Dünyanın kosmik klubunun üzvü olan Azərbaycanın uğurları

Dünyanın kosmik klubunun üzvü olan Azərbaycanın uğurları


Ölkəmiz yüksək texnologiyaların ixracında Avropa ölkələri siyahısında ikinci yerdə qərarlaşıb

Azərbaycandakı siyasi sabitlik, dinamik sosial-iqtisadi inkişaf, cəmiyyətimizin demokratikləşməsi, nəhəng enerji və nəqliyyat layihələrinin reallaşması Azərbaycanın informasiya və kommunikasiya texnologiyalarının inkişafı sahəsində də qabaqcıl ölkələr sırasına çıxmasına imkan yaradıb. Bu gün ölkəmizdə İKT sektoru sürətlə inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin prioritet elan olunması, 2008-ci ildə "Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması", 2009-cu ildə ölkədə "Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında" dövlət başçısının sərəncamları bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin əyani təsdiqidir. Prezident İlham Əliyev tərəfindən 2010-cu ildə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında Sərəncam imzalandı. Azərbaycan, Avropa və Amerika mütəxəssislərinin birgə səylərinin nəticəsi olan, amma Azərbaycan adı ilə ərsəyə gələn, Azərbaycan bayrağının təsviri ilə kosmosa göndərilən "Azərspace-1" telekommunikasiya peykinin orbitə çıxarılması, ölkəmizin daha bir nailiyyəti olaraq, tarixə düşdü. Bu, Azərbaycanın elmi-texniki və iqtisadi qüdrətinin uğuru idi. İstismar müddəti 15 il olan "Azərspace-1" peyki Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edir. Eyni zamanda, Azərbaycanın ilk telekommunikasiya peyki informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayesinin inkişaf etdirilməsi ilə yanaşı, kommersiya xarakterli və gəlirli bir layihədir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bu peykin fəaliyyətinin iqtisadi cəhətdən də səmərəli olacağını vurğulamışdır: "Gələcəkdə bu sahənin hər bir ölkə üçün nə qədər vacib olduğunu, əminəm ki, hər kəs görəcəkdir. Hər bir ölkənin uğurlu, dayanıqlı inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həlledici rol oynayacaqdır. Mən buna əminəm. Mən çox şadam ki, biz bu istiqamətdə bütün işləri planlı, məqsədyönlü şəkildə aparırıq. Bütün addımları atırıq ki, ölkəmiz daha da güclənsin və Azərbaycan daha da müasir dövlətə çevrilsin".
Artıq ötən müddətdə, uğurlar əldə edilib. 2014-cü ildən "Azərspace-1" peyki vasitəsilə Azərbaycanın bütün televiziya və radio kanalları keyfiyyətli yayıma başlayıb. Həmçinin, tələb və rəqabətin artması, peyk tutumlarının bazar qiymətlərinə uyğun təklif olunması "Azerspace-1" peykinin əhatə etdiyi regionlarla əməkdaşlığı gücləndirməyə, eləcə də, Livan, əfqan və ərəb bazarında fəaliyyət göstərməsinə şərait yaradıb. Hazırda "Azərspace -1" peyki vasitəsilə Azərbaycan, türk, ingilis, gürcü, fars, əfqan və digər dillərdə 120-dən artıq televiziya kanalı yayımlanır. "Azerspace-1" peyki regionda kifayət qədər tanınıb.
Hazırda "Azerspace-1" peykinin resurslarının 60 faizdən çoxu kommersiya yönümlü istifadədədir. Ölkədə bu sahənin inkişafını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev bildirib ki, bu gün Azərbaycan öz məhsulunu ixrac edir və peyklərin fəaliyyəti nəticəsində, ölkəmizə valyuta gəlir: "Azərbaycanın kosmik sənayedə əldə etdiyi uğurlar, eyni zamanda, qeyri-neft sektorumuzu inkişaf etdirir, qeyri-neft sənayemizi irəliyə aparır... Eyni zamanda, "Azərsky" müşahidə peyki vasitəsilə biz, nəinki ölkəmizin, dünyanın istənilən nöqtəsində baş verən bütün hadisələri daim, müntəzəm olaraq, izləyə bilirik, nəzarət edə bilirik. Azərbaycanın müdafiə və hərbi potensialının gücləndirilməsi işində "Azərsky" peykinin xüsusi rolu vardır. Bu peykin fəaliyyəti nəticəsində, biz bu sahədə də xaricdən asılılığı tamamilə aradan qaldırdıq və bir çox ölkələr üçün peyk xidməti göstəririk".
Ölkəmizi daha böyük uğurlar gözləyir. Ötən il orbitdə özünün telekommunikasiya peyki olan azsaylı ölkələrdən biri olan Azərbaycanın "Azərspace-2" peykini orbitə buraxılması xalqın daha bir uğuru olaraq tarixə yazıldı. 6 il bundan əvvəl, "Azerspace-1"-in orbitə buraxılması, bir daha təsdiqlədi ki, bu gün Azərbaycan beynəlxalq aləmdə neft-qaz, turizm, tolerant, idman ölkəsi, eyni zamanda, innovasiyalar, informasiya-kommunikasiya texnologiyaları və kosmik əlaqələndirmələr ölkəsi kimi də tanınıb. Son altı ildə ərzində, Azərbaycan orbitə 3 peyk çıxara bilib. "Peyklərin orbitə çıxarılması dövlətimizin gücünü göstərir, bizim siyasətimizi göstərir" - deyən Cənab Prezident artıq 3 peykimizin olduğunu vurğulayıb: "Azərspace-1" telekommunikasiya peyki, "Azərsky" müşahidə peyki və "Azərspace-2".
Bu günlərdə yüksək texnologiyaların ixracında ən böyük artım göstərən Avropa ölkələrinin siyahısı hazırlanıb. Britaniyanın "London Loves Business" nəşrinin hazırladığı siyahıda Azərbaycan orta hesabla 41,1 faizlik illik artım tempi ilə ikinci sırada qərarlaşıb. Belə ki, 2016-cı ildə Azərbaycanda yüksək texnologiyaların ixracının dəyəri 9 milyon 132 min 464 dollar təşkil edib. Ölkəmizin 2016-cı ildəki ixracının 49,9 faizi Avropa, 46,4 faizi isə Asiya ölkələrinin payına düşüb. "World Factbook" Mərkəzi Kəşfiyyat Agentliyinin məlumatına görə, Azərbaycanın ixrac etdiyi məhsul və xidmətlər ölkənin ümumi istehsalının 45,9 faizinə bərabərdir. O da bildirilir ki, elm və texnologiya Azərbaycanda dövlət siyasətinin əsas sahələrindən biridir.
Yüksək texnologiyaların ixracında ən böyük artım göstərən Avropa ölkələrinin siyahısında Azərbaycanın orta hesabla 41,1 faizlik illik artım tempi ilə ikinci sırada qərarlaşması bu ölkəmizin böyük nailiyyətidir. Qeyd olunanlar Azərbaycanın dünyada kosmik uğurlarının göstəricisidir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə