“Oyan” hərəkatı nədən ayıldı? MÜXALİFƏT

“Oyan” hərəkatı nədən ayıldı? MÜXALİFƏT

Yaxud, qrantlar itirildikdən sonra, əsl həqiqətlər və etiraflar üzə çıxır

Uzun illərdir dağıdcı müxalifət kuluarlarında var-gəl edən təşkilatlardan biri də “Oyan” hərəkatıdır. Belə ki, istər “Oyan”, istər “NİDA”, istər “Dalğa” və s. bu kimi hərəkatların məqsədləri “siyasi mübarizə” adı altı altında radikal “liderlərin” fəaliyyətlərinə dəstək göstərmək, bu vasitə ilə qrantlar qazanıb, maliyyə imkanlarını artırmaqdır ki, son zamanlar siyasi müxalifət partiyaları ilə bənzər hərəkatların arasında dərin uçurumlar yaranıb.

Müxalifətyönlü hərəkatlar “liderlərdən” imtina edirlər – səbəbləri var?

SİA xəbər verir ki, bu arada, “Meydan tv”-yə canlı yayım vasitəsi ilə qatılan “Oyan” hərəkatının təmsilçisi Nahid Cəfərov müsahibəsi əsnasında AXCP, Müsavat, REAL partiyalarının rəhbərliklərini sərt şəkildə ittiham edib. Maraqlıdır ki, dünənə qədər onları tərifləyən, “müxalifətin mübariz liderləri” adlandıran N.Cəfərov bu dəfə tamamilə fərqli mövqedən çıxış edib. Bu isə, həm də bir gerçəkliyi isbatlayır ki, artıq müxalifətyönlü hərəkatlar özləri siyasi müxalifətçiliyi, hətta “liderliyi” ələ almağa, bu vasitəylə kəsilmiş qrantlarını bərpa etməyə cəhdlər göstərirlər.

Nahid Cəfərov: “Yəni, hakimiyyətin son islahatlarının arxasında nə 19 yanvar mitinqi dayanır, nə də REAl-ın imzatoplama kampaniyası”

Misal üçün, sözügedən müsahibəsində mitinq məsələsinə toxunan N.Cəfərov bildirib ki, mitinqlər heç də siyasi uğur qazanmaq üçün çıxış yolu deyil. Çünki bu günə qədər keçirilmiş mitinqlərin heç birində “liderlərin” verdiyi vədlər özünü doğrultmayıb. O cümlədən, AXCP sədri Əli Kərimlinin hakimiyyətin apardığı inqilabi islahatları keçirdiyi mitinqinin “nəticəsi” olaraq, həm də həyasızcasına əlaqələndirməsini doğru hesab etməyən N.Cəfərov, İlqar Məmmədovun sədri olduğu REAL partiyasının da imzatoplama aksiyasının baş verən son proseslərə heç bir aidiyyatı olmadığını qeyd edib. “Oyan” hərəkatının təmsilçisi bu amilə toxunaraq deyib: “ Mitinq təşkil edib insanları xəyal qırıqlığına uğratmaq siyasi proseslərə çox ciddi zərər vurur. Yəni, hakimiyyətin son islahatlarının arxasında nə 19 yanvar mitinqi dayanır, nə də REAl-ın imzatoplama kampaniyası”.

Daha bir səbəb – müxalifətin heç vaxt proqram və konsepsiyası olmayıb!

Eləcə də, AXCP sədri Əli Kərimlinin işinin yalnız danışmaq olduğunu deyən N.Cəfərov deyib ki, hakimiyyəti tənqid etmək çıxış yolu, müxalifətçilik deyil. Yəni sağlam müxalifət normal, sivil qaydalara uyğun hərəkət etməli, proqram və konsepsiyalarını təqdim etməlidir ki, hazırkı “liderlər” bu istiqamətdə ümumiyyətlə, heç bir addım ata bilmirlər: “Müxalifət xalq üçün nə yaxşıdır, onu konsepsiya şəkilində təqdim etməlidir. Bu günə qədər Azərbaycan müxalifəti bunu edə bilməyib.

REAL-ın ideyası və mövqeyi də qeyri-müəyyəndir. Bu partiyanın təklif etdiyi çıxış yolları əslində ağrıkəsicidir və problemi kökündən həll edə bilməz”.
Göründüyü kimi, “Oyan” hərəkatının təmsilçisi belə qənaəti ilə əslində, hazırkı dövrə qədər aldadıldıqlarını, “liderlərin” mövqelərinin yalnız şəxsi mənfəətə yönəldiyini deyir və sözün əsl mənasında, təmsil olunduğu hərəkatın “yuxudan ayıldığını” etiraf edir.
Ancaq əsas məqam budur ki, əsasən, müxalifətçi baxışları olan insanların yığışdığı bu hərəkat nə Əli Kərimlini, nə İlqar Məmmədovu, nə Arif Hacılını, nə İsa Qəmbəri, nə Rəsul Quliyevi nə də ki, digərlərini özlərinə “lider” hesab etmədiyini açıq-aydın vurğulayır.

Əli Kərimli dindən manipulyasiya kimi istifadə edir

Özü də, bu “liderlərin” gələcəyə baxışlarının olmadığını da deyən N.Cəfərov sonda növbəti diqqətçəkici nüansa toxunur. Bu isə, AXCP sədri Ə.Kərimlinin radikal dindarların “lideri” hesab edilən, Nardaran hadisələrinin əsas baiskarı olan Tale Bağırzadə ilə manipulyasiya cəhdidir. “Klassik müxalifətin rəhbərlərinin gələcəklə bağlı baxışları olmadığı üçün biz onları lider hesab edə bilmərik, onlar partiya sədrləridir” – deyən N.Cəfərov Ə.Kərimlinin T. Bagırovla bağlı planlarını nəzərdə tutaraq qeyd edib ki, dindən siyasi manipulyasiya vasitəsi kimi isitfadə etmək yolverilməzdir.
Beləliklə, fakt ortadadır. Fakt isə budur ki, artıq “Oyan” hərəkatı kimi yaxınlarda digər müxalifətyönlü hərəkat və qurumların da bənzər fikirlər səsləndirəcəkləri gün elə də uzaqda deyil. Yəni, artıq radikal müxalifətə yandaşlıq edənlərin əksər çoxluğu həqiqəti dərk etməyə başlayıblar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə