Müxalifət “zəifik” etirafını edir, amma... TƏRS BAXIŞ

Müxalifət “zəifik” etirafını edir, amma... TƏRS BAXIŞ

Digər həqiqətləri səsləndirməyə cürət etmir

Son zamanlar ənənəvi müxalifət düşərgəsində kəskin qarşıdurmaların və ziddiyyətlərin artması bir daha təsdiq edir ki, bu cinahda yer alan partiyalar, ayrı-ayrı şəxslər hətta bundan sonrakı illərdə belə, heç bir ortaq məxrəcə gələ bilməməklə yanaşı, oturduqları budaqlarını kəsməyə davam edəcəklər. Xüsusilə, partiyalararası, hərəkatlararası münasibətlərin pozulması faktları, misal üçün, "Milli Şura"-REAL, "AXH"-daxili qarşıdurmalar, AXCP-Müsavat düşmənçiliyi bu cür əsaslanmağa kifayət qədər zəmin yaradır.

Onların bəlli etiraflarda bulunmaları açığı desək, təəccüb doğurur

Digər maraqlı məqam isə budur ki, baş verənləri elə müxalifətdəki təmsilçilər də açıq-aşkar etiraf edirlər. Baxmayaraq ki, onlar parçalanma məsələlərində iştirakçıdırlar və özlərinin də təmsil olunduqları düşərgəyə zərbələri dəyir, onların bəlli etiraflarda bulunmaları açığı desək, təəccüb doğurur.

Misal üçün, bir neçə gün öncə "AXH"-də AMDP sədri İsgəndər Həmidovla qarşı-qarşıya gələrək, əl-qol davasına çıxan Ağ partiyanın sədri Tural Abbaslı etiraf edir ki, Azərbaycan siyasi səhnəsində bu günə kimi müxtəlif tərkibdə və müxtəlif formatda müxalifət birlikləri və bloklarının yaranması faktdır. "O da həqiqətdir ki, bu birlik və bloklar ya səssiz şəkildə, ya da qarşılıqlı ittiham və tənqidlərlə, hətta təhqirlərlə işinə xitam verib", deyən müxalifətçi partiya sədri nə qədər maraqlı görünsə də, burada qeyri-adi heç nəyin olmadığını bildirib. Amma ortada qeyri-adi heç nə yoxdursa, bu zaman qalmaqallar, dava-dalaşlar nədən qaynaqlanır? Söz yox ki, burada şəxsi maraqların mövcudluğunu etiraf etməyə heç bir müxalifət partiya sədrinin cürəti çatmır. Bu baxımdan, T.Abbaslının belə məsələlərdə bilavasitə deyil, dolanaraq etiraflar etməsi onun qeyri-səmimiliyinin aşkar göstəricisidir.

Tural Abbaslı özünü necə sığortalamağa çalışır?

Həmçinin, dağılma və parçalanmalarda ən asan variant kimi hakimiyyəti günahlandırmaq da onların köhnə peşəsidir desək, yanılmarıq. Misal üçün, "Ağ partiya"nın sədri öz etiraflarını edərək, sonda "nöqtəni" hakimiyyətin üzərində qoymağa cəhd edib. "Blok və birliklərin dağılma səbəbləri içərisində şəxsi ambisiyaları, ümumi dil tapılmamasını, qarşılıqlı dialoq və konsensus çatışmazlığını, hətta hakimiyyətin bu parçalanmada maraqlı olmasını da göstərmək olar", deyən müxalifət nümayəndəsi çox yəqin ki. Gözündəki tiri görməyərək, başqalarının gözlərində qıl axtarmaqla, bir növ, özünü sığortalamağa çalışır. Amma onun bu cəhdi əlbəttə ki, kənardan məntiqsiz görünür.

Əli Orucov da Tural Abbaslı kimi danışdı...

AMİP-in katibi Əli Orucov da demək olar ki, T.Abbaslı ilə eyni mövqedən çıxış edərək, müxalifətdaxili ağır vəziyyəti açıq-aşkar etiraf etmək yerinə, hər şeyi hakimiyyətin üzərinə yıxmağa çalışıb. "Siyasətdə də əbədi heç nə olmur", deyən AMİP səlahiyyətlisinə görə, atılan addımlar da bəlli zamanlarda və uyğun maraqlara hesablanır: "Lakin burada müəyyən səhvlərin olması da etiraf edilməlidir: "Çünki bu səhvlər təhlil edilib aradan qaldırılmayanda təkrarlanır və ümumi fəaliyyətə zərər vurur. O səhvlər ondan ibarətdir ki, partiyalar arasında birliklər adətən ideoloji və təməl prinsiplər üzərində qurulmalıdır. Lakin Azərbaycanda bu tələbə əhəmiyyət verilmir, təsnifatlar nəzərə alınmır-sağdır, soldur, mərkəzçidir və sair nəzərə alınmır".

Bu kimi etiraflardan sonra onun da siyasi həmfikri kimi müxalifətin dağılmasında hakimiyyətin marağının olması iddiasını irəli sürməsi gerçək təsir bağışlamır. Çünki zəif və uğursuz müxalifət güclü hakimiyyətə heç nə edə bilmək təsirinə malik deyil. Əksinə, müxalifət hakimiyyətlə dialoqa gedərək, ayaqda qalmağa çalışmalı, ümummilli məsələlərdə iqtidara dəstək göstərməlidir. Amma belə müxalifət nə xalqa, nə dövlət maraqlarına heç bir xidmət göstərmir. Onların yeganə xidmətləri var ki, bu da bir-birlərini didib, siyasi arenadan birdəfəlik silinmək...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə