi arasında fərdi görüşlər keçirilib və Azərbaycan-Argentina iqtisadi əməkdaşlığının genişləndirilməsinə bu strukturların cəlb olunması imkanları müzakirə olunub.
A.Əliyev həmçinin, Latın Amerikasının ən iri kitabxanalarından biri Argentina Respublikası Milli Kitabxanasının direktoru Orasio Qonzales ilə görüşərək kitabxanaya Dövlət Gömrük Komitəsi tərəfindən nəşr olunmuş "Azərbaycan gömrüyü mədəni irsin keşiyində", "Azərbaycan gömrüyü tarixi təsviri sənətdə", "Azərbaycan gömrüyü: tarixi ənənələr və müasirlik", "Azərbaycan gömrük muzeyləri" adlı kitabları təqdim edib. Habelə, səfər çərçivəsində Latın Amerikasının ən nüfuzlu incəsənət muzeylərindən olan Argentina Milli İncəsənət Muzeyinin direktoru xanım Maria İnes ilə görüşərək muzeyə Qarabağ və Şirvan xalçaçılıq məktəbləri tərəfindən toxunmuş xalçaları hədiyyə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB