Mger Yegizaryanın ölümü - Paşinyanın sonunun əvvəli... ANALİTİK

Mger Yegizaryanın ölümü - Paşinyanın sonunun əvvəli... ANALİTİK

Vahid Ermənistan partiyasının sədr müavini, eləcə də jurnalist Mger Yegizaryanın aclıq aksiyası keçirərək, nəticədə ölməsi ölkə ictimaiyyəti arasında ciddi müzakirələrə səbəb olmaqla yanaşı, Nikol Paşinyan hakimiyyətinin də sərt tənqidlərə məruz qalmasına səbəb olmaqdadır. Hətta erməni cəmiyyətində belə bir fikir də formalaşmağa başlayıb ki, ölüm faktı baş nazir Paşinyanın sonunun əvvəli də ola bilər.

Belə ki, ölkənin bir sıra insan hüquqlarının müdafiəsi təşkilatları, o cümlədən, ombudsman aparatı sözügedən məsələ ilə bağlı etirazlı mövqelərini bildirməkdədirlər.

Ermənistanın ombudsmanı Arman Tatoyan: “Əvvəl-axır bunun səbəbləri öyrənilməlidir”

Artıq, Ermənistanın obmudsmanı Arman Tatoyan Yegizaryanın ölümü ilə bağlı fikirlərini bildirib və ümumilikdə, ölkədə məhbuslara qarşı ciddi qanun pozuntularının olduğunu etiraf edib. Onun sözlərinə görə, mövcud məsələlərlə əlaqəli bütün işlər yalnız fərdi hadisələr hallarında müzakirə edilir və prinsipcə, bu yolverilməzdir və kifayət deyil. Tatoyan jurnalistlərlə söhbətində deyib ki, artıq baş verən hadisə problemə çevrilib və aclıq məsələləri, eləcə də ölüm halları ilə bağlı baş verən hadisələr baxımından, bu kimi insidentlərin qarşısının alınması üçün ölkədə ümumi strategiya yoxdur. Erməni ombudsmanının sözlərini “news.am” saytı yazıb. “Təəssüf ki, hər belə hadisədən sonra, onun hansı səbəbdən və şəraitdən baş verməsini analiz etmirik və əvvəl-axır bunun səbəbləri öyrənilməlidir”, deyə qeyd edən Tatoyan jurnalistlərlə söhbətində bildirib ki, qeyd edilən faktlarla yanaşı, tibbi xidmətin göstərilməsi sistemində də ciddi problemlər mövcuddur, xüsusilə penitensiar müəssisələrində: “Halbuki, müvafiq müəssisənin əməkdaşları ilə müəyyən işlər aparılıb”.

“Hüquq ziddiyyətlərinə qarşı” İctimai Birliyinin sədri Larisa Alaverdyan: “Mger Yegizaryanın ölüm faktı insan hüquqları və ifadə azadlığı ilə bağlı bu ilin məruzələrində öz əksini mütləq tapacaq”

“Haynews.am” saytının məsulu Mger Yegizaryanın ölüm faktı şəksiz ki, bir sıra hüquq-müdafiə təşkilatlarının məruzələrində əksini tapacaq və bu, Ermənistanın reytinqinə təsir edəcək”. Bu fikirləri isə, ermənilərin digər media quurumu - “aysor.am” saytına erməni hüquq müdafiəçisi, “Hüquq ziddiyyətlərinə qarşı” İctimai Birliyinin sədri Larisa Alaverdyan deyib.

Onun bu fikirlərlə çıxış etməsinə daha bir səbəb isə, ABŞ-ın “The Washington Post” qəzetində Yegizaryanın ölümü ilə bağlı işıq üzü görən məqalədir. Belə ki, həmin məqalədə, Ermənistanda siyasi hakimiyyəti dəyişikliyinin baş verməsinə rəğmən, insan azadlığı və hüquqlarının kobud şəkildə pozulması barədə bir sıra faktlara toxunulub.

“Qəzetin dərc etdiyi məqalə təəssüf yaradır, belə ki, bu ilk reaksiyadır”, deyə qeyd edən erməni hüquq müdafiəçisi əlavə edib ki, Mger Yegizaryanın ölüm faktı insan hüquqları və ifadə azadlığı ilə bağlı bu ilin məruzələrində öz əksini mütləq tapacaq və minimum 3-4 məruzədə sözügedən insident xatırlanacaq.
“Mger Yegizaryanın ölümü ölkəmizi kölgə altına qoyur”, deyən Alaverdyan hüquq-mühafizə orqanlarına və ədliyyə sisteminə işarə edərək deyib ki, hər hansısa bir işi görməmişdən öncə, onun nəticəsini də düşünmək lazımdır.

Avropa Parlamenti hələ də susur...

Yeri gəlmişkən, bir müddət öncə, Azərbaycanda bloqer Mehman Hüseynovla bağlı bir sıra anti-Azərbaycan dairələrinin, eləcə də həmin dairələrlə iş birliyində olan radikal müxalifətin manipulyasiyalarının ardınca, Avropa Parlamentinin çıxardığı qərəzli qətnamə nədənsə, Ermənistanda jurnalist və siyasi partiya təmsilçisi Mger Yegizaryana yönəlik çıxarılmayıb. Daha dəqiq desək, Azərbaycandan fərqli olaraq, yəni Mehman Hüseynovun aclıq aksiyası keçirməməsinə rəğmən çıxarılmış qərəzli qətnamədən fərqli olaraq, Ermənistanda siyasi məhbusun aclıq aksiyası nəticəsində həyatını itirməsi ilə bağlı Avropa Parlamenti susqunluğa önəm verir. Bu isə həm də belə nəticəyə gəlməyə zəmin yaradır ki, ikili standartlardan çıxış edən Avropa Parlamenti bilavasitə erməni lobbisinin girovuna çevrilib.

Avropa İttifaqından isə ilk bəyanat gəldi - Maya Kosyançiç: “Düzgün araşdırmanın aparılması gözləntisindəyik”

Lakin Avropa Parlamenti susqun qalsa da, Avropa İttifaqı artıq Ermənistandakı ölüm faktı ilə bağlı ilk bəyanatını səsləndirib. “Avropa İttifaqı Ermənistan hakimiyyətindən Mger Yegizaryanın ölümü ilə bağlı hərtərəfli və düzgün araşdırma gözləyir”. Avropa İttifaqının xarici siyasət xidmətinin mətbuat katibi Maya Kosyançiçin keçirdiyi mətbuat konfarnsındakı fikirlərini “es.europa.eu” dərc edib.

Onun sözlərinə görə, hər kəsə bəllidir ki, Aİ işgəncələrə, qəddar münasibətlərə qarşıdır və belə hallarla mübarizə aparır.

“Bu kontekstdə biz Mger Yegizaryanın ölümü ilə bağlı hərtərəfli və düzgün araşdırmanın aparılması gözləntisindəyik. Biz, gözləyirik ki, Ermənistan hakimiyyəti fəaliyyətə keçəcək və biz bu hadisənin kursundayıq”, deyə Kosyançiç bildirib.

İnanmaq istərdik ki, bənzər bəyanatlar yalnız Avropa İttifaqından deyil, eləcə də Avropa Şurasından, həmçinin digər nüfuzlu Avropa təşkilatlarından, eləcə də ABŞ-ın Dövlət Departamentindən də səslənəcək və Ermənistanda insan hüquqlarının pozulmasını əks etdirən qətnamələr qəbul ediləcək. Əgər bu baş verməzsə, demək həmin qurumlar ikili standartlardan çıxış etdiklərini istər birbaşa, istərsə də dolayısı ilə etiraf etmiş olacaqlar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə