2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 113 815, XI siniflərini 80 514 şagird bitirir
Bu gün Azərbaycanda bütün ümumtəhsil müəssisələrində onbirillik məktəb həyatının "Son zəng"i çalındı. 2018/2019-cu dərs ilinə yekun vuruldu. On bir il parta arxasında oturub müəllimlərini həvəslə dinləyən, elmi biliklərə yiyələnən məktəblilər məzun adını qazandılar. Yaddaşlarda qalacaq bu günün zəngi uşaqlıq və yeniyetməlik dövrünün xatirəsi tək əbədiləşəcəkdir. Artıq bu gündən gənclər müstəqil Azərbaycanın müstəqil vətəndaşı kimi həyata qədəm qoyacaqlar.
Artıq neçə ildir ki, ölkəmizdə ümumtəhsil məktəblərində hər il iyunun 14-də son zəng qeyd edilir. SSRİ dövründə və dövlət müstəqilliyinin bərpasından sonra 2005-ci ilə qədər mayın 25-i, 2005-ci ildən 2016-cı ilə qədər isə mayın 31-də qeyd olunmuşdur. Bu il 2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 113815, XI siniflərini 80514, qiyabi (axşam) ümumtəhsil məktəblərinin XII siniflərini isə 674 şagird bitirir. 20182019-cu tədris ilində Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 28993, XI siniflərini 19786 nəfər bitirir. 45616 nəfər isə I sinfi başa vuracaq. 2018-2019-cu tədris ilində respublika üzrə 2977 ümumi təhsil müəssisəsində fəaliyyət göstərən 5200 məktəbəhazırlıq qrupunu 97918 nəfər başa vuracaq. 2019-2020-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 164 234 uşağın qəbulu proqnozlaşdırılır. Onlardan 77542-si qız, 86692 nəfəri isə oğlandır.
DÖVLƏT BÜDCƏSİNDƏN TƏHSİLƏ AYRILAN XƏRCLƏR BU SAHƏNİN KEYFİYYƏTCƏ YENİLƏŞMƏSİNƏ YÖNƏLİB
Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər gənclərimizin savadlı, rəqabətəqabil, həm də əsl vətəndaş kimi yetişməsində əvəzsiz rol oynayır. Müasir dövrdə ölkələrin inkişaf konsepsiyasını təhsil müəyyənləşdirir. Bu baxımdan, müasir təhsil sisteminin yeni çağırışlara cavab verməsi məqsədi ilə təhsilin normativ-hüquqi bazasının formalaşdırılması, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanan sərəncamlar əsasında geniş tədbirlər həyata keçirilib. Ölkəmizdə son illərdə bir sıra dövlət proqramları uğurla icra olunub, təhsilin məzmunu yenilənib, təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənib. Təkcə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində gənclərin dünyanın aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil alıblar. Təhsillərini yüksək akademik göstəricilərlə tamamlamış məzunların 60 faizi özəl, 40 faizi isə dövlət sektorunda fəaliyyət göstərir.
Bu gün Azərbaycanın daxili imkanları genişləndikcə, təhsil ocaqlarının yenidən qurulması, təmiri və inşası istiqamətində də, davamlı olaraq, işlər görülür. Azərbaycanın təhsil sisteminin normativ-hüquqi bazasının yaradılması, təhsilin məzmununun yeniləşdirilməsi və təkmilləşdirilməsi, təhsilin idarə olunmasının demokratikləşdirilməsi və təhsil sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində çox böyük işlər görülüb. Məhz bunun nəticəsidir ki, bu gün biz təhsilin keyfiyyətinin inkişaf etmiş ölkələrin səviyyəsinə yüksəldilməsi ilə bağlı qürur hissi keçiririk. Bütün bunlar Prezident İlham Əliyevin təhsilə, təhsil işçilərinə göstərdiyi yüksək diqqət və qayğısı, səmərəli fəaliyyət üçün yaratdığı əlverişli şərait və imkanlar sayəsində mümkün olub.
Azərbaycanda son illər təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, dövlət proqramları və islahatlar, bu sahəyə dövlətin böyük önəm verdiyini göstərir. Təbii sərvətlərlə zəngin olan Azərbaycan, bu sərvətlərdən səmərəli istifadə etməklə, insan kapitalının yaradılması və daha da inkişaf etdirilməsini başlıca hədəf seçib. Buna görə də, neft gəlirləri Azərbaycanda, həm də təhsilin inkişafına yönəldilib. Şübhəsiz ki, bütün bunlar təhsilin keyfiyyətinə təsirsiz ötüşməyib. Qətiyyətlə deyə bilərik ki, Azərbaycanın gələcəyi üçün layiqli, ləyaqətli və vətənpərvər gənclər yetişir. 2018-2019-cu tədris ilində müxtəlif layihələr reallaşıb. Respublika və beynəlxalq səviyyədə fənn olimpiadaları keçirilib və iştirak edən şagirdlərin sayı xeyli artıb. Azərbaycan məktəblilərinin beynəlxalq bilik yarışlarında qazandıqları uğurlar bir-birini əvəz edir. Bu il daha bir Bakı məktəblisi Fidan Qarayevanın 8-ci Avropa Qızlar Riyaziyyat Olimpiadasının qalibi olması uğuru oldu. O, sadəcə, olimpiada qaliblərindən biri olmaqla qalmadı, üstəlik, bu olimpiadanın tarixinə öz yaşı ilə də adını yazdı. 13 yaşlı bürünc medal sahibi Avropa Qızlar Riyaziyyat Olimpiadasının tarixinə ən gənc qalib kimi düşdü.
MƏKTƏBLƏRDƏ ÇALINAN "SON ZƏNG" MƏZUNLARIN İŞIQLI SABAHINA YENİ YOLLAR AÇIR
Ardıcıl olaraq, təhsil sahəsində köklü islahatların aparılması məktəblilərin burada şəxsiyyət kimi formalaşmasına təsirini göstərməkdədir. Müasir dövrümüzdə bu islahatların ən mühüm mərhələsi yaşanılır. Təhsilin məzmunu, keyfiyyəti və təlimin təşkilinə verilən tələblərdə ciddi yeniləşmə və müasirləşdirmə prosesləri davam edir. Yeni məktəb binalarının inşası və təhsilin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlər müəllimlərin iş, şagirdlərin isə təhsil almaq şəraitini yaxşılaşdırmaq baxımından, çox mühüm addımlardandır. Ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir. Möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı günü-gündən çiçəklənən ölkəyə çevirir. Hər bir gənc, harada çalışmağından asılı olmayaraq, dövlətimizə, dövlətçiliyimizin qorunmasına və milli-mənəvi dəyərlərimizin yaşamasına xidmət edəcəkdi. Təbii ki, bu, hər bir vətəndaşın borcu olmalıdır.
Təhsilin inkişafına göstərilən yüksək diqqət Azərbaycanın dünya miqyasında tanıdılmasına və layiqli yerinin təmin olunmasına xidmət edir. Təhsil sistemində əldə olunan yeniliklər Azərbaycan elminin dünyaya inteqrasiya sürətini artırıb. Təhsilin səviyyəsi, keyfiyyət baxımından, yeni mərhələsini yaşayır. Müasir gənclik ab-havanın içərisində məsuliyyət hissini ön plana çəkir və Azərbaycanın gələcək inkişafına doğru potensialını ortaya qoyur. İctimai-siyasi həyatda qlobal dəyişikliklərin aparılması gənclərin dünyaya inteqrasiya olunmasına gətirib çıxarır. Müasir dövrümüz elm, təhsil və qlobal düşüncə, Azərbaycan təhsilinin dünyaya inteqrasiyası dövrü kimi səciyyələnir. Bu, dövlət tərəfindən Azərbaycan təhsilinə göstərilən diqqət nəticəsində reallaşır. Ölkəmizdə gedən yenidənqurma işləri, iqtisadi, mədəni və sosial sahələrdə aparılan islahatlar Azərbaycan təhsilinə təsirini göstərməkdədir. Yaşadığımız yüzillik "Təhsil və informasiya əsri" elan edildiyindən, ölkə başçısı tərəfindən təhsilə böyük önəm verilir. Yeni proqram və layihələr, təhsil islahatları həyata keçirilir. Prezident İlham Əliyevin vurğuladığı kimi, "Azərbaycanda təhsil sisteminin təkmilləşməsinə çox böyük diqqət göstərilir. Təhsil bizim gələcəyimizdir". Buna görə də, məsuliyyət hissi ilə cəmiyyətə layiqli vətəndaşlar yetişdirilir.
Belə bir mühitdə təhsil alan bugünkü məzunlar Azərbaycanın demokratik bir dövlət kimi daha da inkişaf etdirilməsi üçün çalışmalı, bütün qüvvələrini ölkəmizin uğurlarına yeni uğurlar əlavə etməyə sərf etməlidirlər. Bu günün məzununu həyata hazırlayan güclü dövlətimiz, sağlam düşüncəli ziyalılarımız olduğundan - mətin, iradəli və intellektual səviyyəli gənclərimiz müstəqil həyata vəsiqə alırlar. Sabitliyin və əmin-amanlığın hökm sürdüyü Azərbaycanda məktəblərdə çalınan "Son zəng" - həyata çağırış zəngi məzunların işıqlı sabahına yeni yollar açır. Yolunuz uğurlu olsun, MƏZUNLAR!
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB