“Qaçqın: Anar Yusubovun Uzun Səyahəti” Vaşinqtonda nümayiş etdirilib

“Qaçqın: Anar Yusubovun Uzun Səyahəti” Vaşinqtonda nümayiş etdirilib

Qarabağ Fondu Vaşinqton şəhərinin tarixi Avalon teatrında görkəmli türk rejissoru Cem Oğuzun "Qaçqın: Anar Yusubovun Uzun Səyahəti" adlı filmini təqdim edib.

SİA-nın məlumatına görə, film Xocalı şəhərindən olan 8 yaşlı Anar Usubovun gözləri ilə təsvir edilir. Filmdə ata-baba torpağına qayıda bilməyən Anar öz qaçqın hekayəsini paylaşır. Kino Amerika ictimaiyyətini Qarabağlı qaçqınların mübarizəsi, münaqişə, Azərbaycan və Qafqaz haqqında məlumatlandırır.

Təqdimat mərasimindən öncə Qarabağ Fondunun dəvəti ilə Vaşinqtona səfər etmiş filmin müəllifi türkiyəli jurnalist Cem Oğuz tamaşaçılar ilə öz fikirlərini, film üzərində işləyərkən keçirdiyi hissləri paylaşıb.

Filmin təqdimatına ABŞ-da yaşayan Azərbaycan diasporunun nümayəndələri, burada təhsil alan tələbələr, tanınmış ictimai xadimlər, kinoşünaslar iştirak ediblər. Filmin təqdimatından öncə Qarabağ Fondunun İcraçı direktoru Diana Altmanın dəvəti ilə Xocalıda şəhid olmuş Azərbaycan vətəndaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, Qarabağ Fondu ABŞ-da yaradılmış və mərkəzi ofisi Vaşinqton şəhərində yerləşən qeyri-hökumət təşkilatıdır. Bu təşkilat ABŞ-da QHT-lərə verilən yüksək 501 (C) 3 statusuna sahibdir. Fondun əsas məqsədi Azərbaycan, onun Qarabağ bölgəsi və bütünlükdə Qafqazı amerikalılara tanıtmaq, Azərbaycan mədəniyyəti və musiqisini Amerikada tərənnüm və təbliğ etməkdən ibarətdir. Buna nail olmaq üçün Qarabağ Fondu ABŞ-da müxtəlif sərgi, ictimai proqram, forum və mübadilə proqramlarının həyata keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə