İsrailin baş naziri Bünyamin Netanyahunun aşırı sağçı xarici işlər naziri Aviqdor Libermanın Türkiyə ilə bağlı sözlərindən ciddi şəkildə narahat olduğu, ancaq koalisiyanın dağılmasını da göz önünə ala bilmədiyi bildirilib.
SİA-nın "TRT Haber"ə istinadən verdiyi məlumata görə, İsrail mətbuatında yer alan xəbərlərdə bildirilir ki, kabinetdə yer alan Əmək Partiyasından olan nazirlər Türkiyənin üzr tələbini "tərbiyəsizlik" kimi dəyərləndirən, baş nazir Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Əhməd Davudoğlu haqqında həqarət dəsərcəsinə çatan ifadələr işlədən Libermanın cəzalandırılmasını istəyiblər.
Sənaye və ticarət naziri Bünyamin Ben Eliezer Libermanın açıqlamalarının dəlicəsinə olduğunu, onun nazir vəzifəsinə gəldikdən bəri İsrailə zərər verdiyini, Netanyahunun Liberman problemini həll etməsinin vacib olduğunu söyləyib.
Müxalifətdəki Kadima Partiyasının lideri Tzipi Livne isə "Netanyahu "Liberman öz adından danışır" deyə bilməz" deyə baş naziri tənqid edib. Livne baş nazirin Libermana görə məsuliyyət daşıdığını söyləyib. İsraildəki diplomatik mənbələr baş nazirin Libermanı vəzifədən uzaqlaşdırmaq haqda tələbləri qəbul etmədiyini, ancaq nazirin sözlərindən ciddi şəkildə narahat olduğunu bildiriblər.
Netanyahuya yaxın mənbələr "baş nazir Libermanın açıqlamalarının heç bir şeyə xidmət etmədiyini düşünür, ancaq koalisiya məsələsi var" deyirlər. İsrail mətbuatında yer alan başqa bir iddiaya görə isə, Netanyahunun Libermana qarşı heç bir addım atmamasının əsl səbəbi prokurorluğun Libermanla bağlı korrupsiya ittihamı ilə cinayət işi başlatmağa hazırlaşmasıdır. Netanyahunun bu cinayət işi vasitəsilə Libermandan qurtulmağı planlaşdırdığı iddia edilir.
Məlumata görə, Libermanla bağlı çirkli pulların yuyulması, etimadddan sui-istifadə və korrupsiya ittihamları ilə bağlı akt hazırlanıb və gələn həftə baş prokurorluğa göndəriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB