15 Sentyabr Bilik Günü - yeni dərs ilinə, yeni əhval-ruhiyyə ilə
Prezident İlham Əliyev: "Təhsil Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir"
Məlum olduğu kimi, Azərbaycanda 15 sentyabr tarixi Bilik Günu kimi qeyd olunur. Bu gün 2004-cü ilə qədər sentyabrın 1-nə təsadüf edirdi. Lakin Prezident İlham Əliyevin 21 avqust 2004-cu il tarixli Fərmanına əsasən, Azərbaycanın bütün təhsil müəssələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və beləliklə, həmin gün Bilik Günü kimi qeyd olunur. Ümumiyyətlə, tarix boyu elmə və biliyə yiyələnmək şərəfli iş hesab olunur. Bu şərəfli yolun yolçuları olan müəllimlərin əməyi nəticəsində formalaşan cəmiyyətdə savadli, bilikli, geniş dünyagörüşlü və nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə, cəmiyyəti daha da inkişaf etdirirlər. Bilik Günü məktəb həyatına qədəm basan birincilər üçün səbirsizliklə, sevinc və həyəcanla gözlənilən, xüsusi qayğı və məmnuniyyətlə, təntənəli şəkildə qarşılanacaq bir gündür. Son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr Ulu Öndərin təhsil siyasətinin uğrlu davamının göstəricisidir. Bir faktı xatırlatmaq kifayətdir ki, ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir. Azərbaycan təhsilində ən uğurlu nəticələrdən biri məktəb tikintisinin geniş vüsət almasıdır.
Yeni dərs ili: 2019-2020-ci tədris ilində məktəblərdə 1,5 milyondan çox şagird təhsil alacaq
2019-2020-ci dərs ilində 1,5 milyondan çox şagird ölkənin ümumi təhsil müəssisələrində təhsil alacaq. Bu şagirdlərin 10 faizi bu il birinci sinifə gedəcək və ilk Bilik Gününün təlaşını yaşayacaq.
Tədris ilində 4447 məktəb qapılarını məktəblilərin üzünə açacaq, onların arasında yeni inşa olunan və ya əsaslı təmir olunanlar da var. Bununla belə, il ərzində daha bir neçə yeni məktəbin tikilməsi və təmiri nəzərdə tutulub.
Ötən illərdə olduğu kimi təhsil nazirliyi məktəblilərə tədris olunan bütün fənlər üzrə kitabları pulsuz təqdim edib. Şagirdlər üçün 322 adda 5 milyon 668 min 865 nüsxə dərslik və metodik vəsait çap edilib. 4-8 ci siniflər üçün olan bütün dərsliklər təkmilləşdirilərək yenilənib.
Artıq məktəblilərin ilk dərslərinin hansı fəndən keçiriləcəyi də məlumdur. Belə ki, təhsil nazirinin əmrinə əsasən, bütün məktəblərdə, 1-4-cü siniflər üzrə ilk dərs məşğələləri idman və sağlamlıq, 5-9-cu siniflər üzrə mütaliə və mənəvi zənginliyə aparan yol, 10-11-ci siniflərdə isə, Azərbaycanın inkişaf yollarına həsr olunacaq.
Dövlətin yeni tədris ilində müəllimlərə növbəti töhfəsi
Azərbaycanda 2019-2020-ci tədris ili ərəfəsində ölkə Prezidentinin uğurlu sosial islahatlarından təhsil işçiləri də bəhrələnib. Belə ki, təhsil işçilərinin əməkhaqlarının artırılması deyilənləri təsdiq edən amildir. Eyni zamanda, hər il ən yüksək bal toplayan gənclərə xüsusi Prezident təqaüdü, istedadlı gənclərə fəxri təqaüdlərin verilməsi də təhsilə göstərilən yüksək qayğıdan qaynaqlanır.
Dövlət başçısı İlham Əliyev hakimiyyətdə olduğu illərdə, təhsillə bağlı imzaladığı Sərəncam və fərmanların imzalanması bunun bariz nümunəsidir. Onu da, qeyd edək ki, son zamanlar dövlətimiz tərəfindən təhsilin inkişafına göstərilən yüksək diqqət Azərbaycanın dünya miqyasında tanıdılmasına və öz layiqli yerini tutmasına xidmət edir. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr Ulu Öndərin təhsil siyasətinin uğurlu davamıdır. Həmçinin, təhsilin bugünkü müasir inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın da müstəsna xidmətlərinin olduğunu da xüsusi vurğulamaq lazımdır. Humanizm, mərhəmət, vətənpərvərlik, xeyirxahlıq hisslərinə söykənən fəaliyyəti ilə cəmiyyətdə böyük nüfuz qazanmış Heydər Əliyev Fondunun ölkəmizdə təhsil sisteminin inkişafı sahəsində qarşısına qoyduğu başlıca məqsəd Azərbaycanda bu sahənin müasir dövrün əsas tələblərinə uyğun səviyyəyə yüksəldilməsi və potensial kadrların yetişdirilməsindən ibarətdir.
Azərbaycan təhsilində ən uğurlu nəticələrdən biri də məktəb tikintisinin geniş vüsət almasıdır. Dövlətimizin başçısı İlham Əliyevin yeni dərs ili ərəfəsində təzə tikilən və əsaslı təmir olunan təhsil ocaqlarında olması, işlərin gedişi ilə yaxından tanışlığı, tapşırıq və tövsiyələrini verməsi ölkə başçısının bu sahəni hər zaman diqqətdə saxlamasının göstəricisi olmaqla yanaşı, bu istiqamətdə görülən işlərin keyfiyyətinə də müsbət təsir göstərir. Hər il olduğu kimi, bu il də istər ümumtəhsil, istərsə də ali təhsil müəssisələrinin maddi-texniki təminatı istiqamətində zəruri tədbirlər görülüb. Müasir standartlara cavab verən təhsil müəssisələri lazımi inventarla təchiz edilib. Bununla da, müəllimlərin iş şəraiti, şagird və tələbələrin təhsil almaq imkanları üçün hər cür şərait yaradılıb.
Prezident İlham Əliyev Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında Sərəncama əsasən, Bakı Şəhər İcra Hakimiyyətinə 40 (qırx) milyon manat ayırması dövlətin təhsilə göstərdiyi qayğının reallığını təsdiqləyən faktordur.
Eyni zamanda, dövlət proqramlarının icrası nəticəsində, son 15 ildə Bakı şəhərində və respublikanın bölgələrində 3000-dən çox yeni məktəb tikilib və yaxud əsaslı təmir edilib. Bunun nəticəsində, təxminən, 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb, birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb.
Göründüyü kimi, zəngin təbii sərvətləri olan Azərbaycanda, bu sərvətlərdən səmərəli istifadə etməklə, insan kapitalının daha da inkişaf etdirilməsi başlıca amilə çevrilib. Ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğı təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərini təşkil edir.
Sonda yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə ölkəmizin bütün təhsil işçilərini, çoxminli müəllim ordusunu, şagirdləri və tələbələri ürəkdən təbrik edir, hər birinə bol-bol uğurlar arzulayırıq.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB