Türk Xalqlarının Vətəndaş Cəmiyyəti Forumu ictimaiyyətə təqdim olundu

Türk Xalqlarının Vətəndaş Cəmiyyəti Forumu ictimaiyyətə təqdim olundu
Bu gün yeni təsis olunmuş Türk Xalqlarının Vətəndaş Cəmiyyəti Forumunun təqdimat mərasimi keçirilib. SİA-nin xəbərinə görə, konfransda "Bakı Gənclər" Klubunun sədri Azər Cavadov, "Demokratik Azərbaycan Naminə" İctimai Birliyinin sədri Elməddin Behbudov, "Demokratik İslahatçı Gənclər" İctimai Birliyinin sədri Vüsalə Hüseynova, "Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyinin sədri Anar Xəlilov, "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova və digər ictimai birliklərin sədrləri iştirak ediblər.

"Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova konfransı giriş sözü ilə açaraq öz fikirlərini bildirib. Onun sözlərinə görə, bütün naliyyətlərə rəğmən ölkəmizə düşmən münasibət bəsləyən böyük güclərin təhriki ilə əzəli türk topaqları üzərində qurulmuş Ermənistanın 1988-ci ildən bəri dövlətimizə və millətimizə qarşı apardığı işğalçılıq və açıq vandalizm siyasəti hələ də davam etməkdədir. N.İsmayılova ifadə edib ki, Avropa İttifaqı modelindən nümunə götürərək bütün sahələr üzrə türk dövlətlərinin əməkdaşlığının müttəfiqlik səviyyəsində qalxmasını və ortaq milli maraqların müdafiəsində vahid güc olaraq çıxış etməyi vacib və gərəkli hesab edirik.

Konfransda söz alan "Demokratik İslahatçı Gənclər" İctimai Birliyinin sədri Vüsalə Hüseynova çıxışı zamanı türk millətlərinin həmrəyliyinin həm Azərbaycan, həm də digər türk xalqlarının mənafeyi baxımdan çox böyük əhəmiyyəti daşıdığını, bunun üçün bütün sahələrdə əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsinin zəruri olduğunu söyləyib.

"Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyinin sədri Anar Xəlilov isə çıxışında qardaş türk dövlətləri ilə arada olan xoş münasibətlərin dərinləşməsinin çox arzu olunduğunu dilə gətirib. Sədr əlavə edib ki, bundan sonra haqqında danışılan bu ağrılı problemin həlli üçün əsas diqqət ölkənin hərtərəfli inkişaf etdirilməsinə və eyni tarixi, dili, dini, mədəniyyəti paylaşdığımız altı müstəqil türk dövləti və hazırda müxtəlif ölkələrin sənədləri daxilində öz ana torpaqlarında yaşayan türk xalqlarının vətəndaş cəmiyyətlərinin inteqrasiyasının dərinləşməsinə yönəlməlidir.

Qeyd edək ki, tədbirin davamında çıxış edən qonaqlar da yaranmış forumun günümüz üçün zəruriliyindən danışıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə