"Prezidentin rəhbərliyi ilə böyük uğurlara imza atılıb" MÖVQE - ÖZƏL
“Fransanın nüfuzlu tədqiqat mərkəzlərindən biri olan “Opinion Way” şirkətinin Azərbaycan Prezidentinin son 1 il ərzindəki fəaliyyəti ilə bağlı ölkəmizdə keçirdiyi rəy sorğusu bir daha təsdiqlədi ki, son bir ildə ölkədə vətəndaşının mənafeyinin və hüquqlarının üstünlüyünü hədəf seçmiş islahatlar, enerji, nəqliyyat sferalarında, xarici siyasətdə qazanılan analoji uğurlar bir-birini tamamlayaraq, dövlətin dayanıqlı inkişafında harmoniya yarada bilib”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
O bildirib ki, şirkətin çoxsaylı respondentlərin iştirakı ilə Azərbaycanın bütün bölgələrində keçirilən geniş rəy sorğusunun məqsədi Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyətə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahat kursuna, hökumətin ümumi daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək olub: “Sorğuda iştirak edən respondentlər ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi yüksək qiymətləndiriblər. Real ictimai rəyi əks etdirən nəticələr əslində bizim üçün gözlənilən olub. Çünki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə 2003-cü ildən yeni vüsət alan müstəqil dövlət quruculuğunun bütün istiqamətlər üzrə ciddi nailiyyətlər əldə edilib, böyük uğurlara imza atılıb”.
Deputat söyləyib ki, ölkə başçısının həyata keçirdiyi düşünülmüş, uzaqgörən daxili və xarici siyasəti birlikdə vəhdət təşkil edərək, vətəndaş cəmiyyətinin formalaşmasına xidmət edib: “Bütün dünyada müxtəlif sahələrdə özünü göstərən böhranların fonunda Azərbaycan sabit şəraitdə sürətli inkişafını davam etdirib. Xüsusən, son bir ildə ölkədə vətəndaşının mənafeyinin və hüquqlarının üstünlüyünü hədəf seçmiş islahatlar, enerji, nəqliyyat sferalarında, xarici siyasətdə qazanılan analoji uğurlar bir-birini tamamlayaraq, dövlətin dayanıqlı inkişafında harmoniya yarada bilib. Ən əsası isə ayrı-ayrı sahələr üzrə verilən qərarlar, həyata keçirilən islahatlar ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsinə, maddi və mənəvi rifah halının yaxşılaşmasına, Azərbaycanın müstəqil dövlət kimi güclənməsinə xidmət edib”.
N.Həmzəyev qeyd edib ki, məhz bunun üçün də Prezident İlham Əliyevin son bir il ərzində gördüyü işləri respondentlərin 85,1 faizinin yüksək dəyərləndirməsi ölkəmizdə xalq-iqtidar birliyinə verilən müsbət qiymətlə yanaşı, hər bir Azərbaycan vətəndaşının ölkə başçısına olan inamın, etimadın, sevginin göstəricisi oldu: “Sorğu bir daha nümayiş etdirdi ki, Prezident İlham Əliyevin yorulmadan dövlətçiliyin möhkəmləndirilməsi, xalqın firavan həyat şəraitinin inkişaf etdirilməsi naminə apardığı inqilabi islahatlar öz bəhrəsini verib. Uğurlu idarəetmə nəticəsində ölkədə sabitliyin tam bərqərarı, ordu quruculuğundakı böyük uğurlar, şəhid ailələrinə birdəfəlik müavinətlərin verilməsi, təqaüdlərin artırılması, Qarabağ veteranlarına əlavə ödənişin müəyyən edilməsi, minimum əməkhaqlarının orta aylıq əməkhaqlarına yaxınlaşdırılması, problemli kreditlər məsələsinin həll olunması ölkə ictimaiyyətində böyük ruh yüksəkliyi yaradıb. Sorğuda iştirak edən hər bir Azərbaycan vətəndaşı tərəddüd etmədən müsbət rəyini inandığı, etimad bəslədiyi Prezidentinə verib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB