"Aprel döyüşləri Azərbaycan tarixinə şanlı hərbi qələbə kimi yazıldı" MÖVQE - ÖZƏL

"Aprel döyüşləri Azərbaycan tarixinə şanlı hərbi qələbə kimi yazıldı" MÖVQE - ÖZƏL

“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi hissəsində çıxış edərkən Aprel zəfərinin xalqımız üçün əhəmiyyətini aydın şəkildə bir daha ifadə etdi. Ölkə başçısının da söylədiyi kimi Aprel döyüşləri bir daha onu göstərdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Aprel döyüşlərinin Azərbaycan tarixinə şanlı hərbi qələbə kimi yazıldığını dilə gətirən deputat söyləyib ki, bu səfər ordumuzun, dövlətimizin və xalqımızın gücünü bir daha dünyaya göstərmiş oldu: “Bu gücün sayəsində bu gün Azərbaycan bayrağı Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində dalğalanır. Bu qələbə bizə sevinc yaşatsa da, zəfərin əldə edilməsi uğrunda canından keçən şəhidlərimizi də unuda bilmərik. Bu qələbənin əldə edilməsində hərbçilərimizlə yanaşı, mülki şəxslərimiz arasında da həlak olanlar oldu. Belə ki, gedən döyüşlər zamanı 2 uşaq olmaqla 6 mülki şəxs həlak oldu, 26 şəxs ağır yaralandı. Döyüşlərin bir neçə gün davam etməsinə baxmayaraq, həmin günlər ərzində hər bir Azərbaycan vətəndaşı öz mövqeyini, həmrəyliyini, fədakar olduğunu göstərdi”.

N.Həmzəyev qeyd edib ki, Aprel döyüşləri zamanı düşmən təkcə milli birlikdən güc alan, işğalla barışmayan Azərbaycan xalqının qələbə əzmini görmədi, həm də ölkəmizin bir həmlə ilə Ermənistanda hətta hakimiyyət çevrilişinə səbəb olacağını anladı: “ Buna görə də Ermənistan aprel döyüşlərini bir daha xatırlamalı və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atacağı addımlarında düzgün mövqe ortaya qoymalıdır. Əks halda, bu döyüşlərin yenidən təkrarlanması qaçılmaz ola bilər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə