Musa Quliyev: "Paytaxt sakinləri başqa bir yerə getmədən bayram süfrəsi üçün lazım olan bütün nemətləri yarmarkalardan əldə edə bilirlər"
Xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı münasibəti ilə paytaxtımızın bütün rayonlarında Novruz yarmarkaları fəaliyyətə başlayıb. Təşkil olunan bayram yarmarkaları ilə bağlı "Səs" qəzetinə açıqlamasında millət vəkili Musa Quliyev bildirdi ki, belə bayram yarmarkaları dünyanın hər yerində keçirilir: "Yarmarkalarda müvafiq şəraitin yaradılması, əhali və fermerlər üçün əlverişli ticarət mühitinin formalaşdırılması, sui-istifadə hallarının aradan qaldırılması üçün tədbirlər görülür. Bayram yarmarkalarında respublikamızın müxtəlif bölgələrindən gəlmiş fermerlər şəhər sakinlərinə müxtəlif kənd təsərrüfatı mallarını bazar qiymətlərindən xeyli ucuz təklif edirlər: Fermerlər üçün yarmarkalarda müvafiq şərait yaradılıb. Fermerlər yarmarkada malını reklam edir, haqq ödəmədən məhsulunu satır. Digər tərəfdən isə, paytaxt sakinləri başqa bir yerə getmədən, bayram nemətlərini bir məkandan əldə edə bilirlər".
M.Quliyevin sözlərinə görə, satışa çıxarılan məhsulların keyfiyyətinə və qiymətlərinə müvafiq qurumlar tərəfindən nəzarət olunur: "Yarmarkada ölkənin müxtəlif rayonlarından gətirilən müxtəlif çeşiddə kənd təsərrüfatı məhsulları təzə və keyfiyyətli olmaqla, eyni zamanda, bazarlardakından ucuz qiymətə əhaliyə təqdim olunur. Novruz yarmarkalarında vətəndaşlarımız ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını əldə edə bilirlər. İstiliklə təchiz olunan yarmarkada iştirakçılar xüsusi xalat, piştaxtalar və tərəzilərlə təmin ediliblər. Məhsulların qida təhlükəsizliyi standartlarına uyğunluğu da yoxlanılıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə əldə edilmiş razılığa əsasən, yarmarka ərazisində Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyası fəaliyyət göstərir. Məhsullar laboratoriya yoxlamasından keçirildikdən sonra satışa buraxılır. Yarmarkalarda, gündəlik olaraq 70 növdə, 150 tondan artıq kənd təsərrüfatı və qida məhsulunun satışına şərait yaradılıb".
M.Quliyev, onu da bildirdi ki. gələcəkdə böyük marketlərin də belə bir təşəbbüsə qoşulmaları arzuolunandır: "Qoy onlar da bayram ərəfəsində öz mallarına 5% endirim etsinlər".
Bayram ərəfəsində yaradılan şərait paytaxt sakinlərində məmnunluq yaradır. Bayram süfrəsi üçün lazım olan hər bir məhsul bu yarmarkalarda var.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB