Paşinyan populist bəyanatlar girdabında...

Paşinyan populist bəyanatlar girdabında...

Və yaxud uçuruma gedən yol

Bu gün Ermənistan daxilində son vəziyyətin təhlili, istər ictimai-siyasi, istərsə də sosial-iqtisadi müstəvidə gərginliyin yenidən yüksələn xətt üzrə inkişaf etdiyini göstərir. Bunun səbəbi isə, Nikol Paşinyanın hakimiyyətə gəlməzdən əvvəl, verdiyi vədləri yerinə yetirə bilməməsidir. Bu isə, artıq erməni cəmiyyətində yeni narazılığa rəvac verir. Yaranmış vəziyyətdə Paşinyan etirazları səngitmək üçün sələflərinin taktikasından istifadəyə daha çox meyillənir. Söhbət cəbhədə gərginliyi artırmaqla, diqqəti daxili problemlərdən bu istiqamətə yönəltmək cəhdlərindən gedir.

Son dövrlərdə düşmənin atəşkəsi daha intensiv şəkildə pozması, müxtəlif təxribatlara cəhd etməsi, əsasən də, mülki əhalini hədəfə alması qeyd edilənlərin nəticəsi sayılır. Yeri gəlmişkən, qeyd edək ki, artıq bununla bağlı müdafiə naziri, general-polkovnik Zakir Həsənov konkret tapşırıqlar da verib. Bütün bunlar, o deməkdir ki, düşmənin istənilən təxribatı ona daha baha başa gələcək. Özü də yaranmış vəziyyətdə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Azərbaycan Prezidentinin növbəti sərt xəbərdarlığı

Təəssüf doğuran odur ki, sosial problemlərin məngənəsində boğulan Ermənistanda etiraz aksiyaları səngimək bilmədiyi halda, hələ də Nikol Paşinyan bu sahədə, bir addım belə irəli gedə bilmir. "Küçə demokratı" nə yalan vədlərə son qoyur, nə də populist çıxışlara. Nəticədə, düşmən təxribatı erməni ordusunda itkilərin sayını sürətlə artırır. Prezident İlham Əliyev çıxışlarında erməni tərəfinə dəfələrlə sərt xəbərdarlıqlar da edir. O, açıq şəkildə diqqətə çatdırır ki, bu gün Ermənistan ordusu bizimlə rəqabət apara bilməz: "Ermənistan indi çox ağır vəziyyətə düşüb. İyirmi il Ermənistana rəhbərlik etmiş kriminal diktatura rejimi çöküb. Ancaq əfsuslar olsun ki, Ermənistanda rəhbərliyə gəlmiş yeni simalar öz məsuliyyətini dərk etmir, sarsaq bəyanatlar verirlər və təmas xəttində, Ermənistan-Azərbaycan sərhədində gərginliyə rəvac verən addımlar atırlar. Azərbaycan Ordusu onlara layiqli cavabını verir, verəcək, necə ki, 2016-cı ilin aprel döyüşlərində onları yerinə oturtdu, torpaqlarımızın bir hissəsini azad etdi, bu ilin may ayında Naxçıvan istiqamətində uğurlu əməliyyat nəticəsində böyük ərazi nəzarətimizə keçdi".

Təəssüf doğuran odur ki, Ermənistanın baş naziri Paşinyan populist çıxışları və savadsız siyasi baxışları ilə, elə zənn edir ki, bu yolla nəyəsə nail ola biləcək. Bu isə, bir daha göstərir ki, düşmən ölkə Azərbaycana işğala son qoymaq üçün savaş yolundan başqa bir yol qoymur. İndiyə qədər Azərbaycan tərəfi gözləyirdi ki, beynəlxalq qurumların təzyiqi ilə Ermənistan rəhbərliyi işğal olunmuş torpaqlarla bağlı öz siyasətində və danışıqlar prosesində daha konstruktiv mövqe tutacaq. Amma bu, baş vermir. Əksinə, yeni rəhbərlik daha qeyri-konstruktiv mövqe nümayiş etdirir. Demək olar ki, əvvəlki hakimiyyətdəki rəhbərlik müəyyən bir şəkildə sərt ifadələrlə gündəmdə deyildi. Həmişə işıq yolu qoyurdular ki, danışıqlarla nəyəsə nail ola bilərlər. Paşinyan isə, öz mövqeyi ilə heç işıq yolu da qoymur. Ona görə də, Azərbaycan Prezidenti İlham Əliyev Qarabağla bağlı öz qətiyyətini, ciddiliyini ortaya qoydu, bir daha xəbərdarlığını etdi. Bununla yanaşı, Azərbaycan cəmiyyəti də işğalın davam etdirilməsindən yorulub. Eyni zamanda, Paşinyanın çıxışları sülh yolu ilə işğala son qoyulmasının mümkünsüzlüyünü qətiləşdirir.

Erməni eksperti: "Paşinyanın addımları onun siyasətdə hələ çox naşı olduğunu göstərir"

Erməni ekspert Artur Kazinyan da bildirir ki, Paşinyanın addımları Qarabağ məsələsində kövrək sülhü təhlükə altında qoyub və savaş istənilən an başlana bilər: "Paşinyanın addımları onun siyasətdə hələ çox naşı olduğunu göstərir və təəssüf ki, belə vəziyyətdə Qarabağ savaşı yenidən təkrarlana bilər. Amma ötən əsrin 90-cı illərindən fərqli olaraq, indi vəziyyət bizim lehimizə deyil. İstər hərbi, istərsə də diplomatiya sahəsində. Azərbaycan bölgədə mövqelərini xeyli gücləndirib. Üstəlik, Rusiya və Türkiyə də Azərbaycanın yanındadır. Ermənistan isə tək qalıb və bu durumda Qarabağ müharibəsinin yenilənməsi bizə müsbət nəsə vəd etmir".

Digər erməni ekspert Artaşes Qeqamyan isə, qeyd edir ki, Nikol Paşinyan hələ də hansısa virtual dünyada işləməyi davam etdirir: "Demək yetər ki, onun çıxış və nitqlərini analiz edərək, bir nəticəyə gəlirsən: ölkə rəhbərinin gerçəklikdən tam ayrı düşdüyü göz qabağındadır. Görünən budur ki, Azərbaycan savaşa hazırlaşır, Paşinyan isə əksinqilabçıları ifşa etməklə məşğuldur. Bu da, Ermənistana baha başa gələcək".

Ermənistanın "Lragir" saytı isə yazır ki, İrəvanın yeni geosiyasi reallığı görməsi çox vacibdir: "Nəzərə alınmalıdır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rus həmkarı Vladimir Putinlə İdliblə bağlı razılaşdı, əvəzində, Bakı və Ankara Moskvadan Dağlıq Qarabağı alacaq". Sayt yazır ki, Rusiya Türkiyəyə hədiyyə verəcək: "Bu hədiyyənin nə olduğu Rusiya-Ermənistan münasibətlərinin gərginliyi fonunda aydın olur. Bakı və Ankara Moskvanı Qarabağın qaytarılması məsələsinə razı salıb. Ermənistan üçün Rusiyasız Türkiyə və Azərbaycanla mübarizə aparmaq çətin olacaq".

Erməni mətbuatının yazdığına görə, ölkədə yaranmış ağır durumla bağlı erməni ekspertləri bildirirlər ki, hər şeyin bir sonu olduğu kimi, Paşinyanın da oyunbazlığının sonunun zamanı gəlir: "Paşinyan min-bir hiylə ilə hördüyü corabın toruna özü düşüb. Ölkə fəlakət durumundadır. Repressiv şərait, ağır sosial-iqtisadi durum üzündən ölkəni tərk edənlərin sayı sürətlə artır".

Ermənistanda yoxsulluq həddi 52 faizi keçib

Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə ölkə əhalisinin yarıdan çoxu yoxsulluq həddində yaşayır: "2008-ci ildə yoxsulluq həddi 27,6 faiz olub, bu gün isə bu göstərici artıq 52 faizi keçib. 2014-cü ildə Ermənistanın 5 min 242 vətəndaşı 44 ölkədən siyasi sığınacaq istəyib. Son iki ildə isə Ermənistandan siyasi sığınacaq üçün 10 min vətəndaş müraciət edib. Siyasi miqrasiya ilə yanaşı, Ermənistandan iqtisadi mühacirət də artıb. Son dönəmlərdə Ermənistandan mühacirət 4 min nəfər artaraq, 47 minə çatıb. Bunun nəticəsidir ki, Ermənistanda bölgələrdə yaşayan əhalinin sayı sürətlə azalan istiqamətdə inkişaf edir. Dramın qiymətdən düşməsi ölkədə bahalaşma prosesini sürətləndirib. Bu gün işğalçı Ermənistanda vəziyyət çox acınacaqlıdır. İqtisadiyyat böhran içərisindədir. Xaricdən axan külli miqdarda yardımlar isə əvvəlki səviyyədə olmadığından, əhalinin sosial durumu daha da ağırlaşıb. İstehsalat dayanıb, sənaye müəssisələri işləmir. Əmək haqları verilmir. Ermənistan əhalisi yoxsulluqdan kütləvi şəkildə ölkəni tərk edir. İşğalçı ölkədə ticarət dövriyəsinin azalması problemləri daha da dərinləşdirir. Ermənistan artıq hər ayı iqtisadi geriləmə ilə başa vurur. Son dövrlərdə ölkədə xarici ticarət dövriyyəsi 222,5 milyon dollara bərabər olub. Bu isə 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 51 faiz azdır".

Bir sözlə, acınacaqlı siyasi situasiya ilə üzləşən N.Paşinyan, necə deyərlər, Ermənistanı iflasdan iflasa sürükləməkdədir. Bu faktdır ki, Ermənistanın heç bir sərvəti olmayan, qonşu ölkələrlə iqdisadi potensialı olmayan və nədən qazanıb iqdisadiyyat quracağı bəlli deyil.

Ən maraqlı məqam isə, artıq erməni ekspertləri aydın şəkildə bildirirlər ki, nə qədər ki, Ermənistan Azərbayanın işağal altındakı torpaqlarını azad etməyəcək, bir o qədər ağır iqtisadi, siyasi mərhumiyyətlərə, məşəqqətlərə düçar olacaq. Bunu dərk etmək çətin olmasa da, N.Paşinyan anlamaq istəmir. Çünki müstəqil deyil, böyük güclərin, erməni lobbisinin əlində oyuncaqdır. Qondarma gedişlər etməklə, itirməkdə olan siyasi imicini möhkəmləndirməyə çalışır.

A.SƏMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə