"Sosial-iqtisadi islahatlar xalq-iqtidar birliyindən güc alır" ÖZƏL-ŞƏRH

"Sosial-iqtisadi islahatlar xalq-iqtidar birliyindən güc alır" ÖZƏL-ŞƏRH

"Son illər ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşmasına xidmət edən, vətəndaşların mənafeyinin və hüquqlarının üstünlüyünü hədəf seçən islahatlar, enerji, nəqliyyat sferalarında, xarici siyasətdə qazanılan analoji uğurlar bir-birini tamamlayaraq, dövlətin dayanıqlı inkişafında harmoniya yarada bilib. 2019-cu ilin ilk aylarından ayrı-ayrı sahələr üzrə verilən qərarlar, həyata keçirilən islahatlar ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsinə, maddi və mənəvi rifah halının yaxşılaşmasına, Azərbaycanın müstəqil dövlət kimi güclənməsinə xidmət edib". Bunu SİA-ya açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib.

Deputatın sözlərinə görə, Ulu öndər Heydər Əliyevin iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsi nəticəsində yoxsulluq və işsizlik səviyyəsi nəzərəçarpacaq dərəcədə azalıb, vətəndaşların maddi rifah halı yüksəlib: "Qısa müddət ərzində minimum əməkhaqqının təqribən iki dəfəyə yaxın artırılmaqla 130 manatdan 250 manata çatdırılması Azərbaycanda həyata keçirilən iqtisadi və struktur istilahatlar nəticəsində son dövrlər büdcə gəlirlərin artması, maliyyə imkanların genişlənməsi sosial sahəyə daha çox diqqətin göstərilməsinə daha bir əyani sübutdur. Problemli kreditlərin həlli istiqamətində məlum sənədin imzalanması, maaşların, pensiyaların, minimum əməkhaqqının, sosial müavinətlərin artırılması ölkədə sosial-iqtisadi islahatlarla bağlı növbəti mərhələnin başlanğıcı oldu.

Cari ilin birinci yarısının sosial-iqtisadi yekunları bir daha təsdiq etdi ki, Azərbaycan innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişafdadır. Xüsusilə də qeyri-neft sektorundakı artım tempi bu sahənin inkişafı istiqamətində həyata keçirilən siyasətin uğurlu olmasından xəbər verdi. Ölkə iqtisadiyyatının, qeyri-neft sektorunun, qeyri-neft sənayesinin artması, kiçik və orta sahibkarlığın, kənd təsərrüfatının dayanıqlı şəkildə inkişafı, ticarət dövriyyəsinin artması yaxşı göstəricilərdən oldu. Ölkə Başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bütün iqtisadi göstəricilər onu deməyə əsas verir ki, biz düzgün istiqamətdə inkişaf edirik və qarşıda duran bütün vəzifələri icra edirik.

Ölkəmizdə ictimai-siyasi sabitliyin qorunub saxlanılması, dövlət idarəçiliyinin səmərəli təşkili, vahid dövlət siyasətinin həyata keçirilməsi, sosial-iqtisadi inkişafda əsas hədəflərin dəqiq müəyyən edilməsi, islahatların davamlı xarakter daşıması bir daha təsdiq etdi ki, dövlət Başçısı tərəfindən verilən vədlər sözdə deyil, əməldə öz təsdiqini tapır.

Ölkə Prezidentinin humanizmi, xoş gündə də, dar gündə də xalqının yanında olması, xalqın arzu və istəklərini reallaşdırması, xalqa arxalanaraq inqilabi islahatlara getməsi müstəqil Azərbaycanımızı daha böyük zəfərlərə, iqtisadiyyatın, əhalinin rifah halının daha da yüksəlməsinə doğru aparır. Azərbaycan xalqı da hər zaman ölkə Başçısı tərəfindən həyata keçirilən tədbirləri, imzalanan sərəncam və fərmanları yüksək qiymətləndirir, atılan addımları alqışlayır. Eyni zamanda, yaxşı bilirlər ki, Prezident İlham Əliyevin uğurlu və mütərəqqi sosial siyasəti, hər bir vətəndaşına olan yüksək münasibəti xalqın həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edir. Bu da xalq – iqtidar birliyinin qarşılıqlı inam və etimad üzərində bərqərar olduğunun əyani təsdiqidir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə