Bakıda Beynəlxalq konfrans keçirilir YENİLƏNİR

Bakıda Beynəlxalq konfrans keçirilir YENİLƏNİR

Bu gün Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə “Dinlər və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilir. SİA-nın verdiyi məlumata görə, konfransda ABŞ-ın ölkəmizdə səfərdə olan nümayəndə heyətinin üzvləri, Kabardino-Balkar Respublikasının müftisi, İmam Əbu-Hənifə adına Şimalı Qafqaz Universitetinin rektoru, o cümlədən tanınmış dövlət, din və elm xadimləri, dini konfessiya rəhbərləri, hökumətin və parlamentin üzvləri və ictimaiyyətin nümayəndələri iştirak edirlər.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, ABŞ-ın “Etnik Anlaşma Fondu”nun prezidenti ravvin Mark Şnayer, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Milli Məclisin vitse-spikeri Bahar Muradova, “İqls Vinqs” təşkilatının qurucusu və rəhbəri Yepiskop Robert Störns, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, millət vəkili İsa Həbibəyli, Milli Məclisin deputatları Mixail Zabelin, Yevda Abramov, eyni zamanda ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri çıxış edəcəklər.

Azərbaycandakı dini konfessiyalarla ABŞ-dakı yəhudi və yevangelist xristian icmalarının əlaqələrin qurulması və gələcək əməkdaşlığı baxımından əhəmiyyətli olan beynəlxalq konfransda Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində dinlərarası dialoqu və əməkdaşlığı dəstəkləyən, bu prosesin əsas təşəbbüskarı və lokomativi kimi çıxış edən Azərbaycanın nümunəvi təcrübəsinin təbliğ və təşviq edilməsi, sülh, əməkdaşlıq naminə bir araya gələn ölkələr və dinlər arasında ünsiyyət platformasının daha da dərinləşdirilməsi istiqamətində müzakirələr aparılacaqdır.

Eyni zamanda, konfrans çərçivəsində Azərbaycanın tarixi-dini abidələrinin fotolarından ibarət sərgi keçiriləcəkdir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə