Səbail rayonunda 2010-cu ildə əldə olunan nailiyyətlər müzakirə olunub- FOTOSLAYD
Bu gün Səbail Rayon İcra Hakimiyyətinin (RİH) iclas zalında rayonun 2010-cu ildə sosial-iqtisadi inkişafı istiqamətində gördüyü işlərlə yekun vurulub və 2011-ci ildə qarşıda duran vəzifələr müzakirə olunub. Hesabat yığıncağında çıxış edən rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov 2010-cu il ərzində rayonda görülmüş işləri təhlil edərək həlli vacib olan problemlərin aradan qaldırılması yollarından danışıb.
Qeyd olunub ki, 2010-cu ildə Səbail rayonunda nəzərə çarpacaq müsbət dəyişikliklər baş verib. İlin yekunlarına görə sənaye müəssisələri üzrə 20172,3 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründə olduğundan 23,3 % çox məhsul istehsal edilib.
Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfındən 476,8 milyon manatlıq nəqliyyat xidməti göstərilib. 2010-cu il ərzində rayonda 1396 daimi iş yeri açılıb. Ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Azərbaycanın ən böyük infrastruktur layihələrindən biri olan Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi ilə bağlı rayonun Badamdar qəsəbəsi, Bayıl və 20-ci yaşayış sahələrində yaşayanların içməli su ilə təminatı daha da yaxşılaşacaqdır. Bu obyektlərin açılış mərasimlərində ölkə başçısının iştirakı Səbail rayonuna olan diqqət və qayğının bir nümunəsidir.
Tədbirdə çıxışını davam etdirən rayon rəhbəri qeyd edib ki, keçən il rayonda sosial obyektlərin tikintisi və təmiri istiqamətində Rayon İcra Hakimiyyəti tərəfindən böyük işlər həyata keçirilib. Belə ki, 23 min üzvü olan Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı üçün yeni bina inşa edilib. Ölkə başçısı tərəfındən 2010-cu ilin "Ekologiya ili" elan edilməsi ilə ekoloji problemlərin həllinə olan diqqət daha da artırılıb, keçən il ərzində keçirilən iməciliklərdə 37 min 500-ə yaxın ağac əkilib.
Təhsil sahəsinə toxunan RİH başçısı bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə keçirilən "İlin ən yaxşı ümumtəhsil məktəbi" respublika müsabiqəsində keçən il Səbail rayonunun 7 və 236 saylı orta məktəbləri, 49 saylı "İntellekst" məktəb-liseyi qaliblər sırasında olublar: "Sevindirici haldır ki, Prezidentin sərəncamı ilə "İlin ən yaxşı müəllimi" adına layiq görülmüş 100 müəllimdən 13-ü Səbail rayonunun məktəblərində çalışıblar".
Tədbirdə həmçinin qeyd olunub ki, Səbail rayonunda 6 məscid, 1 ibadət yeri, 1 dini mədrəsə var. 2010-cu ildə tarixi abidələrin bərpa və konservasiyası üzrə "Master Plan"a uyğun olaraq İçəri şəhərdə yerləşən XI əsr abidəsi olan "Həzrət Məhəmməd" məscidində Avstriyanın "Remmers" şirkəti tərəfindən bərpa və konservasiya işləri aparılıb və dekabrın 24-də istifadəyə verilib.
Sonra hesabat məruzəsi ətrafında çıxış edənlər əldə olunmuş uğurlardan, mövcud problemlərdən və onların aradan qaldırılması yollarından danışıb, Rayon İcra Hakimiyyətinin ötən ildəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Yığıncağın sonunda iştirakçılar adından ölkə başçısı İlham Əliyevə müraciət qəbul olunub.
Daha sonra rayonun sosial-iqtisadi sahədə əldə etdiyi uğurları mətbuat səhifələrində geniş işıqlandırdığına, ictimai-siyasi tədbirlərdə yaxından iştirak etdiyinə görə və rəhbərlik etdiyi qəzetin 20 yaşının tamam olması münasibətilə "Səs" qəzetinin Baş redaktoru və "Səs" İnformasiya Agentliyinin Baş direktoru Bəhruz Quliyev RİH başçısının xüsusi mükafatına layiq görülüb.
Eyni zamanda rayonun ictimai-siyasi həyatında fəal olan yubilyarlara və 2010-cu ildə müxtəlif müsabiqə və yarışlarda yüksək nəticələr əldə etmiş 10 şagirdə rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB