Meydan və çayxana müxalifətçiliyindən şeytan müxalifətçiliyinə ANALİTİK
Yaxud, dəyişilməyn “təkəkkürlər” və rüsvayçı sonluq
Artıq, 26 ilə yaxındır ki, özləri arasında belə, “ana müxalifət” məsələsini həll edə bilməyən radikal müxalifət düşərgəsinin təmsilçiləri sözdə “demokratiya”, “prüalizm” və s. bu kimi pafoslar üzərində ölkənin siyasi arenasında sürünməkdə davam edirlər. Meydan və çayxana müxalifəti kimi də tanınan mövcud AXCP, Müsavat və s. kimi bənzər partiyaların kökündə dayanan əsas uğursuzluqlardan biri də, əlbəttə ki, öz aralarındakı ziddiyyətlər, qarşıdurmalar və savaşlardır. Maraqlıdır ki, öz aralarındakı savaşları nəzərə almadan, bir-birlərinə qarşı qənim, düşmən kəsilmələrinə rəğmən, hələ də, hakimiyyətə iddialı olduqlarını bəyan edən “liderlər” ümid edirlər ki, xalq bunların siyasi baxışlarına dəstək verəcək və bu yolla iqtidara yiyələnəcəklər və s. Amma bunun belə olmadığını elə özləri də yaxşı bilir, yaxşı anlayırlar. Anlayırlar ki, artıq bunların zamanları tükənib və siyasi ölümün yaxasından qurtulmağa müyəssər olmayacaqlar.
Bu kimi “siyasi mübarizə üsullarının” hər ikisi, el dili ilə deyərsək, eyni bezin qıraqlarıdırlar.
Görünür, bu səbəbdən, meydan və çayxana müxalifətçiliyini necə deyərlər, daha “proqressiv” müxalifətçiliklə əvəzləyib, istəklərinə nail olacaqlarına inanırlar, yaxud özlərini növbəti xam xəyallarına inandırmağa çalışırlar. Artıq informasiya texnologiyalarının, sosial medianın inkişaf etdiyi bir dövrdən öz çirkin məqsədləri üçün yararlanmağa çalışan meydan və çayxana müxalifəti dönüb-olub söyüş müxalifəti – buna həm də şeytançılıq müxalifəti də deyirlər. Siyasi mübarizə altında guya üslublarını dəyişdiklərini, belə bir biabırçı “yeniliklə” gündəmdə qalacaqlarını düşünənlər yenidən sübut edirlər ki, əslində heç nə dəyişilməyib – ya olsun çayxana müxalifətçiliyi, ya da şeytançılıq, yəni söyüş müxalifətçiliyi. Bu kimi “siyasi mübarizə üsullarının” hər ikisi, el dili ilə deyərsək, eyni bezin qıraqlarıdırlar.
Əli Əhmədov: “90-cı illərin əvvəllərinin başıpozuqluq dövründə formalaşmış həmin müxalifət o vaxt necə qaragüruhçu idisə, indi də elədir, bu günə qədər dəyişməyiblər”
Yeri gəlmişkən, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibi – Sədr müavini, Baş nazirin müavini Əli Əhmədovun bugünlərdə mediaya açıqladığı münasibətində də bu kimi məsələlərə toxunulub və vurğulanıb ki, Azərbaycanda özünü müxalifət hesab edən bəzi partiyaların fəaliyyəti ötən əsrin 90-cı illərinin əvvəllərinin, başıpozuqluq dövrünün qalıqları şəklində təzahür edir. Azərbaycanda bütün sahələrdə köklü dəyişikliklərin, inkişafın və tərəqqinin olduğu bir halda, dəyişilməyən məhz müxalifətin olduğunu deyən Əli Əhmədov bildirib ki, həyatda baş verən yeniliklər istər-istəməz düşüncələrdə, təsəvvürlərdə öz əksini tapır: “Amma bir şey Azərbaycanda dəyişməyib: bu da ölkəmizdəki özünü müxalifət hesab edən bəzi partiyalardır. Ona görə biz onları öz simalarına uyğun haqlı olaraq qaragüruhçu adlandırmaq zorundayıq. 90-cı illərin əvvəllərinin başıpozuqluq dövründə formalaşmış həmin müxalifət o vaxt necə qaragüruhçu idisə, indi də elədir, bu günə qədər dəyişməyiblər”.
Onun sözlərinə görə, Azərbaycanın inkişafı, yüksəlişi, insanların rifahının yaxşılaşmasını onlar pis qarşılayan sözdə müxalifət arzulayır ki, Azərbaycan inkişaf etməsin, insanların sosial rifahı aşağı olsun və yaranan çətinliklərdən öz çirkin məqsədləri üçün istifadə etsinlər: “Onların davranışlarının Azərbaycanın ümumi demokratik ab-havasına uyğun gəlməməsinin kökündə dayanan budur. Lakin belə müxalifət yeni əhvali-ruhiyyə şəraitində yaşayan bir cəmiyyətlə ahəngdarlıq təşkil edə bilməz. Onlar getdikcə daha da marginallaşıb və simalarını itiriblər. Ona görə çıxış yolunu cəmiyyətdə gərginlik yaratmaqda görürlər. Aydın şəkildə dərk edirlər ki, təhlükəsizliyin, əmin-amanlığın, iqtisadi inkişafın, rifahın yüksəlişi fonunda özlərinin bu şəraitə uyğun gəlməyən platformaları ilə insanları öz tərəflərinə çəkmək iqtidarında deyillər! Bu, onlar üçün vahimədir. Vəziyyətdən çıxış yolunu cəmiyyəti gərginləşdirməkdə, qarşıdurma yaratmaqda görürlər. Bunun üçün keçirdikləri mitinqlərdən faydalanmağa çalışırlar”.
Şeytan hər zaman haqq-ədalət qarşısında məğlub duruma düşür.
“Vətəndaşlar müxalifətin hansı niyyətlərlə fəaliyyət göstərdiyini aydın bilir və görürlər. Belə olan halda vicdanını itirmiş insanların istənilən təxribatçı hərəkətləri iflasa məhkumdur”, deyə dövlət rəsmisi vurğulayıb.
Beləliklə, sosial şəbəkələrdən maksimum şəkildə yararlanaraq, guya siyasi mübarizə aparan radikal müxalifətin tərzi elə eyni tərzdir və bu, bir daha sübut edir ki, onların meydan, küçə, çayxana müxalifətçilikləri “inkişaf edərək” klaviatura arxasında da davam etdirilir. Lakin fakt budur ki, heç bir vasitə onların dadına çatmır və bundan sonra da çatmayacaq. Çünki ortada şeytançılıq var və şeytan hər zaman haqq-ədalət qarşısında məğlub duruma düşür.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB