Qozbeli qəbir düzəldər

Nikol Paşinyan necə "yalançı Nikol" oldu

Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiasının, davam edən işğal rejiminin düşmən ölkəyə "bəxş elədiyi" ən pis sürpriz onun bütün regional iqtisadi və energetik, kommunikasiya layihələrindən kənarda - blokada rejimində saxlanmasıdır. Bunun da ən birinci səbəbi ölkəyə rəhbərlik edənlərin işğalçılıq siyasəti aparmasıdır. Bu günə kimi Ermənistan özünün sovetdənqalma rüşeym iqtisadiyyatı ilə, on illərdir ki, dünya iqtisadi sisteminə inteqrasiya oluna bilməyən işğalçı ölkə, nəticədə, tullantı ölkəyə çevrilib. Bu prosesin daha sürətlə baş verməsinin səbəbi isə, sərsəm və siyasi savaddan uzaq olan Nikol Paşinyan hakimiyyətə gəldiyi gündən daha çətin anlar yaşandı. Yeni hakimiyyət də əvvəlkilər kimi reallığı ört-basdır etməklə, hər hansı müsbət bir nəticə əldə etmək xülyası ilə fəaliyyət göstərir. Bu, həm daxili sosial-iqtisadi vəziyyətin ağır olaraq qalmasında, həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində özünü göstərir. Ermənistan rəhbərliyi ənənəvi absurd mövqeyi ilə özünün durumunu daha da ağırlaşdırır, eyni zamanda, münaqişənin danışıqlar yolu ilə həllini mürəkkəbləşdirməkdə davam edir. Buna beynəlxalq ictimaiyyətin reaksiyası getdikcə artır. Bir sıra ekspertlər Ermənistanın işğal etdiyi Azərbaycan ərazisini tərk etməsindən başqa yolunun olmadığını vurğulayırlar. Rusiyalı ekspert Aleksandr Duqin də Ermənistanın öncə beş rayonu boşaltmasının zəruri olduğunu vurğulayıb. Bundan sonra nizamlama prosesinin növbəti mərhələlərinə keçmək olar. Digər ekspertlərin də fikirlərini xatırlatmaq olar. Onların hamısının bir ortaq fikri var: Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından qoşunlarını çəkməlidir. Burada reallıq aydın görünür. Rəsmi İrəvan nə qədər söz hoqqabazlığı etsə də, ondan indi hər kəs zəbt etdiyi ərazilərdən silahlı quldur dəstələrini çıxarmağı tələb edir. Bunun hansı formatda ediləcəyi məsələsi, artıq danışıqların predmetidir. Hər bir halda, aydındır ki, əsas şərt Ermənistanın təcavüzkar olaraq Azərbaycanın işğal etdiyi ərazilərindən çıxmasından ibarətdir.
Buradan sadə bir məntiqi nəticə alınır: Ermənistanın problemin həlli ilə bağlı təsəvvürləri ilə reallıq arasında dərin bir ziddiyyət mövcuddur. Bunu nə ilə izah edirsən et, heç nə dəyişmir. İstər mücərrəd surətdə erməni xalqının iradəsindən bəhs et, istərsə də Paşinyan hakimiyyətinin siyasi iradəsindən dəm vur və ya başqa tarixi "faktlar" gətir, reallıq budur: təcavüzkar zəbt etdiyi torpaqlardan getməlidir, vəssalam!
Baş verənlər, onu deməyə əsas verir ki, Nikol Paşinyan saxta və köhnəlmiş fikirləri təkrarlamaqla məşğuldur. Belə bir müqayisə də yerinə düşər ki, Nikol Paşinyanla Qorbaçovun Azərbaycan üçün elə bir fəqri yoxdur, çünki hər ikisi işğalçı təfəkkürünə malikli. Ona görə də, Nikol hansı donu geyirsə-geyinsin, yamağı görünür. Çünki yalan ayaq tutur, ancaq yermir. Yerisə belə, uzağa gedə bilmir. Onun geydiyi papışları bünövrədən cırıqdır.

Quldur Paşinyanın quldur siyasəti Ermənistanı uçuruma aparır

Göründüyü kimi, Ermənistanda baş verən ictimai-siyasi gərginlik, bitib-tükənməyən problemlərdən, həm də Paşinyan hakimiyyətinin özbaşınalıqlarından cana doymuş əhali, artıq ayağa qalxmaqdadır. Məsələn, Armavir vilayətinin Zartonk kəndinin sakinləri pay torpaqlarının qeyri-qanuni yolla əllərindən alınmasına etiraz ediblər. Erməni mətbuatının yazdığına görə, bu aksiya zamanı insident də baş verib, nəticədə 7 nəfər yaralanıb. Srağagün isə, İrəvanın mərkəzində baş vermiş hadisə zamanı 3 nəfər güllə yarası alıb. Onlardan biri həyatını itirib. Ölən şəxsin "Ararat-2" futbol komandasının qapıçısı olduğu bildirilir.
Etirazçılar bildirirlər ki, Nikol Paşinyan eşitsin və agah olsun ki, erməni xalqı onun hakimiyyətə yalan vədlərlə gəldiyini bilir və aksiyalar davam edəcək. Hər şeyin bir sonu olduğu kimi, Paşinyanın da oyunbazlığının sonunun zamanı gəlir: Necə deyərlər, Paşinyan min-bir hiylə ilə hördüyü corabın toruna özü düşüb. Ölkə fəlakət durumundadır. Repressiv şərait, ağır sosial-iqtisadi durum üzündən ölkəni tərk edənlərin sayı sürətlə artır.
Bir sözlə, Paşinyanın hakimiyyət dönəmini təhlil edən siyasi şərhçilər və araşdırmaçı erməni yazarlar ölkədə heç bir inkişaf və islahatlar getmədiyini, qalan tənəzzül, iflas, korrupsiya və bürokratik əngəllər bu gündə davam etməkdədir.

Ermənistanın çıxış yolu - işğala son qoymaqdır

Bütün bunlar onu sübut edir ki, Azərbaycanla normal münasibətlər yaratmadan, Ermənistanın bir dövlət olaraq mövcudluğunu davam etdirməsi mümkün deyil. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu uğurlar ölkəmizin beynəlxalq miqyasda da mövqeyini əhəmiyyətli dərəcədə gücləndirən faktorlardan biri kimi çıxış edir: "Bütün bunlara paralel olaraq, uğurlu xarici siyasət Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini ölkəmizə yönəldib. Ermənistan uğursuz dövlətdir. Ermənistan dövlətçiliyi iflasa uğrayıb. Onların qəhrəmanları, onların generalları oğrulardır, onların ordusu oğru ordusudur. Bunu indi Ermənistan xalqı görür və Ermənistan hakimiyyəti deyir".

Fikrət Sadıqov: "Dağlıq Qarabağdakı separatçılarla Ermənistan
rəhbərliyi arasında uçurum böyüyür"

Məsələyə münasibət bildirən politoloq Fikrət Sadıqovun sözlərinə görə, Ermənistanın baş nazirinin məlum açıqlaması Paşinyanla Qarabağdakı separatçı qurum arasında uçurumun dərinləşməsindən xəbər verir: "Bir ara Paşinyan öz reytinqini qaldırmaq üçün istədi ki, separatçıları danışıqlara qoşsun. Ancaq bu, alınmadı. Çünki Azərbaycan buna imkan vermədi, beynəlxalq qurumlar bunu dəstəkləmədilər. Görünən odur ki, tərəflər arasında uçurum daha da böyüyür. Reallıq ondan ibarətdir ki, Paşinyanla Dağlıq Qarabağ separatçıları arasında qarşıdurma açıq müstəviyə keçmək üzrədir. Qarabağ separatçıları, bir tərəfdən, başa düşürlər ki, onlar İrəvandan asılıdırlar. Çünki onlar elə bir vəziyyətdədirlər ki, Ermənistanın yardımı olmasa, duruş gətirə bilməzlər. Ancaq başqa bir tərəfdən, ziddiyyətlər o həddə çatıb ki, separatçılar Paşinyana qarşı nifrətlərini gizlədə bilmirlər. Çünki gah bəyanatlar verirlər, gah da Koçaryanın həbsdən azad olunması ilə bağlı çağırışlar edirlər. Hesab edirəm ki, bütün bunlar yaşanan qarşıdurmanın etirafıdır. Ən başlıcası isə, qarşıdurmalar artıq açıq müstəviyə keçir. Tərəflər arasında siyasi qarşıdurmanın bundan sonra daha da davam etdiriləcəyi gözlənir. Bütün bunlar Ermənistandakı siyasi mənzərəyə də öz təsirini göstərəcək. Ona görə də qarşıdurma artacaq. Son vaxtlar Paşinyana qarşı yönəldilmiş tənqidlərin artması bütün bunların təzahürüdür".

A.SƏMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə