YAP Quba rayon təşkilatı gənclər birliyinin hesabat-seçki konfransı keçirilib - VİDEO

YAP Quba rayon təşkilatı gənclər birliyinin hesabat-seçki konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə YAP-ın Qurucusu, Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüblər.

Konfransı giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədri Yusif Abidov Azərbaycan xalqının ciddi sınaqlarla üzləşdiyi bir dövrdə Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının bu gün tarixi missiyasını davam etdirdiyini, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Vətənimizin tərəqqisi naminə uğurla fəaliyyət göstərdiyini bildirib.
YAP Quba rayon təşkilatı gənclər birliyinin sədri Habil Bayramlı hesabat məruzəsi ilə çıxış edərək, ötən müddətdə görülən işlər barədə məlumat verib. Sonra hesabat məruzəsi ətrafında çıxışlar olub.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Əhməd Bəkirli YAP Quba rayon təşkilatı gənclər birliyinin yeni sədri, 21 nəfərdən ibarət Şura, həmçinin YAP Gənclər Birliyinin növbəti konfransına nümayəndələr seçilib.
YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək partiyanın yaradılmasının tarixi zərurət olduğunu bildirərək, o zamankı siyasi vəziyyətə diqqət yönəldib. Qeyd edib ki, müstəqilliyimizin ilk illərində xalqımızın düşdüyü çox ağır vəziyyət hər kəsin yaddındadır. Bu son dərəcə çətin vəziyyətdə dövlətimizi və xalqımızı xilas edə biləcək böyük siyasi liderə ehtiyac var idi: "Yaranmış vəziyyətdə müstəqilliyimizi və dövlətçiliyimizi yalnız Heydər Əliyev kimi dahi bir Şəxsiyyət qoruya bilərdi. Bu səbəbdən Ulu Öndər Heydər Əliyev xalqının səsinə səs verdi və yeni bir siyasi partiyanı - Yeni Azərbaycan Partiyasını yaratdı. Bu partiyanın təsis olunması, sonrakı illərdə xalqın yekdil səsi ilə hakimiyyətə gəlməsi nəticəsində dövlətimizin qarşılaşdığı problemlər öz həllini tapdı, Sevindirici haldır ki, hazırda müasir müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, yeni-yeni uğurlara imza atır".
Konfransda çıxış edən Quba rayon icra hakimiyyəti başçısının müavini Səidə Abasova, Milli Məclisin deputatı Azər Badamov, YAP Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədri Seymur Orucov ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti, gənclərin inkişafı ilə bağlı həyata keçirilən layihələr, dövlət proqramları barədə söhbət açıblar.
Konfransda bir qrup fəal gəncə fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.
Sonda YAP sıralarına yeni qəbul olunmuş bir qrup gəncə partiyanın üzvlük vəsiqəsi təqdim olunub.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...