BAMF BMT-nin İnsan Hüquqları Şurasında görüşlərə başlayıb

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev BMT İnsan Hüquqları Şurasının 42-ci sessiyası çərçivəsində Cenevrədə müxtəlif görüşlər keçirib. SİA Beynəlxalq Avrasiya Mətbuat Fondunun məlumatına istinadən xəbər verir ki, İnsan Hüquqları üzrə Cenevrə Mərkəzinin nümayəndəsi Blerim Mustafa ilə keçirilən görüşdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi və Azərbaycan ərazilərinin işğalı nəticəsində haqqları pozulmuş məcburi köçkünlərin hüquqlarının bərpasının beynəlxalq ictimaiyyətin diqqətinə gətirilməsi məsələləri müzakirə edilib.

U.Mirzəyev Qlobal Su Təhlükəsizliyi İnstitutunun direktoru Dr. Nidal Salimlə və BMT-nin sabiq məruzəçisi Osman əl Həcclə görüşüb. Görüş zamanı Afrikanın bir sıra nəzarətsiz ərazilərində olduğu kimi işğal olunmuş Qarabağ ərazisinin qanunsuz talanması, təbii resursların bir qrup cinayətkar tərəfindən mənimsənilməsinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə mövzusu olub. Azərbaycan ərazilərinin işğalı nəticəsində məcburi köçkünlərin pozulmuş hüquqlarının İnsan Hüquqları Şurasının mexanizmləri vasitəsi ilə təsbit edilməsi, beynəlxalq hüuququn norma və prinsipləri haqda ətraflı fikir mübadiləsi aparılıb. Yanvar ayından etibarən Osman Əl Həccin BAMF-in Cenevrə nümayəndəsi kimi fəaliyyətinə dair razılıq əldə edilib.

Umud Mirzəyev BMT-nin insan haqqlarının müdafiəsi ilə bağlı sabiq həmməruzəçi, BMT-nin öz nüfuzu ilə seçilən müstəqil ekspertlərindən biri, xalqların öz müqəddəratını müəyyən etməsi üzrə beynəlxalq ekspert Alfred Mourisiya De Zayasla müzakirələr aparıb. U.Mirzəyev xalqların öz müqəddəratını təyin etməsi ilə bağlı mübahisəli fikirləri ilə tanınan De Zayası məcburi köçkünlərin həyat şəraiti ilə tanış olmaq, Qarabağ haqda həqiqətləri öz gözləri ilə görmək üçün Azərbaycana dəvət edib. BAMF-in vitse prezidenti Ramil Əzizov da görüşlərdə yaxından iştirak edib.

Səfər çərçivəsində U.Mirzəyev Azərbaycanın Cenevrədəki missiyasının nümayəndələri ilə görüşüb, missiyanın vətəndaş cəmiyyəti qurumlarına göstərdiyi dəstəyi yüksək dəyərləndirdiyini bildirib, beynəlxalq auditoriyada birgə fəaliyyət perspektivlərinin zəruri olduğunu bildirib.

Qeyd edək ki, BAMF prezidentinin İnsan Hüquqları Şurasının 42-ci sessiyasında Azərbaycanın işğal altındakı torpaqlarından zorla qovulmuş məcburi köçkünlərin hüquqlarına dair çıxışı gözlənilir. Bununla bağlı BAMF-in bəyanatı BMT İnsan Hüquqları Şurasının rəsmi səhifəsində dərc edilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə