Sülh və bəşəriyyət əleyhinə yönələn əməl

Sülh və bəşəriyyət əleyhinə yönələn əməl

Bu gün Xocalı soyqırmından 27 il ötür

İyirmi yeddi il əvvəl erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətdilər. Bu soyqırımı erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir. Əlbəttə ki, erməni-rus hərbi birləşmələri Xocalıda terror planını əvvəldən hazırlamışdılar. 1992-ci il yanvarın 16-da keçirilən "Xüsusi müşavirə" sözügedən planın tərtib edilməsinə xidmət etmişdir. "Xüsusi müşavirə"də "Hoydad" və "ASALA" erməni terror təşkilatlarının nümayəndələri ilə yanaşı, Xankəndidə yerləşdirilmiş ruslara məxsus 366-cı motoatıcı alayın komandiri polkovnik Zarviqorov da iştirak etmişdi. 1992-ci ilin yanvar ayında Paris yaxınlığında qeyri-leqal məxfi təlim düşərgəsi yaratmış "ASALA" erməni terrorçu təşkilatının bir qrup üzvü 26 nəfərlik dəstə, mayor Aqşin Mimonyanın başçılığı ilə Xankəndinə gəlmişdi. Müşavirədən sonra 366-cı alayın tərkibində edilən dəyişikliklər xüsusi maraq doğurur. Belə ki, həmin il yanvarın 23-də 366-cı alayında sərəncam imzalanmışdı. Alayın daxili möhürü ilə təsdiq olunmuş sərəncama əsasən, alayda xidmət edən gürcülər, tatarlar, belaruslar, türkmənlər, qazaxlar və ləzgilər ordudan təxris olunmuşdur. Beləliklə, alaydan tərxis olunmuşların yerini xüsusi təlim keçmiş "Haydad"çılar tutmuşlar.
Xocalı soyqırımı ilə ermənilər Xocalının 1992-ci il 26 fevralda yer üzündən silinməsini və məhv olmasını reallaşdırdılar. Ermənilərin "burnunun qanamasını" soyqırımı kimi qələmə verən bəzi dövlətlərə əsl soyqırımının necə olmasını sübut etmək üçün Xocalı faciəsinin kadrlarını göstərmək kifayətdir.
1992-ci ilin 26 fevral qanlı faciəsinə kimi, Xocalıda 7 min əhali yaşayırdı. Dörd tərəfdən erməni terrorçu dəstələri tərəfindən əhatə olunan şəhər artilleriya və ağır hərbi texnikadan güclü və fasiləsiz atəşə tutuldu. Az bir vaxt ərzində şəhərdə böyük miqyaslı yanğınlar baş verdi və şəhər tamamilə alova büründü. Şəhərin azsaylı müdafiəçiləri və yerli əhalidən sağ qalanlar buranı tərk etməyə məcbur oldular. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən işğal edildi. Xocalı bir gecənin içərisində yerlə yeksan olundu. Beləliklə, soyuq və qarlı fevral gecəsində minlərlə dinc sakin girov götürüldü. Erməni terrorçularından yayınıb, meşələrə və dağlara qaçan insanların çoxu soyuqdan və şaxtadan məhv oldular. Xocalı şəhəri isə, Yer üzündən silindi. Xocalı soyqırımının nəticələri çox dəhşətli idi. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində, Bu kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi. Hər il dünya azərbaycanlıları və ədaləti uca tutanlar Xocalı faciəsi qurbanlarının xatirəsini yad edirlər.
Xocalı faciəsi, 200 ilə qədər bir müddətdə, erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq hüquqa əsasən, Xocalı faciəsinin, məhz soyqırımı olduğunu təsdiq edir.
İnsanlığa qarşı törədilmiş bu cinayət aktı beynəlxalq aləm tərəfindən öz ədalətli hüquqi qiymətini almalıdır. Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl iş aparır. Prezident İlham Əliyev Xocalı faciəsini təcavüzkar erməni millətçilərinin yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi kimi qiymətləndirib.
Erməni təcavüzkarlarının törətdikləri bu vəhşilik yaddaşlardan heç zaman silinməyəcək. Belə ki, bu, təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyildi, bəşəriyyətə və insanlığa qarşı törədilmiş qanlı cinayətdir.
Hər il bu müdhiş faciənin ildönümü respublikamızda və dünyanın müxtəlif ölkələrində ürək ağrısı ilə qeyd olunur. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondu böyük xidmətlər göstərib. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır. Həyata keçirilən ardıcıl və kompleks tədbirlərin, məntiqi nəticəsi olaraq, yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında və qətnamələrində əksini tapır. Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, İordaniya, Honduras, Qvatemala, Panama, Sudan parlamentləri, eləcə də, ABŞ-ın 22 ştatının qanunverici orqanları və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyan və pisləyən sənədlər qəbul ediblər. Beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayət sayılır. BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 saylı qətnaməsi ilə qəbul edilən və 1951-ci ildən qüvvəyə minən Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsbit edilib. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin Konvensiyada təsbit edilən soyqırımı cinayətinə aid bütün əməllər tətbiq olunub.
Bu gün bir çox dövlətlər Xocalı soyqırımının 27-ci ildönümündə Ermənistanın işğalçı siyasətinə son qoyulmasını, torpağından, ev-eşiyindən didərgin salınmış soydaşlarımızın öz yurdlarına qayıtmasını və günahkarların cəzalandırılmasını tələb edir. İslam Əməkdaşlıq Təşkilatı və Türkiyə parlamenti Xocalı soyqırımı ilə bağlı bəyanat yayıblar. Belçika Krallığının Brüssel şəhərində azərbaycanlıların Qarabağ həqiqətləri və Xocalı soyqırımının tanıdılmasına həsr olunmuş izdihamlı mitinqində Avropanın müxtəlif ölkələrindən təxminən 800-dək soydaşımız, eləcə də, Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri aksiya keçiriblər. Mitinqdə çıxış edən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri ingilis, alman, fransız, italyan, rumın və digər dillərdə "Xocalıya ədalət!", "Azərbaycan sülh istəyir!", "Günahsız körpələri öldürməyin!", "Erməni yalanlarına dur de!" və digər şüarlarla Avropa Parlamentinə, beynəlxalq təşkilatlara çağırış ediblər. Mitinq ərzində yerli sakinlərə, turistlərə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı maddi və mənəvi itkiləri əks etdirən broşürlər paylanıb. Dünyanın bir çox məkanlarında keçirilən tədbirlər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əhəmiyyətlidir. Xalqımız qəti əmindir ki, ədalət mütləq yerini tutacaq, hazırda Cənubi Qafqazın iqtisadi güc mərkəzinə çevrilən, beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirən, hərbi qüdrəti ilə seçilən Azərbaycan düşmən tapdağı altında olan torpaqlarını azad edəcək, şəhidlərimizin qanı yerdə qalmayacaq, günahkarlar isə layiqli cəzalarını alacaqlar.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə